İnsan niyə tamahkarlıq, simasızlıq, yaltaqlıq, dələduzluğa, rüşvətxorluğa yuvarlanır?..-“Ölümün o üzünü görmür..”-I
05 Oct 2026, 14:14 28 baxış 16 dəq oxuma
“İnsanın ölümdən əvvəl cavab verməli olduğu ən böyük suallardan biri “Mən bu dünyada nə qədər var-dövlət topladım?” yox, “Mən bu dünyada insanlığımı nə qədər qoruya bildim?..” sualıdır...”
-FİKİR SAVAŞI...-
“Hədəfdə vicdanlılardır...” başlıqlı ötən silsilə bəhsimizdə bu dünya həyatında azlıq təşkil edən insanların vicdanlı kəsiminin çoxluqda olan vicdansızlar qaraguruhunun hədəfində olmasından danışdıq. Həmin bəhsdə vicdanlıların çox vaxt maddi cəhətdən yoxsul olduğunu qeyd etdik...
Fəqət, çox vaxt insanın ən böyük faciəsi kasıb olması deyil. Ən böyük faciəsi — öləcəyini unutmasıdır.
Bəlkə də bu cümlə ilk baxışda qəribə səslənir. Axı insanın tamahı, yaltaqlığı, rüşvətxorluğu, oğurluğu, dələduzluğu, satqınlığı, xəyanətkarlığı, ikiüzlülüyü, simasızlığı, qorxaqlığı, saxtakarlığı ilə ölümün nə əlaqəsi var?
Çox böyük əlaqəsi var. Hətta bəlkə də düşündüyümüzdən daha böyük...
İnsan niyə başqasının haqqını yeyir? Niyə vəzifə sahibinin qarşısında əyilir, özündən aşağı gördüyünün qarşısında isə lovğalanır? Niyə həqiqəti bildiyi halda susur? Niyə haqsızlığa qarşı çıxmaq əvəzinə haqsızlığın sahibinə yaltaqlanır? Özü də çox vaxt həmin haqsızın nəinki ətrafdakılara, onun özünə qarşı belə, haqsızlıqların, çirkinliklərin başında durduğunu bilə-bilə? Niyə bir tikə artıq çörək, bir kreslo, bir vəzifə, bir fəxri ad, bir mükafat, bir tender, bir imza, bir manat, bir ev, bir maşın, bir imtiyaz naminə vicdanını satışa çıxarır?..
Yalnız fitrətən vicdanlı, fədakar və mənəvi dayaqları möhkəm olan insanlar, qarşılaşdıqları bütün çətinliklərə, ehtiyaclara, hətta yoxsulluğa rəğmən harama, rüşvətə, oğurluğa, yalana, dələduzluğa, sələmə və digər çirkin əməllərə əl atmır, insanlara münasibətdə simasızlaşmır, öz mənliyini maddi qazanca satmırlar...
Belə insanlar maddi baxımdan yoxsullaşa bilərlər, amma mənən yoxsullaşmırlar. Süfrələri kasadlaşa bilər, amma vicdanları kasadlaşmır. Əllərindəki pul azala bilər, amma içlərindəki insanlıq tükənmir. Onlar mənəviyyatsızlığın çirkabına bulaşmamaq naminə bəzən dünya nemətlərindən belə, keçməyi bacarırlar...
Burada çox maraqlı, hətta ilk baxışda paradoksal görünən bir məqam da var: belə insanların hamısı mütləq ibadət əhli olmaya bilər. Hətta Allahın varlığına inanmayan, özünü ateist hesab edən insanlar arasında da son dərəcə vicdanlı, dürüst, fədakar və başqasının haqqına toxunmayan şəxslər var...
Deməli, vicdanın ilkin toxumu insana elə həmin bəzən böyüdükdə inanmadıqları Yaradan tərəfindən fitrətən verilə bilər. İnsan bəzən dini terminləri bilmədən də oğurluğun pis, yalanın çirkin, xəyanətin alçaqlıq, haqsızlığın zülm olduğunu hiss edir. O, Allahın varlığı məsələsində fərqli düşünə bilər, amma fitrətindəki mənəvi ölçü onu başqasının haqqını yeməkdən çəkindirə bilər...
Fəqət burada başqa bir həqiqət də var: fitrət təkbaşına kifayət etmir. Çünki insanın daxilində yaxşılığa meyl olduğu kimi, nəfs, tamah, qorxu, şöhrətpərəstlik, hakimiyyət hərisliyi və dünya sevgisi də var. Fitrət qorunmasa, tərbiyə olunmasa, mənəvi şüur və məsuliyyət hissi ilə möhkəmləndirilməsə, insanın daxilindəki yaxşılıq da zamanla tamahın, qorxunun və mənfəətin altında əzilə bilər.
