"Allahın sənə verdiyi ilə Axirət yurdunu qazanmağa çalış, amma dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et...”(Qurani-Kərim)
“İnsanı pislikdən yalnız qanun qoruyurmu, yoxsa onun içində qanundan əvvəl işləyən başqa bir hakim də olmalıdır?..”
"Əslində insanı qoruyan şey yalnız çox şeyə sahib olmaq deyil- kifayət qədər olanla kifayətlənə bilməkdir…"
"İnsan başqasının yerinə özünü qoya bildiyi gün mənəvi baxımdan dəyişməyə başlayır..."
"Bir cəmiyyətin ən böyük bədbəxtliyi təkcə pis insanların olması deyil. Pisliyin mükafatlandırılmasıdır. Sağlam cəmiyyət təkcə cinayətkarı cəzalandırmamalıdır. Dürüst insanı da qorumağı bacarmalıdır. Çünki vicdanlı insanın cəmiyyətdə tək qalması ən təhlükəli vəziyyətlərdən biridir..."
"Əgər bu gün həyatımın son günü olsaydı, etdiklərimdən utanardım, yoxsa onlarla fəxr edərdim? Bəlkə də insanın hər gün özünə verə biləcəyi ən ciddi mənəvi sual budur..."
"İnsanın əsl faciəsi ölməsi deyil. İnsanlığını itirərək yaşamasıdır..."
- FİKİR SAVAŞI... -
Ötən yazımızda insanın tamahkarlığının, yaltaqlığının, rüşvətxorluğunun, dələduzluğunun, simasızlığının və mənəvi çöküşünün səbəbləri arasında ölümü unutması, dünyanı həyatın son məqsədi kimi görməsi və Axirət məsuliyyətini nəzərə almaması səbəbindən qorxuya qapılmasının mühüm yer tutmasından danışdıq.
İndi isə əsas sual qarşıya çıxır:
Bəs insanı bütün bunlardan nə qoruya bilər?.. İnsan nə etməlidir ki, bir gün pula, vəzifəyə, hakimiyyətə, şöhrətə, kresloya, imtiyaza, qorxuya və şəxsi mənafeyinə görə öz vicdanını satmasın?..
Nə etməlidir ki, başqasının haqqını öz haqqından aşağı görməsin? Nə etməlidir ki, güclünün qarşısında əyilib zəifin qarşısında dikəlməsin?..
Nə etməlidir ki, “hamı belə edir” bəhanəsi ilə öz çirkin əməlinə bəraət qazandırmasın?..
Və ən başlıcası:
İnsan öz içindəki tamahı necə məğlub edə bilər?..
Məncə, bunun cavabı bir neçə sadə, amma son dərəcə ağır həqiqətdə gizlənir.
1-ci həqiqət: İnsan özünü aldatmağı dayandırmalıdır...
İnsan mənəvi baxımdan çökəndə ilk itirdiyi şey vicdanı deyil. Çox vaxt ilk itirdiyi şey — özünə qarşı dürüstlüyüdür. Çünki insan oğurluq edəndə özünə “oğruyam” demir... Rüşvət alanda özünə “rüşvətxoram” demir... Yaltaqlananda “mən simasızam” demir… Başqasının haqqını tapdalayanda “zalımam” demir...
O çox vaxt öz cinayətinə başqa ad qoyur:
“O, rüşvət deyil, hədiyyədir...”
“Oğurluq deyil, haqqımı götürdüm...”
“Yaltaqlıq deyil, hörmətdir...”
“Satqınlıq deyil, məcburiyyət idi...”
“Yalan deyil, vəziyyətdən çıxmaq üçün belə deməliydim...”
“Hamı edir...”
“Başqa cür yaşamaq mümkün deyil...”
İnsan əvvəlcə əməlin özünü dəyişmir, əməlin adını dəyişir. Sonra həmin yeni ada inanmağa başlayır. Və beləcə vicdanın səsini susdurur…
Halbuki insanın mənəvi dirçəlişinin ilk şərti budur:
Öz əməlinə doğru ad qoymaq. Oğurluğa oğurluq, rüşvətə rüşvət, yaltaqlığa yaltaqlıq, zülmə zülm, xəyanətə xəyanət, yalana yalan, başqasının haqqını yeməyə — haqq yemək demək…
İnsan öz günahına düzgün ad qoymadıqca, ondan xilas ola bilməz. Çünki xəstəliyini xəstəlik hesab etməyən adam müalicə axtarmır…
2-ci həqiqət: Qanun insanı saxlamalıdır, amma vicdan ondan əvvəl oyanmalıdır…
Cəmiyyətin sağlam olması üçün əlbəttə ki, qanun lazımdır:
Rüşvətxoru cəzalandıran qanun.
