Daim xəstələnmək və bir infeksiyadan sağalmamış digərinə yoluxmaq həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Lakin tez-tez xəstələnməyin səbəbi hər zaman “zəif immunitet” olmur.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, amerikalı ailə həkimi Neha Vyas bu problemin mümkün səbəblərini “Cleveland Clinic” üçün açıqlayıb.
Xroniki stress
Uzunmüddətli stress orqanizmə mənfi təsir göstərməklə yanaşı, immun sisteminin infeksiyalarla mübarizə qabiliyyətini də zəiflədə bilər. Davamlı emosional gərginlik müxtəlif sağlamlıq problemlərinin yaranma riskini də artıra bilər.
Yuxusuzluq və qeyri-sağlam həyat tərzi
Kifayət qədər fiziki aktiv olmamaq, balanssız qidalanmaq və pis vərdişlər orqanizmin normal fəaliyyətinə və bərpa prosesinə mane ola bilər. Yaş artdıqca immun sistemində təbii dəyişikliklər baş versə də, sağlam həyat tərzi bu prosesdə mühüm rol oynayır.
Viruslarla tez-tez təmas
Bəzi insanların tez-tez xəstələnməsinin səbəbi sadəcə viruslarla daha çox təmasda olmalarıdır. Uşaqlı ailələrdə, ictimai nəqliyyatdan istifadə edənlərdə, tez-tez səyahət edənlərdə və izdihamlı yerlərdə olanlarda infeksiyalara məruz qalma ehtimalı daha yüksəkdir.
Ağız və diş sağlamlığı
Ağız boşluğunda çoxsaylı mikroorqanizmlər yaşayır. Diş və diş əti problemləri ümumi sağlamlığa da təsir göstərə bilər. Buna görə ağız gigiyenasına əməl etmək, dişləri gündə iki dəfə fırçalamaq və mütəmadi olaraq diş həkiminə müraciət etmək vacibdir.
Autoimmun xəstəliklər və dərmanlar
Bəzi autoimmun xəstəliklər zamanı immun sisteminin fəaliyyətini zəiflədən və ya tənzimləyən dərmanlardan istifadə olunur. Xüsusilə bəzi steroid preparatları infeksiyalara həssaslığı artıra bilər.
Bu cür dərmanlardan istifadə edən şəxslər müalicəni həkim məsləhəti olmadan dayandırmamalıdır.
İmmuniteti dəstəkləmək üçün nə etməli?
Mütəxəssislər orqanizmin müdafiəsini dəstəkləmək üçün balanslı qidalanmağı, kifayət qədər yatmağı və müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edirlər. Stressin idarə olunması, şəxsi gigiyenaya diqqət və əllərin müntəzəm yuyulması da infeksiya riskini azaltmağa kömək edə bilər.
Əgər insan qeyri-adi dərəcədə tez-tez xəstələnirsə, infeksiyalar ağır keçir və ya uzun müddət davam edirsə, bunun səbəbini həkimlə araşdırmaq lazımdır. Çünki təkrarlanan xəstəliklər hər zaman immun sistemində problem olduğu anlamına gəlmir.