Təəssüf ki, həqiqi mənada vicdanlı və fədakar insanların sayı çox vaxt cəmiyyətin bütününü dəyişəcək qədər çox olmur. Və bunun nəticəsi ağır olur. Belə olduqda cəmiyyətdə maddi qazanc və hakimiyyət imkanlarının əhəmiyyətli hissəsini mənəvi prinsiplərdən məhrum insanlar ələ keçirə bilirlər. Pulun, vəzifənin və səlahiyyətin qarşısında vicdan deyil, tamah dayanırsa, artıq onun ardınca rüşvət, korrupsiya, oğurluq, dələduzluq, yalan, qanunsuzluq, məddahlıq, yaltaqlıq, ikiüzlülük və simasızlıq gəlir...
Bir müddət sonra isə bu, ayrı-ayrı insanların xarakter problemi olmaqdan çıxır, ictimai xəstəliyə çevrilir.
Ədalətsizlik adiləşir...
Rüşvət “iş görməyin yolu” kimi qəbul edilir...
Yaltaqlıq “ağıllılıq”, “fərasət” sayılır...
Dürüstlük isə bəzən sadəlövhlük kimi təqdim olunur...
Vicdanlı insan uduzan, halal-haram, günah-savab bilməyən isə “bacarıqlı”, “fərasətli” adam kimi görünməyə başlayır...
Ən təhlükəlisi də budur. Çünki bir cəmiyyətdə pislik yalnız pis insanların çoxalması ilə deyil, yaxşı insanların susması və geri çəkilməsi ilə də qalib gəlir.
Beləcə zülm, ədalətsizlik, qanunsuzluq, insanların haqqının tapdanması, rüşvət, korrupsiya, dələduzluq, məddahlıq və yaltaqlıq baş alıb gedir. Və zənnimcə, dünyada baş verən bir çox böyük faciənin, qanlı müharibələrin, zorakı köçkünlüklərin, kütləvi qırğınların və soyqırımların dərin səbəbləri arasında məhz insanın tamahı, hakimiyyət hərisliyi, başqasının haqqını öz haqqından aşağı görməsi və mənəvi məsuliyyət hissini itirməsi də dayanır. Çünki müharibəni də, zülmü də, korrupsiyanı da, soyqırımı da bir günah maşını törətmir. Onu insanlar törədir. Və insan əvvəlcə daxilində başqasının haqqını öz mənafeyindən aşağı qoymağı öyrənir...
Sonra yalan danışır…
Sonra haqsızlığa susur…
Sonra rüşvət alır…
Sonra başqasının haqqını mənimsəyir...
Sonra öz cinayətinə bəraət qazandırır...
Sonra isə elə bir həddə gəlib çatır ki, artıq başqasının həyatını belə öz mənafeyinə qurban verməkdən çəkinmir.
Bəlkə də bütün məsələ elə buradadır:
İnsan mənən öldükcə, dünyada onun əlindən gələn zülmün həddi artır.
Və bəlkə də buna görə insanın ölümdən əvvəl cavab verməli olduğu ən böyük suallardan biri budur:
“Mən bu dünyada nə qədər var-dövlət topladım?” yox, “Mən bu dünyada insanlığımı nə qədər qoruya bildim?..
Niyə insan bəzən insanlığını bir ovuc dünya malına dəyişir?.. Bunun bir səbəbi fitrətdən, yaradılışdan, nəsildən, xarakterdən gələn xüsusiyyətlər ola bilər. Amma tək səbəb bu deyil. Bəlkə də ən mühüm səbəblərdən biri qorxudur...
İnsan böyüyür. Dünyanı tanıyır. Xəstəliyi görür. Yoxsulluğu görür. İtirməyi görür. Ayrılığı görür. Və ən nəhayət — ölümü görür...
Bundan sonra onun daxilində qəribə bir instinkt işə düşür:
Və bu “qorumaq” hissi bəzən elə bir həddə çatır ki, insan özünü qorumaq üçün başqasını əzməyə, satmağa, aldatmağa, rüşvət almağa, rüşvət verməyə, yaltaqlanmağa, məddahlıq etməyə, hətta xəyanət etməyə hazır olur. Çünki o, ölümü həyatın sonu hesab edir. Əgər ölüm hər şeyin sonudursa, onda dünya hər şeydir. Dünya hər şeydirsə, onda pul hər şeydir. Pul hər şeydirsə, vəzifə hər şeydir. Vəzifə hər şeydirsə, onu qorumaq üçün prinsipdən keçmək də “məntiqli” görünməyə başlayır.
