“Bu gün mənim sevimli əmim, sevimli aktyorum Hacıbaba Bağırovun anım günüdür. Onun haqqında danışmağı özümə borc bilirəm. Çünki Hacıbaba Bağırov fitri istedada malik aktyor idi. Komediya janrının mahir ustası idi. İllər boyu yaratdığı obrazlar tamaşaçılar tərəfindən sevilib, seçilib və tanınıb. Mən fəxr edirəm ki, Hacıbaba Bağırov mənim əmimdir”


Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib. O daha sonra əlavə edib:







“Hacıbaba müəllim haqda danışarkən mütləq “Alma almaya bənzər” filmini də yada salmaq istərdim. Təsadüf belə gətirdi ki, bu filmdə də biz bir yerdə çəkildik.


Rejissor Arif Babayev məni bu filmə çəkilməyə dəvət etmişdi. Orada eşitdim ki, baş rollardan birini Hacıbaba Bağırov ifa edəcək. Unudulmaz günlər idi. Biz Quba, Xaçmaz şəhərlərində çəkilişdə olduq. Bir yerdə xoş günlər keçirirdik. Hacıbaba müəllim daim mənim qayğıma qalırdı. O hər zaman gözəl bir insan olub. Həm xeyirxah idi,həm də təvazökar biri idi” deyə o bildirib.


Cəmil Quliyev “Şirbalanın məhəbbəti” filminin çəkilişlərindən də danışıb:


“1990-cı ildə Hacıbaba Bağırovla bir yerdə işləmək mənə nəsib oldu. “Şirbalanın məhəbbəti” filmini biz birlikdə ərsəyə gətirdik və o, orada baş rolda çəkildi. 45 günə biz həmin filmi çəkdik. Qeyd etmək istəyirəm ki, Hacıbaba Bağırov işsizlikdən çətin vəziyyətə düşmüş “Azərbaycanfilm” kinostudiyasımın 70-dən çox işçisini çətinlikdən xilas etdi. O zaman Azərbaycanda film yaradıcılığı dayanmışdı, Sovet höküməti filmlərə vəsait ayırmırdı, dövlət kinosu ləğv olunurdu. Həmin ağır anlarda Hacıbaba Bağırov bizə dəstək oldu. O vəsait tapdı və biz “Şirbalanın məhəbbəti” filmini çəkdik. Bu film tamaşaçılar tərəfindən də çox sevilir. Bizim sevimli aktrisalarımız Kübra Əliyeva, Həmidə Ömərova da bu filmdə çəkildilər. Unudulmaz günlər, xatirələr idi. Bu filmin çəkilişlərindən 35 il ötüb keçib, amma xatirələri hər zaman mənim üçün doğmadır. Hacıbaba Bağırov təkcə gözəl sənətkar deyil, həm də gözəl dost idi. Xatırlayıram ki, 2005-ci ildə “Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görüləndə məni ilk təbrik edən insan məhz Hacıbaba Bağırov oldu. Çox sevincək vəziyyətdə səhər tezdən zəng vurdu və məni təbrik etdi. Hacıbaba Bağırov hər zaman bizim qəlbimizdə yaşayır və yaşayacaq. Onun kinoda yaratdığı obrazlar Azərbaycan kino salnaməsinin, tamaşaları isə teatr tarixinin parlaq nümunələridir. Bu gün Hacıbaba Bağırovun xatirəsini yaşadan həm də onun sevimli balası Şölədir. Şölə həm təhsilində, həm də işində böyük uğurlar qazanır.


Fürsətdən istifadə edib Şöləyə də uğurlar arzu edirəm. Allah onu xoşbəxt etsin. Çünki o Hacıbaba müəllimin yadigarıdır. İndi istəməsin, onu çox sevirdi” deyə Cəmil Quliyev deyib.


Cəmil Quliyev bildirib ki, heç bir aktyorda Hacıbaba Bağırovun yaradıcılığını, hərəkətlərini görmür və bu mümkün deyil:


“Hacıbaba Bağırovu yamsılamaq, onu təqlid etmək mümkün deyil. O yeganə parlaq bir aktyor idi. Onun yaradıcılığı əlçatmazdır, fərdidir. Hacıbaba Bağırovu heç kim əvəz edə bilməz. O özünəməxsus dəst-xətti, aktyor yozumu ilə tanınan, sevilən bir aktyor idi. O yeganə və əvəzolunmaz aktyor idi” deyə sənətçi bildirib.