Oğrunu cəzalandıran qanun.
Dələduzun qarşısını alan qanun.
Vətəndaşın haqqını qoruyan qanun.
Vəzifədən sui-istifadəyə mane olan qanun.
Bunlar olmadan ədalətli cəmiyyət qurmaq mümkün deyil. Amma başqa bir məsələ də var.
Qanunun görmədiyi yerdə insan nə edir?.. Kimsə onu görmürsə, yenə də haqqı qoruyurmu?.. Kimsə bilməyəcəksə, yenə də oğurluq etmir?.. Rüşvəti heç kim aşkar etməyəcəksə, yenə də əlini uzatmır?.. Başqasının haqqını mənimsəyib bundan heç bir hüquqi məsuliyyət daşımayacağını bilsə, yenə də bundan imtina edir?..
Məhz burada insanın daxilindəki ikinci məhkəmə meydana çıxır:
Vicdan…
Qanun insanın qarşısına hakim çıxara bilər. Vicdan isə insanın özünü öz qarşısında mühakimə edir.
Və bəzən ən ağır məhkəmə də budur. Çünki insan qanundan qaça bilər. Cəmiyyətdən gizlənə bilər. İnsanları aldada bilər. Hətta öz ətrafını da inandıra bilər. Amma öz içindəki həqiqətdən tamamilə qaça bilməz…
3-cü həqiqət: İnsan hər qazancın qazanc olmadığını anlamalıdır…
Bu dünyada çox qəribə bir düşüncə formalaşıb:
“Əlimə keçibsə, deməli, qazanmışam…”
Xeyr… Hər əldə edilən pul qazanc deyil. Bəzən insan pul qazanır, amma əvəzində vicdanını itirir…
Vəzifə qazanır, amma ləyaqətini itirir…
Şöhrət qazanır, amma etibarını itirir…
Mülk qazanır, amma ailəsinin, övladlarının qarşısında mənəvi nüfuzunu itirir...
Bir vəzifə kürsüsü qazanır, amma insanlığından bir parça itirir…
Bəs bunlara qazanc demək olarmı?..
İnsanın qazandığı şey onun həqiqi qazancı deyil, itirdiklərindən sonra əlində qalanıdır...
Əgər insan milyonlar qazanıb, amma bunun müqabilində onlarla insanın haqqını tapdalayıbsa, o, sadəcə var-dövlət toplamayıb. O, həm də öz üzərinə mənəvi borc yığıb…
Əgər bir vəzifə sahibinin kürsüsü yüzlərlə, yüz minlərlə insanın haqqı hesabına qorunursa, həmin kürsü onun böyüklüyünün deyil, əksinə, məsuliyyətinin ölçüsüdür…
İnsan bunu anlamalıdır:
Harama gedən yolun sonunda nə qədər pul olsa da, o yolun özü insanı yoxsullaşdırır…
4-cü həqiqət: Tamahın qarşısını doymaq yox, hədd bilmək alır…
Tamahın ən təhlükəli xüsusiyyəti budur ki, onun “kifayətdir” nöqtəsi çox vaxt olmur.
İnsan deyir:
“Bir az da qazanım...”
Sonra:
“Bir az da yüksəlim...”
Sonra:
“Bir az da səlahiyyət əldə edim...”
Sonra:
“Bir az da varlanım...”
Sonra:
“Bir az da nüfuz qazanım...”
Və insan bir gün baxır ki, həyatının bütün mənası “bir az da” sözünün içində itib…
Əslində insanı qoruyan şey yalnız çox şeyə sahib olmaq deyil- kifayət qədər olanla kifayətlənə bilməkdir…
Qane olmaq - yoxsulluq deyil. Qane olmaq insanın öz nəfsinə “burada dayan” deyə bilməsidir. Çünki nəfsə hər dəfə “bir az da” deyəndə, bir müddət sonra o, “daha çox” tələb etməyə başlayır…
Daha çox pul…
Daha çox vəzifə...
Daha çox şöhrət…
Daha çox hakimiyyət...
Daha çox imtiyaz…
Və nəhayət, insanın “daha çox” arzusu başqasının haqqını yeməyə qədər gedib çıxır...