Beləcə insan öz-özünə belə bir həyat fəlsəfəsi qurur:
“Bu dünyada bir dəfə yaşayıram. Nə qədər çox götürə bilərəmsə, götürüm. Başqa sözlə, nə qədər mümkünüdür –yeyim-dağıdım, kef edim…”
Və faciə də elə buradan başlayır. Çünki insan ölümün o biri üzünü görmür.
İslamın bizə verdiyi cavab isə çox sərtdir:
“Ölüm son deyil...”
Qurani-Kərim deyir:
“Siz cansız idiniz, O sizə həyat verdi. Sonra sizi öldürəcək, daha sonra yenidən dirildəcək, sonra da Ona qaytarılacaqsınız.”
(Bəqərə, 2:28)
Deməli, insanın hesabı qəbiristanlıqda bitmir. Əksinə, insanın dünya həyatındakı hesabının orada açılacağı bildirilir. Və mömin üçün ölüm yoxluğa atılmaq deyil. Bir aləmdən digərinə keçməkdir.
Quranda daha açıq deyilir:
“Sonra siz bunun ardınca mütləq öləcəksiniz. Sonra da Qiyamət günü dirildiləcəksiniz.”
(Muminun, 23:15–16)
Bəs onda bu qədər tamah nəyədir?..
Bu qədər oğurluq nəyədir?..
Bu qədər rüşvət nəyədir?..
Bu qədər yaltaqlıq nəyədir?..
Bu qədər məddahlıq nəyədir?..
Bu qədər simasızlıq nəyədir?..
Onsuz da gedəcəksən!..
Üstəlik, Quran deyir ki, sadəcə getməyəcəksən — qayıdacaqsan. Və etdiklərinin qarşısında dayanacaqsan.
Hətta zərrə qədər yaxşılıq belə, itmir. Zərrə qədər şər də!..
“Kim zərrə qədər yaxşı bir iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis bir iş görmüşdürsə, onu görəcəkdir.”
(Zəlzələ, 99:7–8)
Fəqət, nə yazıqlar ki, çox vaxt elə kəlməbaşı Allaha, Qurana, Peyğəmbərə(ə.s.), məscidə and içən, İslam dəyərlərinə hörmətdən danışan məxluqlar əslində öz batinlərində istər Allaha, istər Qurana, istər Peyğəmbərə(ə.s.), istərsə də Axirət gününə - Cənnətə, Cəhənnəmə inanmadıqlarından deyilən vicdansız, biabırçı əməlləri törədir, çirkin cinayətlərə əl atırlar…
Halbuki, əgər Allaha, Qurana and içirsənsə, deməli, zahirən də olsa, onlara inanırsan. Allaha, onun göndərdiyi Peyğəmbərlərə, Kitablara , o cümlədən də Qurana inanırsansa, məntiqlə Onun onlar vasitəsilə çatdırdığı hər kəlməyə də inanmalısan… Yox, sən Qurana and içirsənsə, məsciddən, Peyğəmbərdən, İslam dəyərlərindən danışırsansa, ancaq batində bunların heç birinə inanmırsansa, deməli, imansız, vicdansızsan… Və germək əməllərini gördükcə əxlaqla, mənəviyyatla bağlı bütün –sız-süz, suz-süzlə bitən sifətləri sənə aid etmək mümkündür…
…İndi bir anlıq təsəvvür edin:
Bu gün rüşvətlə qazandığınız pulun qarşısında sabah dayanacağınızı bilsəydiniz...
Bu gün haqsız yerə əzdiyiniz insanın haqqının sizdən soruşulacağını bilsəydiniz...
Bu gün yalan danışaraq qazandığınız vəzifənin, deputat mandatının hesabını verəcəyinizi bilsəydiniz...
Bu gün bir yetimin, bir kasıbın, bir işçinin, bir vətəndaşın haqqına girdiyinizi unutmayacağınızı bilsəydiniz...
Yenə də bu saat etdiyiniz əxlaqsızlıqları, mənəviyyatsızlıqları edərdinizmi?..
Məsələ budur…
Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) buyurur:
“Ləzzətləri kəsən ölümü çox xatırlayın.”
Bu hədisin mənası həyatdan bezmək deyil. Ölümü arzulamaq deyil. İnsanın özünü həyatdan məhrum etməsi heç deyil. Əksinə!..
Ölümü xatırlamaq insanın həyatı necə yaşamalı olduğunu xatırlamasıdır. Meneviyyat.az saytında bu mövzuda yazılmış son materialda da “rabitəi-mövt” məhz bu mənada — ölümü şüurda saxlamaq, dünyanın müvəqqətiliyini dərk etmək və əbədi həyata hazır yaşamaq kimi izah edilir.
