“Bu gün Cəbiş kimi müəllimlər yoxdur. Biz dediyimiz müəllimlərin hamısı 80-90-cı illərdə qaldı. Bizim dövrümüzün müəllimləri tamam başqa cür idilər. Şagirdlərə ürəkdən yanaşırdılar, dərsi də ürəkdən keçirdilər. Şagirdləri ilə rəftarları səmimi idi, canlarını az qala onlar üçün qurban verirdilər. İndi mən belə müəllimlər görmürəm. Film 1969-cu ildə çəkilib. O dövrün müəllimləri ilə indiki dövrün müəllimləri arasında yerlə göy qədər fərq var. Sözün düzü indiki müəllimlər ancaq pul üçün işə gəlirlər, maddiyat güdürlər”
Bunu Moderator.az-a açıqlamasında “Cəbiş müəllim” obrazını yaradan Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib.
O daha sonra əlavə edib:
“Atam teatr və kino sahəsində çox obrazlar yaradıb. O faciəvi rolları oynamağı çox sevirdi. Evə gəlirdi, 2-3 gün obrazın təsirindən çıxa bilmirdi. Elə bil həmin obrazla yaşayırdı. Eləcə də “Bizim Cəbiş müəllim” filmində də. Çəkilişlərdən evə gələndən sonra da bir müddət özünü o rolda görürdü. Onda belə hallar çox olurdu” deyə o bildirib.
Sevil xanım bildirib ki, efirlərdə sənətkarlar haqda verilişlər çox azdır:
“Tək öz atamı demirəm, ümumiyyətlə korifey sənətkarlar haqqında sanballı verilişlər yoxdur. İndiki gənclər sənətkarları tanımırlar. Bəzən harasa gedəndə taksidə sürücü ilə söhbət edirəm. Söhbət əsnasında Cəbiş müəllimin qızı olduğumu bilirlər. Cəbiş müəllimi camaat tanıyır. Deyirlər ki, “o filmdən doymuruq, 100 dəfə baxırıq”. Həsən Seyidbəyli bu filmi məxsusi gözəl çəkib. Ona görə də “Bizim Cəbiş müəllim” filmi yaddaşlarda qalıb” deyə o bildirib.