5-ci həqiqət: İnsan “başqasının haqqı” anlayışını öz həyatının mərkəzinə gətirməlidir…
Bəlkə də mənəvi tərbiyənin ən mühüm ölçülərindən biri budur:
Sənə edilməsini istəmədiyin şeyi başqasına etmə.
Sən rüşvət verib işinin görülməsini normal hesab edirsənsə, düşün:
Bəlkə sənin verdiyin rüşvət üzündən haqq sahibi olan başqa bir insan növbədən kənarda qaldı?..
Sən kiminsə vəzifəsindən istifadə edib bir işi öz xeyrinə həll etdirirsənsə, düşün:
Bəlkə həmin imkan sənin haqqın olmayan bir şeyi əldə etməyindir?
Sən bir insan haqqında yalan məlumat yayaraq onun nüfuzuna zərbə vurursansa, düşün:
Bəs həmin yalan sənin haqqında yayılsaydı?..
Sən işçisinin maaşını gecikdirib milyonlar qazanan sahibkarsansa, düşün:
Sənin ailənin rahatlığı hansı başqa ailənin süfrəsindəki çörəkdən kəsilir?..
Sən bir vətəndaşın haqqını vəzifəndən istifadə edərək tapdalayırsansa, düşün:
Sabah həmin haqsızlıq sənin övladının başına gəlsə, nə hiss edəcəksən?..
İnsan başqasının yerinə özünü qoya bildiyi gün mənəvi baxımdan dəyişməyə başlayır…
Çünki vicdanın ən mühüm xüsusiyyətlərindən biri budur: Öz ağrını başqasının ağrısında görə bilmək…
6-cı həqiqət: İnsanın ətrafı onun mənəviyyatına təsir edir…
İnsan təkcə öz iradəsi ilə formalaşmır. Ətrafındakı insanlar da onu dəyişir. Əgər bir insan hər gün yalan danışanların içindədirsə, bir müddət sonra yalan ona adi görünə bilər...
Əgər hər gün rüşvət alanları görürsə, rüşvəti “sistemin qaydası” hesab etməyə başlaya bilər...
Əgər yaltaqlıq edənlərin yüksəldiyini, dürüstlərin isə kənarda qaldığını görürsə, öz-özünə deyə bilər:
“Deməli, dürüstlük mənasızdır…”
Məhz burada cəmiyyətin məsuliyyəti başlayır. Çünki bir cəmiyyətin ən böyük bədbəxtliyi təkcə pis insanların olması deyil. Pisliyin mükafatlandırılmasıdır.
Yaltaq adam yüksəlirsə, yaltaqlıq artır…
Rüşvətxor rahat yaşayırsa, rüşvət artır…
Dələduz hörmət qazanırsa, dələduzluq artır...
Vicdansız insan “fərasətli” adlandırılırsa, vicdanlı adam öz vicdanından utanmağa başlayır...
Bu isə artıq fərdi mənəviyyat məsələsi deyil. Bu, cəmiyyətin mənəvi iqlimidir. Ona görə sağlam cəmiyyət təkcə cinayətkarı cəzalandırmamalıdır. Dürüst insanı da qorumağı bacarmalıdır. Çünki vicdanlı insanın cəmiyyətdə tək qalması ən təhlükəli vəziyyətlərdən biridir…
7-ci həqiqət: Uşağa varlanmağı yox, halal yaşamağı öyrətmək lazımdır…
İnsanın tamahının kökü çox vaxt uşaqlıqdan başlayır.
Uşağa nə öyrədirik?
“Çox pul qazan.” “Hamıdan üstün ol.” “Yaxşı vəzifə tut.” “Varlı ol.” “Ad çıxar.”…
Bunların heç biri öz-özlüyündə pis məqsəd deyil. Problem o zaman başlayır ki, uşağa bunların necə əldə edilməsinin əhəmiyyətsiz olduğu öyrədilir.
Halbuki uşağa demək lazımdır:
Çox qazan, amma halal qazan…
Vəzifə sahibi ol, amma heç kimin haqqını tapdalama…
Varlı ol, amma kasıbı alçaltma...