İnsan ölümü unutduqca dünyanı böyüdür. Dünyanı böyütdükcə tamahı böyüyür. Tamah böyüdükcə vicdanı kiçilir...
Vicdan kiçildikcə yalan böyüyür. Yalan böyüdükcə simasızlıq başlayır. Simasızlıq başlayanda insan hər kəsə başqa üz göstərir.
Birinə yaltaqlanır…
Birinə məddahlıq edir...
Birinə satılır…
Birinə satqınlıq edir…
Birindən rüşvət alır…
Başqasına rüşvət verir...
Və bütün bunları edərkən özünü “ağıllı adam” hesab edir. Halbuki o, sadəcə ölümün o üzünü görməyən ən ağılsız bir adamdır.
Bəs ölüm gerçəkdə nədir?..
Dünya elmi ölüm barədə nə deyir?
Dünyəvi elm ölümə, ilk növbədə, bioloji proses kimi yanaşır. Ürək-damar və tənəffüs fəaliyyətlərinin geri dönməz dayanması, beynin funksiyalarının geri dönməz itirilməsi kimi tibbi meyarlar insanın bioloji həyatının sona çatmasını müəyyənləşdirir. Elm insanın bədəninin necə öldüyünü müəyyən qədər izah edə bilir.
Amma başqa sual var:
İnsan niyə yaradılıb?..
Ölümdən sonra şüur və varlıq məsələsinin son həddi nədir?..
İnsan həyatının mənası yalnız bioloji mövcudluqdanmı ibarətdir?..
Bəs ölümdən sonra bizim ruhumuz – mənimiz hara gedir?..
Elm laboratoriya üsulu ilə bu suallara dini vəhyin verdiyi cavabı verə bilməz. Çünki bunlar artıq metafizik — yəni empirik müşahidənin hüdudlarından kənara çıxan suallardır.
Burada isə səmavi dinlər danışır.
Yəhudilikdə də, xristianlıqda da, İslamda da insanın məsuliyyət daşıyan və Allah qarşısında cavabdeh varlıq olması, ölümün insanın mənəvi taleyini bütünlüklə yox etməməsi ideyası mövcuddur.
İslam isə bunu xüsusilə açıq şəkildə sistemləşdirir:
ölüm — dirilmə — hesab — əbədi aqibət...
Deməli, insanın dünya həyatına münasibəti onun Axirətə münasibətindən ayrı deyil.
“Bu dünyadakı günah və cinayətlərinə görə Axirətdə cəzalanacağına inanmırsan? —Onda oxu!..” başlıqlı ötən yazılarımızdan birində Qiyamətin- Haqq-Hesab Gününün, Axirətin: Cənnət və Cəhənnəmin varlığını məntiqi dəlillərlə isbatlamışıq( )…
Nə yazıqlar ki, “insan” adlanan şüurlu məxluqların çoxu İki Cahanın məntiqi ilə deyil, yalnız bu dünya həyatının məntiqi ilə düşünür və bəzən hətta Allaha inansa belə, onun hər birimizə müttəhim kürsüsündə əyləşdirib mühakimə edəcəyi Böyük Məhkəməsinə inanmır…
Belə insanın bir böyük bəlası da budur:
O, hər gün başqalarının öldüyünü görür, amma öz ölümünü sanki müvəqqəti olaraq təxirə salınmış hadisə hesab edir.
“Filankəs öldü...”
“Filankəs xəstələndi...”
“Filankəs qocaldı...”
Amma içində bir səs deyir:
“Mən hələ yox…”
Məhz bu, “təvəhhümü-əbədiyyət” — insanın özünü sanki uzun müddət, hətta əbədi yaşayacaqmış kimi təsəvvür etməsi illüziyasıdır.
Bunun ardınca “tuli-əməl” gəlir:
“Hələ vaxtım var…”
Sonra tövbə edərəm...
Sonra düzələrəm…
Sonra yaxşılıq edərəm…
Sonra haqqı deyərəm…
Sonra ailəmə vaxt ayıraram…
Sonra kasıba kömək edərəm…
Sonra namaz qılaram…
Sonra...
Amma insanın “sonra”sının zəmanəti yoxdur. Ölümün isə var. Ölüm gələcək vəd deyil. Ölüm gələcəyin zəmanətsizliyidir. Və buna görə insanın əsl sualı “Nə qədər yaşayacağam?” olmamalıdır.
Əsl sual isə:
“Nə qədər yaşasam da, necə yaşayacağam?” olmalıdır…
Bəs çıxış yolu nədədir? İnsanı tamahkarlıq, yaltaqlıq, simasızlıq, dələduzluğa, rüşvətxorluğa və s. yuvarlanmaqdan necə qorumaq olar?
Bu haqda bəhsimizin növbəti hissəsində…