Dünyanın müxtəlif regionlarında davam edən müharibələr və dərinləşən geosiyasi qarşıdurmalar Azərbaycanın yerləşdiyi Cənubi Qafqazda təhlükəsizlik məsələlərini də daim gündəmdə saxlayır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və İran ətrafında müşahidə olunan gərginlik regionun təhlükəsizlik mühitinə təsir göstərən əsas amillərdəndir.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, ətraf coğrafiyada baş verən proseslər yeni risk və çağırışları istisna etmir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın istənilən hərbi təxribata hazır olması ilə bağlı verdiyi mesaj da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının diqqətə çatdırdığı kimi, müasir dövrdə təhlükələr yalnız hərbi müstəvi ilə məhdudlaşmır; informasiya, ideoloji, kibertəhlükəsizlik və digər istiqamətlərdə yeni risklər də meydana çıxır.
Bəs Azərbaycanın yerləşdiyi geosiyasi mühitdə hansı təhlükələr daha real xarakter daşıyır və ölkəmizin bu çağırışlara qarşı xüsusilə hansı istiqamətlərdə hazırlıqlı olması zəruridir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı,Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının Platformasının baş katibi Azər Allahverənov açıqlama verib.
Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edərkən müxtəlif müstəvilərdə mövcud olan potensial təhlükələrlə bağlı mühüm fikirlər səsləndirdi:
"Nəzərə alsaq ki, ölkəmizə qonşu bölgələrdə baş verən münaqişə və müharibələr kifayət qədər uzun müddətdir davam edir və müəyyən mənada çoxsaylı dövlətlərə müxtəlif formalarda təsir göstərir, bu, Azərbaycan Respublikasının təhlükəsizlik sisteminin bütün mümkün təhdidləri neytrallaşdırmağa qadir səviyyədə daim saxlanılmasını zəruri edir.
Burada söhbət yalnız hərbi təhlükələrdən getmir. Daha geniş kontekstdə, müxtəlif istiqamətlərdə yüksək səviyyədə təmin olunan təhlükəsizlik arxitekturasının formalaşdırılması vacibdir. Prezident İlham Əliyev çıxışında təhlükəsizliyin yalnız fiziki müstəvi ilə məhdudlaşmadığını, eyni zamanda ideoloji müstəvidə də müxtəlif basqı və təzyiqlərin mövcud ola biləcəyini vurğuladı.
Bu baxımdan Azərbaycanın təhlükəsizlik sistemi çoxşaxəli olmalı, müxtəlif istiqamətlərdən və sahələrdən yarana biləcək təhlükə və təzyiqləri nəzərə almalıdır.
Son dövrdə informasiya müstəvisində müşahidə olunan təhdidlər də buna nümunədir. İnformasiya təhlükəsizliyinin güclü preventiv mexanizmlər vasitəsilə təmin olunması zəruridir. Eyni zamanda, Azərbaycanın son illərdə daha intensiv şəkildə təmsil olunduğu və bilavasitə iştirak etdiyi inteqrasiya layihələri də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması, eləcə də nəqliyyat-logistika layihələrinin effektiv idarə olunması Azərbaycanın təhlükəsizlik arxitekturasının mühüm istiqamətlərindəndir".
Azər Allahverənov vurğulayıb ki, dünyada və ayrı-ayrı bölgələrdə gedən proseslərə nəzər saldıqda görürük ki, bütün inkişaf strategiyalarının əsasını təhlükəsizlik məsələləri təşkil edir:
"Çünki təhlükəsizlik olmadan sabitliyi təmin etmək olduqca çətindir. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı siyasi reallıq Cənubi Qafqazın bütövlükdə sabitlik məkanına çevrilməsi üçün mühüm zəmin yaradıb.
Eyni zamanda, bu gün Cənubi Qafqazda gedən proseslərə, xüsusilə inkişaf strategiyasına müxtəlif formalarda təsir göstərmək istəyən qüvvələrin fəallığını da müşahidə edirik. Məhz Azərbaycanın yaratdığı sabitlik təhlükəsizlik sisteminin daim effektiv və işlək vəziyyətdə saxlanılmasını zəruri edir.
