“Öncə ədəbiyyatımız və mədəniyyətimiz keçmiş ata-baba yurdlarımıza ayaq açılmalıdır, sonra özümüz getməliyik...”
 




"Qonşu kimi bundan sonra da birgə yaşamağa məhkumuq. Güney Qafqaz müharibə burulğanında boğulmamalıdır..."
 
“Ermənistanla ədəbi əlaqələri qurmaq və genişləndirmək, oraya nüfuz etmək lazımdır. Onlara özümüzü və sözümüzü tanıtmağın vaxtı çoxdan çatıb. Qırx illik zaman kəsiyində ədəbi əlaqələr, demək olar ki, minimuma enib. Əgər mehriban qonşuluq münasibətləri olacaqsa, bu siyasətin başlanğıcını, təməllərini şair və yazıçılar, sənət adamları, media nümayəndələri ata bilərlər. Qonşu kimi bundan sonra da birgə yaşamağa məhkumuq. Güney Qafqaz müharibə burulğanında boğulmamalıdır. Erməni xalqını tərbiyələndirmək missiyasını da bizim yazıçı və şairlər öz bəşəri, fəlsəfi sənət əsərləri ilə öz üzərinə götürməlidirlər. Türk sözünün qüdrəti hər şeyə qadirdir”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında gənc şair-jurnalist Tural Turan səsləndirib.
 
Həmsöhbətimiz hesab edir ki, sülh müqaviləsinə az qaldığı bir vaxtda yumşalma prosesini sənət mühiti başlatmalıdır. Onun fikrincə, bu yolla Qərbi Azərbaycandakı torpaqlara qayıdışın da təməlini qoymaq mümkündür.
 
“Bizdə modern erməni ədəbiyyatı haqqında bilgilər olduqca azdır. Aidiyyəti qurumlar, demək olar ki, modern erməni ədəbi mühitini izləmir. Yeni istedadlı erməni kökənli yazarların əsərləri dilimizə çevrilməlidir.
 
On ildir bu haqda danışıram, yazıram, amma xeyri yoxdur...
 
Azərbaycan kökənli yazarlar İrəvanda, Ermənistan əsilli müəlliflər də Bakıda imza günü keçirməlidirlər. Açığı, mən də İrəvanda erməni oxucularım üçün erməni dilində çap olunacaq kitablarımı imzalamaq istəyirəm.
 
Sülh müqaviləsinə az qalır. Yumşalma prosesini sənət mühiti başlatmalıdır. Onların ədəbiyyatına nüfuz etməyi bacarmalıyıq. Azərbaycan Yazıçılar Birliyinin bu istiqamətdə səriştəsi və imkanları olduqca “məhdud”dur. Bu istiqamətdə addımlar atmağa, görünür, qurumun sovet təfəkkürlü rəhbərliyi ehtiyatla yanaşır. Əgər Mədəniyyət Nazirliyi bu istiqamətdə addımlar atarsa, önündə “Azərbaycan” ifadəsi olan digər yaradıcı təşkilatlar da bu istiqamətdə analoji addımlar ata bilərlər.
 
Zəngəzur, İrəvan, Göyçə uğrunda biz erməni həmkarlarımızla yaxınlaşmalıyıq. Öncə ədəbiyyatımız və mədəniyyətimiz keçmiş ata-baba yurdlarımıza ayaq açılmalıdır, sonra özümüz getməliyik...
 
Daha ətraflı və detallı yazmaq istəmirəm, çünki hələ çox tezdir”, – deyə şair-publisist bildirib.
 
Moderator.az-dan
 
ZƏRURİ ŞƏRH:
 
Təbii ki, sülh sazişi hələ imzalanmamış, onilliklər boyu davam edən qarşıdurmanın, iki müharibənin, işğalın, qətliamların, soyqırımı iddialarının, qaçqınlıq və məcburi köçkünlük, əsirlik və digər ağır humanitar nəticələrin yaratdığı yaralar tam sağalmamış belə bir təşəbbüsün cəmiyyətin bir hissəsi, xüsusən də həmin hadisələrdən birbaşa zərər çəkmiş və ya yaxınlarını itirmiş insanlar tərəfindən birmənalı qarşılanmaması təbiidir.
 
Lakin Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi və gələcəkdə iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivinin müzakirə olunduğu bir şəraitdə humanitar, mədəni və ədəbi əlaqələrin mümkün rolu da nəzərdən keçirilə bilər. Belə əlaqələr, ilk növbədə, qarşılıqlı ünsiyyət və bir-birinin cəmiyyətini daha yaxından tanımaq baxımından əhəmiyyət daşıya bilər. Bununla yanaşı, bu cür proseslərin qarşılıqlı hörmət, tarixi həqiqətlərə yanaşmada məsuliyyət, insan hüquqları və qanunun aliliyi kimi prinsiplər çərçivəsində həyata keçirilməsi vacibdir.
 
Ədəbi və mədəni dialoq siyasi məsələlərin həlli vasitəsi deyil. Ancaq uzunmüddətli perspektivdə xalqlar arasında qarşılıqlı təsəvvürlərin formalaşmasına, stereotiplərin müzakirəsinə və kommunikasiya kanallarının yaranmasına şərait yarada bilər.
 
Tarixdəki bütün müharibələr sonda sülhlə nəticələnib və aralarında bəzən on illərlə savaş aparan dövlətlər bu gün sülh, barışıq, mehriban qonşuluq mühitində yaşayırlar. Məsələn, tarixdə uzun və qanlı qarşıdurmalardan sonra barışıq əldə edən, bununla da siyasi, iqtisadi əlaqələrlə yanaşı, ədəbi, mədəni ünsiyyəti də bərpa etmiş dövlətlər çoxdur. İngiltərə və Fransa yüzillərlə davam edən müharibələrdən sonra bu gün müttəfiq və yaxın tərəfdaş ölkələrdir. Almaniya və Fransa da iki dünya savaşında qarşı-qarşıya gəlsələr də, sonradan Avropanın inteqrasiyasının əsas dayaqlarından birinə çevriliblər. ABŞ və Yaponiya İkinci Dünya müharibəsində düşmən olsalar da, bu gün strateji tərəfdaş və yaxın müttəfiqdirlər. Cənubi Koreya ilə Yaponiya arasında da XX əsrin ağır tarixi mirasına baxmayaraq, diplomatik və iqtisadi münasibətlər davam edir.
 
Digər tərəfdən, ədəbi əlaqələrin genişlənməsi Azərbaycan ədəbiyyatının Ermənistan cəmiyyətində, eləcə də erməni ədəbiyyatının Azərbaycanda daha yaxından tanınmasına imkan verə bilər. Bu baxımdan, əsərlərin qarşılıqlı tərcüməsi, müəlliflərin yaradıcılıq görüşləri və kitab təqdimatlarının keçirilməsi də gələcəkdə müzakirə oluna biləcək istiqamətlərdəndir. Eyni zamanda bilavasitə mədəni, ədəbi əlaqələr qarşı tərəfdən, xüsusilə musiqi sahəsində bu günədək edilmiş plagiat hallarının da qarşısını ala bilər.
 
Sözsüz ki, bütün bunlar tarixi yaddaşın və münaqişənin yaratdığı real problemlərin arxa plana keçirilməsi hesabına deyil, əksinə, həmin həssas məqamlar nəzərə alınmaqla həyata keçirilməlidir...
 
Təqdim etdi:
 
Sultan Laçın