Uğurlu ol, amma başqasının uğursuzluğu üzərində yüksəlmə…
Güclü ol, amma gücünü zəifə qarşı istifadə etmə…
Məşhur ol, amma şöhrətinə görə özünü insanlardan üstün hesab etmə…
Çünki uşağa yalnız “nə olmaq” öyrədilərsə, bir gün məqsədinə çatmaq üçün “nə etmək olar” sualının cavabını özü axtaracaq… Amma uşağa vicdan öyrədilərsə, o zaman qarşısına çıxan hər fürsətdə özünə başqa bir sual verəcək:
“Bunu edə bilərəmmi?” yox, “Bunu etməyim doğrudurmu?”
Bu iki sualın arasında böyük fərq var…
8-ci həqiqət: İman yalnız dildə qalmamalıdır…
Əgər insan Allaha inanırsa, bu inam onun davranışında da görünməlidir. Əgər insan Qurana inanırsa, Quranın haqq, ədalət, dürüstlük və məsuliyyət çağırışlarını da ciddi qəbul etməlidir…
Əgər insan Axirətə inanırsa, deməli, dünya həyatındakı heç bir əməlini tamamilə nəticəsiz hesab edə bilməz… Çünki Axirət inancı sadəcə “Cənnət var, Cəhənnəm var” deməkdən ibarət deyil.
Axirət inancı insanın öz-özünə hər gün verdiyi sualdır:
“Bunun hesabını necə verəcəyəm?..”
Bu sual insanın əlini rüşvətə uzanmamışdan əvvəl saxlamalıdır. Dilini yalandan əvvəl saxlamalıdır. Qələmini haqsızlıq yazmamışdan əvvəl saxlamalıdır… İmzasını qanunsuz qərardan əvvəl saxlamalıdır. Vicdanını satmağa hazırlaşdığı anda onu oyatmalıdır…
Əks halda insanın dini sözləri ilə davranışı arasında uçurum yaranır.
Dildə Allah…
Dildə Quran…
Dildə Peyğəmbər…
Dildə Axirət…
Əməldə isə tamah, zülm, rüşvət, yalan, yaltaqlıq, dələduzluq və haqq yemək...
Bu zaman problem artıq sadəcə dini savadsızlıq deyil. Problem insanın inandığını iddia etdiyi dəyərlərlə yaşadığı həyat arasında yaranmış ziddiyyətdir…
9-cu həqiqət: Tövbə insanın keçmişini dəyişmir, amma gələcəyini dəyişə bilər...
İnsan səhv edə bilər. Hətta ağır səhv də edə bilər. Çünki insan mələk deyil. Əsas məsələ heç vaxt səhv etməmək deyil. Əsas məsələ səhvi gördükdən sonra onun içində qalmaqdır.
İnsan bir gün özünə deyə bilər:
“Mən səhv etmişəm.” “Mən kiminsə haqqını yemişəm.” “Mən yalan danışmışam.” “Mən rüşvət almışam.” “Mən kiməsə haqsızlıq etmişəm.” “Mən kiminsə qarşısında yaltaqlanıb başqasının haqqını tapdalamışam.”
Bu etirafların özü çox ağırdır. Fəqət bəzən mənəvi dirçəliş məhz bu nöqtədən başlayır.
İslamda tövbənin mənası da yalnız dil ilə “bağışla” demək deyil… Əgər insanın günahı başqa insanın haqqına toxunubsa, həmin haqqın qaytarılması, zərərin mümkün qədər aradan qaldırılması və insanın davranışını dəyişməsi də məsuliyyətin mühüm hissəsidir… Çünki Allahdan bağışlanma diləyib insanın haqqını qaytarmamaq mənəvi məsuliyyət problemini aradan qaldırmır…
10-cu həqiqət: İnsan ölümü xatırlamalıdır, amma həyatdan qaçmaq üçün yox…
Ötən hissədə dedik:
İnsan ölümün o üzünü görmür... Ancaq ölümün qaçılmaz olduğunu bilir.
Bəlkə də insanın özünü mənəvi cəhətdən tərbiyə etməsinin ən güclü yollarından biri məhz bu həqiqəti unutmamaqdır.
Bir gün bu əl yazmayacaq…
Bu dil danışmayacaq…
Bu göz görməyəcək…
Bu ayaqlar yeriməyəcək...
Bu ev başqasının olacaq…
Bu kürsüdə başqa biri oturacaq…
Bu maşını başqa biri sürəcək…
Topladığın pulun üzərində sənin adın qala bilər, amma həmin pulun sahibi sən olmayacaqsan…
Bəs səninlə nə gedəcək?..
Yalnız əməllərin...
Ona görə insan hər gün özünə bir neçə sual verməlidir:
Bu gün kiminsə haqqına girdimmi?..
Bu gün kiməsə haqsızlıq etdimmi?..
Bu gün bir insanı sırf məndən zəif olduğu üçün alçaltdımmı?..
Bu gün pul üçün vicdanımdan keçdimmi?..
Bu gün yaltaqlıq etdimmi?..
Bu gün haqqı bildiyim halda susdummu?..
Bu gün mənə əmanət edilən vəzifədən şəxsi mənfəətim üçün istifadə etdimmi?..
Bu gün bir insanın həyatını öz rahatlığımdan daha dəyərsiz hesab etdimmi?..
Və ən mühüm sual:
Əgər bu gün həyatımın son günü olsaydı, etdiklərimdən utanardım, yoxsa onlarla fəxr edərdim? Bəlkə də insanın hər gün özünə verə biləcəyi ən ciddi mənəvi sual budur…
Bəs cəmiyyət nə etməlidir?..
Burada yalnız fərddən danışmaq da doğru olmaz. Çünki rüşvət və korrupsiya təkcə “pis insanların” problemi deyil. Ədalətsiz sistemlər, şəffaf olmayan idarəçilik, nəzarətsizlik, cəzasızlıq, vəzifədən sui-istifadəyə imkan verən mühit də bu xəstəliyin böyüməsinə şərait yarada bilər. Ona görə mənəvi sağlamlıqla hüquqi sağlamlıq bir-birindən ayrılmamalıdır.
Cəmiyyətdə:
qanun hamıya eyni tətbiq olunmalıdır;
korrupsiya cəzasız qalmamalıdır;
vəzifə şəxsi varlanma vasitəsinə çevrilməməlidir;
dürüst insanın haqqı qorunmalıdır;
zəif insanın hüququ güclünün iradəsindən asılı olmamalıdır;
dövlət və ictimai institutlarda şəffaflıq gücləndirilməlidir;
uşaqlara və gənclərə yalnız uğur deyil, mənəvi məsuliyyət də öyrədilməlidir;
halal zəhmət və dürüstlük real həyatda da dəyər qazanmalıdır...
Çünki insanlara hər gün “dürüst olun” deyib, həyatda dürüstlüyü cəzalandırmaq olmaz…
Bu zaman söz yox, sistem insanı tərbiyə edir…
Və nəhayət...
İnsanı tamahdan tamamilə qorumaq mümkün deyil.
Çünki tamah insanın nəfsində mövcud ola bilən meyllərdən biridir. Lakin onu idarə etmək mümkündür.
Qorxunu idarə etmək mümkündür. Şöhrətpərəstliyi idarə etmək mümkündür. Hakimiyyət hərisliyini idarə etmək mümkündür. Nəfsi tərbiyə etmək mümkündür. Bunun üçün insanın daxilində bir neçə səs daim canlı qalmalıdır:
“Bu mənim haqqımdırmı?”…
“Bunu etsəm, kiminsə haqqına girəcəyəmmi?”…
“Heç kim bilməsə də, mən bunun doğru olmadığını bilirəmmi?”…
“Sabah ölsəm, bu əməlimlə Allahın qarşısına çıxmağa hazırammı?”…
Və bəlkə də ən mühüm sual:
“Mən bu dünyada nə qoyub gedəcəyəm?”…
Çünki insan dünyadan gedəndə evlərini, avtomobillərini, kreslolarını, pullarını, titullarını özü ilə apara bilmir. Hamısı arxada qalır.
Fəqət insanın başqalarının yaddaşında qoyduğu iz qalır.
Bir yetimin duası...
Bir kasıbın minnətdarlığı...
Bir məzlumun haqqını müdafiə etdiyin gün...
Bir insanın həyatını dəyişən yaxşılığın...
Bir insanı zülmdən qoruduğun an...
Və ya əksinə:
Bir insanın haqqını yediyin gün...
Bir ailəni ağlatdığın gecə...
Bir insanı sırf öz mənafeyin üçün əzdiyin an...
Bir rüşvətlə kiminsə haqqını əlindən aldığın vaxt...
Bütün bunlar insanın həyat kitabının səhifələrinə çevrilir.
İnsan ölür, amma etdiyi əməlin nəticəsi həmişə onunla birlikdə ölməyə bilər.
Bəlkə də buna görə insanın həyatda ən böyük uğuru nə qədər toplaması deyil.
Nəyi qorumasıdır.
Malını yox.
Vəzifəsini yox.
Şöhrətini yox.
Kreslosunu yox.
İnsanlığını…
Çünki insanlığını itirdikdən sonra insanın əlində nə qədər pul, nə qədər vəzifə, nə qədər şöhrət qalırsa-qalsın, onun daxilində ən böyük yoxsulluq artıq baş verib. Və bəlkə də insanın bu dünyadakı ən böyük mübarizəsi başqaları ilə deyil. Öz içindəki insanla — öz içindəki tamahla, qorxu ilə, nəfs ilə, mənfəət hərisliyi ilə apardığı mübarizədir…
Bu mübarizədə insan hər gün iki yoldan birini seçir:
ya vicdanını qoruyur,
ya da özünü itirir.
Çünki insanın əsl faciəsi ölməsi deyil. İnsanlığını itirərək yaşamasıdır...
Və əsl sual da bəlkə budur:
Ölüm gəldiyi gün “nə qədər topladım?” sualına yox, “nə qədər insan qaldım?” sualına hansı cavabı verəcəyik?..
Bəlkə də insanın ölümün o üzündə görəcəyi ən böyük həqiqət məhz bu olacaq:
Dünyada sahib olduğumuzu sandığımız şeylərin çoxu əslində bizə əmanət imiş. Əslində bizə aid olan isə yalnız etdiklərimiz imiş...
Bəs insan bu həyatda tamahdan və mənəvi çöküşdən; yaltaqlıqdan, məddahlıqdan, ikiüzlülükdən, dələduzluqdan və s. necə xilas ola bilər?..
Bəs insanı tamahkarlıqdan, yaltaqlıqdan, rüşvətxorluqdan, dələduzluqdan və simasızlıqdan nə qoruya bilər?..
Əvvəla, insan özünü aldatmaqdan əl çəkməlidir. Rüşvətə “hədiyyə”, yaltaqlığa “hörmət”, başqasının haqqını yeməyə “imkan”, tamaha isə “həyatın reallığı” adı verməklə vicdan susdurula bilməz. İnsan pisliyə əvvəlcə doğru ad qoymağı bacarmalıdır...
İkincisi, qanundan qorxmaq kifayət deyil. Qanunun görmədiyi yerdə də insanın daxilində onu dayandıran bir hakim olmalıdır: vicdan. Çünki insan cəmiyyətdən, hətta qanundan gizlənə bilər, amma öz həqiqətindən qaça bilməz...
Üçüncüsü, insan anlamalıdır ki, hər qazanc həqiqi qazanc deyil. Haram yolla əldə edilən sərvət cibini doldura bilər, amma insanın mənəvi dünyasını boşalda bilər. Vəzifə, pul və şöhrət insanlığın hesabına başa gəlirsə, bu, qazanc deyil, itkidir...
Dördüncüsü, insan ölümü unutmamalıdır. Ölümü xatırlamaq həyatdan qaçmaq deyil; əksinə, həyatı düzgün yaşamaqdır. Bir gün pulun, vəzifənin, kreslonun, evin, maşının arxada qalacağını dərk edən insan başqasının haqqını öz rahatlığına qurban verməkdən çəkinər...
Fəqət insan yalnız Axirəti düşünərək bu dünyanı da unutmalı deyil. İslamın çağırışı nə dünyanı tamamilə tərk etmək, nə də dünyanı həyatın yeganə məqsədinə çevirməkdir. İnsan halal zəhmətlə çalışmalı, ailəsini dolandırmalı, cəmiyyət üçün faydalı olmalı, dünya nemətlərindən istifadə etməli, lakin bunların heç birini Allahın, vicdanın və haqqın fövqünə qaldırmamalıdır...
Qurani-Kərim bu tarazlığı belə ifadə edir:
“Allahın sənə verdiyi ilə Axirət yurdunu qazanmağa çalış, amma dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et...”(Qəsəs surəsi, 28:77)
Deməli, insan həm bu dünyada yaşamağı, həm də Axirətə hazırlaşmağı bacarmalıdır: imanla, halal zəhmətlə, vicdanla, ölçü ilə və insanlığını itirmədən...
Çünki insan adlanan şüurlu məxluqun ən böyük qazancı nə topladığı sərvət, nə tutduğu vəzifədir.
İnsanın ən böyük qazancı — dünyada insan qalaraq Axirətə, Allahın Böyük Məhkəməsinə üzüağ getməsidir...