İsrail zərbəsi nəticəsində Qəzzada Türkiyə humanitar təşkilatının lideri öldürüldü... — FƏRQLİ MÖVQELƏR-FOTO
06 Oct 2026, 07:17 23 baxış 3 dəq oxuma
Qəzza zolağında Türkiyənin "Deniz Feneri" humanitar dərnəyinin ofis rəhbəri Saqr Nəbil Musa Qaysi həlak olub.
Bu barədə Moderator.az xarici KİV-ə və dərnəyin rəsmi bəyanatına istinadla xəbər verir.
Məlumata görə, hadisə 4 oktyabr 2026-cı il tarixində anklavın cənubunda baş verib. İsrail ordusunun avtomobilə endirdiyi hava zərbəsi nəticəsində S.Qaysi həyatını itirib, hadisə zamanı daha 10-dan çox insan yaralanıb.
"Deniz Feneri" dərnəyi ölümü təsdiqlədi...
Türkiyənin Qəzzada fəaliyyət göstərən ən böyük humanitar təşkilatlarından biri olan "Deniz Feneri" öz əməkdaşının ölümünü təsdiqləyib. Təşkilatın bəyanatında bildirilir ki, Qaysi bölgədə ehtiyac sahiblərinə yardımların çatdırılmasında və sahə işlərinin təşkilində xüsusilə aktiv rol oynayan fədakar bir könüllü olub. Dərnək rəhbərliyi həlak olan əməkdaşın ailəsinə başsağlığı verib. BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) məlumatlarına görə, sözügedən dərnək Qəzzada isti yemək paylanması üzrə ən aktiv Türkiyə QHT-sidir və hər gün minlərlə insana yardım edir...
İsrailin ittihamı və Qərb mənbələrinin diqqət çəkdiyi məqam...
İsrail rəsmi dairələri isə hadisə ilə bağlı fərqli iddia irəli sürüb. İsrail tərəfi Saqr Nəbil Musa Qaysinin guya "HƏMAS"-ın silahlı qanadının üzvü olduğunu və 7 oktyabr 2023-cü il hadisələrində iştirak etdiyini iddia edir. Lakin Qərb mediası və müstəqil mənbələr qeyd edir ki, İsrail tərəfi bu versiyanı təsdiqləyəcək hər hansı rəsmi sübut və ya material təqdim etməyib.
Ankaranın rəsmi mövqeyi...
Hadisə ilə bağlı rəsmi Ankaranın mövqeyi hələlik açıqlanmayıb. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən hələlik heç bir rəsmi bəyanat verilməyib. Qeyd edək ki, Türkiyə rəhbərliyi bundan əvvəl İsrailin "İHH" Humanitar Yardım Fondunun könüllülərinə qarşı zərbələrini kəskin şəkildə pisləmişdi, lakin bu son hadisəyə hələlik rəsmi ictimai reaksiya verilməyib...