Müğənnilər “Laçınım” mahnısının müəllifinin şeirlərini özündən xəbərsiz oxuyurlar: “Kim olduqlarını bilmirəm” - ÖZƏL
06 Oct 2026, 10:38 24 baxış 2 dəq oxuma
“Mən söz yazarıyam. Ən məşhur şeirlərimdən birinə “Laçınım” mahnısı bəstələnib. Bilirəm ki, bu mahnını rəhmətlik Məhəbbət Kazımov o vaxt Əqli Mülkiyyət Agentliyindən qeydiyyatdan keçirmişdi. Məhəbbət müəllim məni onlara Osman Alıoğlu kimi təqdim etmişdi. 2019-cu ildə agentlikdən mənə dedilər ki, “mahnı Osman Alıyev imzası ilə təsdiqlənməlidir”. Yenidən gedib Osman Alıyev imzası ilə təsdiqlətdim. Bu mahnıya qonorar da gəlirdi. 51 faiz söz yazarınındır, 49 faiz da bəstəkarın. 2019-cu ildə mənə çatan qonorarın ordumuzun büdcəsinə köçürülməsinə razılıq verdim”.
Bunu Moderator.az-a açıqlamasında “Laçınım” şeirinin müəllifi, şair Osman Alıoğlu deyib.
O daha sonra şeirlərinin ondan xəbərsiz bəstələnərək, oxunduğunu bildirib:
“Mən şeiri yazmışam, heç marağım da olmayıb ki, nə vaxtsa bu şeirə mahnı yazılacaq ya yox?! “Laçınım” mahnısından başqa 15 şeirimə mahnı bəstələyiblər. Bilirəm ki, bu mahnıları da qeydiyyatdan keçirməyiblər. Şeirlərimi əvvəllər qəzetlərdə çap etdirmişəm. Müğənnilər də, bəstəkarlar da götürüb oradan istifadə ediblər. Bir dəfə gördüm ki, Əməkdar artist Nüşabə Ələsgərli sözlərimə yazılan mahnını ifa edir. Çox da gözəl ifa edirdi. Heç bilmədim ki, bəstəkarı kimdir?! Əlaqə yaratdıq, görüşdük. Bilirəm ki, bu mahnı da qeydiyyatdan keçirilməyib. “Xalq ulduzu” yarışmasının qaliblərindən biri olan Taleh Ələsgərli də 4 şeirimə yazılan mahnını ifa edir. “Saçlarım ağarmasın, neyləsin?” şeirimə də mahnı bəstələyiblər. Bunu da bir çox məşhur müğənni ifa edir. Onların da bəstəkarının kim olduğunu bilmirəm”.