Müxtəlif qütblərdən və istiqamətlərdən, eləcə də ayrı-ayrı sahələrdən özünü göstərə biləcək təhlükə və təhdidlərin qarşısının alınması Azərbaycanın formalaşdırdığı siyasi reallığın və həmin reallığın qorunmasına xidmət edən təhlükəsizlik sisteminin əsas funksiyalarından biridir. Lakin dünya dəyişir və ənənəvi təhdid və təhlükələr də transformasiyaya uğrayaraq yeni formalarda meydana çıxır.
Müasir dövrdə təhlükələrin xarakteri dəyişir və onlar müxtəlif sahələrdə özünü göstərə bilir.Rəqəmsal transformasiya şəraitində kibertəhlükəsizlik, müxtəlif platformalar üzərindən yayılan dini radikalizm və ekstremizm kimi məsələlər təhlükəsizlik sisteminin nəzərə almalı olduğu yeni çağırışlardandır.
Bir tərəfdən dünyanın sürətlə rəqəmsallaşdığı, müasir informasiya texnologiyalarının və süni intellekt elementlərinin geniş tətbiq olunduğu şəraitdə yeni imkanlar yaranırsa, digər tərəfdən təhlükə yaratmaq imkanları da məhz rəqəmsal platformalarda artır. Bu meyillər daim diqqət mərkəzində saxlanılmalıdır.
Azərbaycanda rəqəmsal inkişaf strategiyasının həyata keçirildiyini nəzərə alsaq, bu istiqamətdə dövlət tərəfindən atılan addımlarda təhlükəsizlik elementlərinin də xüsusi yer tutması vacibdir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə qəbul edilib. Həmin konsepsiyanın müəyyən etdiyi hədəflərin böyük əksəriyyətinə artıq nail olunub".
Deputat əlavə edib ki, xüsusilə torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın suveren hüquqları bütün ərazilərində bərqərar olunub:
"Bundan sonrakı dövrdə həyata keçiriləcək təhlükəsizlik siyasəti isə postmünaqişə reallıqlarını və dəyişən dünyada gedən qlobal prosesləri, xüsusilə rəqəmsal müstəvidə meydana çıxan yeni təhdid və riskləri nəzərə almalıdır. Bu istiqamətdə mühüm işlər həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri də bilavasitə təhlükəsizlik tədbirləri ilə müşayiət olunur. Burada söhbət yalnız ərazilərin minalardan təmizlənməsindən getmir. Eyni zamanda, həmin ərazilərin infrastrukturunun dövrün tələblərinə uyğun şəkildə bərpa edilməsi, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması da bu prosesin mühüm tərkib hissəsidir.
Bu gün artıq 100 minə qədər keçmiş məcburi köçkünün həmin ərazilərə qayıtması, orada təhsil, sosial, səhiyyə və kommunal infrastrukturların yaradılması, xidmətlərin insanların istifadəsinə verilməsi, paralel olaraq məşğulluq imkanlarının formalaşdırılması da təhlükəsizlik məsələsinin kompleks xarakter daşıdığını göstərir.
Bütün bu proseslərdə təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanılması zəruridir. Ümumiyyətlə, istənilən inkişaf prosesinin əsasında təhlükəsizlik dayanır. İqtisadi inkişaf yalnız təhlükəsiz mühitdə mümkün ola bilər.
Bu baxımdan inkişaf strategiyası ilə təhlükəsizlik məsələləri bir-birini tamamlayan iki mühüm istiqamət kimi daim diqqət mərkəzində saxlanılmalıdır. Yeni dövrün tələblərinə uyğun həyata keçirilən Milli Təhlükəsizlik və İnkişaf Doktrinası da məhz bu yanaşmanın əsasını təşkil edir".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor