Bugünlərdə ölkəmizdə keçiilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və


“Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi bütün dünyada böyük marağa səbəb olub. “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 53 ölkədən 280 şirkət və 59 xarici rəsmi nümayəndə heyəti iştirak edib ki, bu da sözügedən sərgiyə olan beynəlxalq marağı əks etdirir. Budəfəki sərgidə dünyanın super gücü olan ABŞ da iştirak edib ki, bu da Azərbaycanda təşkil olunan sərginin dünya dövlətləri üçün əhəmiyyətinin artdığını göstərir.






Qeyd edək ki, sərgidə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya kimi dövlətlər də iştirak edib, Rusiya, Çin, İtaliya, Pakistan kimi böyük dövlətlər milli pailyonlarıya təmsil olunublar.


“Securex Caspian” sərgisində isə əsasən kibertəhlükəsizlik sektoru ilə bağlı ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar öz əksini tapıb ki, bu sərgidə də ciddi yeniliklər nümayiş etdirilib.


Azərbaycan beynəlxalq hərbi sərgilərin ənənəvi təşkilatçısı qismində çıxış edir...


Ölkəmizdə eyni vaxtda iki hərbi sərginin təşkili ölkəmizin beynəlxalq təhlükəsizlik məsələsindəki artan rolundan xəbər verir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan beynəlxalq hərbi sərgilərin ənənəvi təşkilatçısına çevrilməkdədir və bu sərgilərin ölkəmizdə təşkili bütün iştirakçı dövlətlər tərəfindən məmnunluqla qarşılanmaqdadır.


Hərbi sərgilərin ölkəmizdə təşkili və Azərbaycanın bu sərgilərdə öz milli pavilyonu ilə çıxış etməsi ölkəmizin hərbi sənaye məhsullarının dünyada tanıdılması, onların ixracı üçün yeni bazarların tapılması baxımından mühüm əhəmiyyətə malikdir. Hər iki sərgi sübut etdi ki, dünyada Azərbaycanın getdikcə genişlənməkdə olan hərbi sənaye məhsullarına böyük maraq mövcuddur. Ölkəmzidə hərbi sənayenin yaranma tarixi o qədər də böyük olmasa da, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu sektorun sürətlə inkişaf etdiyi göz önündədir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti öz hərbi məhsullarının dünyanın onlarla ölkəsinə ixrac edir, bu sahədə ixtisaslaşan böyük dövlətlərlə uğurla rəqabət aparır.  


Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 30-da hər iki sərgini ziyarət edib. Bundan başqa,  Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub, nümayiş olunan hərbi məhsullarla maraqlanıblar.


Bakı dünya nəhənglərini heyrətləndirməkdə davam edir...


Bakıda keçirilən son hərbi sərgilərdə Azərbaycan istehsalı olan bir sıra yeni döyüş sursatları, silah və texnikalar nümayiş etdirilib ki, oların hamısı öz analoqlarından ciddi üstünlükləri ilə seçilib.


ADEX-2026 sərgisində nümayiş etdirilən yerli məhsullardan biri “MGK MK-82 500 LBS” lazer idarəetməli raketi olub. Çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub və yüksək dəqiqliyi ilə seçilir.


Sərgidə nümayiş olunan yeni silahlardan biri də “SİQR” pilotsuz quru robotu olub. Çəkisi 950 kiloqram olan robot silah daşıma, yaralıların təxliyəsi və yükdaşıma məqsədilə istehsal olunub. “VAŞAQ” zirehli əməliyyat maşını, “Qartal” hərbi-taktiki müşahidə və minaatan PUA-sı və Azərbaycan istehsalı olan digər hərbi texnika nümunələri ADEX-2026 sərgisində uğurla nümayiş etdirilib. Ümumilikdə, Azərbaycan sərgidə 130 adda məhsul sərgiləyib ki, onların hər biri müasir hərb sənayesinin mühüm yeniliklərindəndir.


Birgə hərbi təlimlər türk dünyasının gələcək təhlükəsizliyinə nə vəd edir?


Ölkəmizdə hərbi sərgilərin keçirildiyi bir zamanda diqqət çəkən məqamlardan biri də Azərbaycan, Özbəkistan və Türkiyə respublikalarının hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimlərinin reallaşması oldu. Təlimlərin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə - Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində təşkil olunan tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, ordularının baş qərargah rəisləri, eləcə də digər yüksək vəzifəli qonaqlar iştirak etdi ki, bu da məlum təlimlərin əhəmiyyətindən xəbər verirdi.


Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər hər il mütəmadi şəkildə həyata keçirilsə də, Özbəkistanın bu təlimlərdə iştirakı mühüm yeniliklərdən biri kimi qiymətləndirilə bilər. Bu fakt onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi-siyasi və mədəni əlaqələrlə yanaşı, hərbi əlaqələrin inkişafı istiqamətində ciddi irəliləyişlər müşahidə edilməkdədir. Hansı ki, türk dövlətələri arasında hərbi əlaqə və əməkdaşlığın inkişafı bütövlükdə türk dünyasının təhlükəsizliyi baxımından həyati əhəmiyyətə malikdir. Çünki bu təlimlər hərbi əməkdaşlıq əlaqələrini gücləndirməklə yanaşı, müdafiə naziri Zakir Həsənovun dediyi kimi, “şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə töhfə verir”. Bu baxımdan əminliklə demək olar ki, ölkəmizdə keçirilən istər hərbi sərgilər, istərsə də birgə təlimlər həm milli, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir və respublikamızın önəmli uğurlarından biri kimi qiymətləndirilməlidir.


Seymur ƏLİYEV