“Eldənizin 9 yaşı var. 3-cü sinifdə təhsil alır. Dərslərini yaxşı oxuyur. Artıq böyüyür, babasını tanıyır. Babasının filmləri, tamaşaları ilə maraqlanır. Tez-tez yutubda oturub onun filmlərinə, ələxsus da “Mozalan”-a baxır. Digər babası da şəhiddir, onunla da, aktyor babası ilə də fəxr edir”.
 




Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Eldəniz Zeynalovun gəlini İradə Zeynalova deyib.

O daha sonra əlavə edib:
 
“Əlbəttə ki, övlad böyütmək çətindir. Uşaqlar hər şeyin ən yaxşısını istəyirlər. Atası da belə olub. Heç bir dəstək görmürəm. İndi fikirləşin ki, mən dəstəksiz necə övlad böyüdürəm?! Heç nəyini də əskik etmirəm. Dəstəyim olsaydı onu əlavə dərslərə, kurslara yazdırardım. Eldəniz bibisi ilə də danışır, əlaqə saxlayır. Hər kəsin öz problemi var. Yaxşı ki, yaşadığımız ev özümüzündür, kirayə deyil”.
 
İradə Zeynalova bildirib ki, tez-tez həyat yoldaşı Məmməd Zeynalovun məzarını ziyarət edir:

“Bizim ana-bala aramızda çox söhbətlər olur. Həmişə deyir ki, “ana, istəyirəm böyük evimiz, həyətimiz olsun”. Oturub xəyallar qurur ki, böyük evimiz olanda içini necə bəzəyəcəyik, nələr alacağıq. Həyat yoldaşım Məmməd rəhmətə gedəndə Eldəniz ağlamadı. Çox gərgin olmuşdu. Təxminən 15 gün öncə atasının məzarını ziyarət etdik. Orada elə hönkürtü ilə ağladı ki.. Mən özüm də kövrəldim.. Atası üçün çox darıxır. Həmişə ondan danışır. Bilmirəm atası ilə bağlı suallarına nə cavab verim? Arada suallarından qaçıram. Özümə də çox pis təsir edir, kövrəlirəm”, - deyə sənətkarın gəlini bildirib.
 
Qeyd edək ki, Məmməd Zeynalov da atası kimi aktyor idi. O 2021-ci ildə vəfat edib.