“Müəllimlik şərəfli peşədir. Artıq 25 ilə yaxındır ki, müəllimlik fəaliyyətindəyəm. Tələbələrimə öz övladım kimi münasibət bəsləyirəm. Milli Konservatoriyada istedadlı və perspektivli tələbələrimiz çoxdur. Tək mənim yox, həmkarlarımın da tələbələri istedadlıdır. Əlbəttə ki, bu gün müəllimlik sənətində hövsələ, səbr, dözüm lazımdır. Bizim sənətə gəldiyimiz illərdəki vaxtla indiki dövr tamam fərqlidir. Həm tələbələr dəyişib, həm də müəllimlər. Dəyişməyən təkcə şey müəllimlik sənətinin funksiyası və çəkisidir. Müəllim sözünün özündə belə ağırlıq, sanbal var”


Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.






O daha sonra öz müəllimlərini xatırlayıb:


“Hər müəllimin öz xarakteri, tələbələrə yanaşması var. Mənim iki gözəl müəllimim olub. Əməkdar müəllim Nəriman Əliyev Asəf Zeynallı adına musiqi kollecində mənim muğam müəllimim olub. Muğamın sirlərini ilk əvvəllər ondan öyrənmişəm. Daha sonra Xalq artisti, professor Arif Babayev Milli Konservatoriyada mənim müəllimim olub. Allah onların hər ikisinə rəhmət etsin. Uşaq vaxtından Arif müəllimin səs yazılarına, lentlərinə qulaq asıb, televizorda onu izləyirdik. Asəf Zeynallıda oxuyanda qaçıb konservatoriyaya onun dərslərinə gəlirdim. Arif müəllim mənə ilk olaraq “Xaric segah” oxutdurdu. Sonra dedi ki, “mütləq konservatoriyaya gəlməlisən”. Arif müəllimdən dərs aldım, sonra Opera və Balet teatrında neçə illər çiyin-çiyinə onunla birlikdə səhnəyə çıxdım.  Daha sonra Milli Konservatoriyada pedaqoji fəaliyyətə başladım. Bu gün Arif müəllimi əvəz edən yoxdur. Heç bir şagirdin, tələbənin yadından ustadı çıxmır. Ustadlar bizə yol göstərən, cığır açan insanlardır. Arif müəllimə deyirdim ki, “sən mənim gözümün üstündə gəzdirdiyim bir insansan”. Bu gün müəllimlərinin hər ikisinin ruhu şaddır. Onlar böyük xanəndə ordusu yetişdirib. Onların yoxluğunu mən bu gün hiss edirəm. Hər zaman yerləri görünür. Hər söhbətimdə, sözümdə ustadımdan misal çəkirəm. Klassik muğam sənətində Arif Babayevin öz dəst-xətti var. Arif müəllim həm də bir şəxsiyyət idi. Onun güclü xarakteri var idi. Bir dəfə görmədim ki, Arif müəllim vəzifəli bir adamın qabağına qaçıb, təzim etsin. Hər zaman özləri onunla özləri gəlib salamlaşardı. O bizə bir örnək idi. Biz də tələbələrimizə onu misal çəkirik. İki ildir ki, müəllimlər gününü onsuz keçiririk” deyə sənətkar bildirib.