2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə edildi və regionda yeni siyasi reallıqlar formalaşdı.


Bu tarixi Qələbə həm hərbi, həm siyasi, həm də ictimai baxımdan mühüm proseslərin başlanğıcını qoydu. Zəfərin əhəmiyyəti, onun Azərbaycanın dövlətçilik tarixindəki yeri və gələcək nəsillərə çatdırılması isə bu gün də aktual mövzulardandır.






Mövzu ilə bağlı Milli Məclisin deputatı Sevinc Fətəliyeva ilə söhbətləşdik. Deputat 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Qələbəyə aparan yol və Zəfərin Azərbaycanın gələcək inkişafında yaratdığı yeni imkanlarla bağlı fikirlərini Moderator.az-la bölüşüb.


Deputat qeyd edib ki, tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti baş verdiyi zaman çərçivəsinə sığmır. Onlar yalnız müəyyən bir müharibənin nəticəsini deyil, bütöv bir xalqın gələcək inkişaf trayektoriyasını dəyişir, milli şüurun və dövlətçilik düşüncəsinin yeni mərhələsini formalaşdırır:


"2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə məhz belə hadisələrdəndir. Bu Zəfər yalnız torpaqların işğaldan azad edilməsi deyildi. Azərbaycan 30 ilə yaxın davam edən işğala, nəticəsiz danışıqlara və illər boyu qorunub saxlanılan ədalətsiz status-kvoya son qoydu. Dövlət öz milli maraqlarını müdafiə etmək qabiliyyətini, xalq isə tarixi ədaləti bərpa etmək iradəsini nümayiş etdirdi. Bununla da regionda onilliklər ərzində mövcud olmuş siyasi və hərbi reallıq kökündən dəyişdi.


Qələbəyə aparan yol döyüş meydanından çox əvvəl başlamışdı 44 günlük müharibənin nəticələrinin kökləri 2020-ci ilin 27 sentyabrından başlayan hərbi əməliyyatlardan çox-çox əvvələ gedib çıxır. Zəfərin əsasında illərlə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti dayanırdı.


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi imkanlarını artırdı, Silahlı Qüvvələrini müasir tələblər səviyyəsində yenidən qurdu, yeni texnologiyalarla təchiz olunmuş peşəkar ordu formalaşdırdı və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirdi. Azərbaycan heç bir zaman işğal faktını qəbul etmədi və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu ardıcıl şəkildə bəyan etdi. 


2020-ci ilin payızında döyüşlərin başlanması ilə illər boyu yaradılmış bu potensial vahid siyasi və hərbi iradə ətrafında birləşdi. Azərbaycan Ordusu cəmi 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini və Qarabağın tacı olan Şuşanı, həmçinin bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. 


Şuşanın azad olunması isə hərbi, mənəvi və strateji mənada müharibənin taleyini müəyyənləşdirən hadisəyə çevrildi. Bu əməliyyatlar müasir hərb tarixinin diqqətlə öyrənilən nümunələrindən biri oldu".


Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycan Ordusu yüksək texnologiyaların, pilotsuz uçuş aparatlarının, dəqiq kəşfiyyat məlumatlarının və çevik taktiki qərarların klassik döyüş bacarığı ilə vəhdətini nümayiş etdirdi:


"Lakin texnologiyadan da üstün amil Azərbaycan əsgərinin döyüş ruhu, torpağa bağlılığı və Qələbəyə inamı idi. Şuşaya aparan sıldırım qayaları ağır silahlarla deyil, böyük ölçüdə fərdi döyüş hazırlığı və misilsiz iradə ilə aşan Azərbaycan hərbçisi artıq Vətən müharibəsinin rəmzinə çevrilib.


Müzəffər Ali Baş Komandan amili 44 günlük müharibənin ən mühüm xüsusiyyətlərindən biri hərbi, siyasi, diplomatik və informasiya istiqamətlərinin vahid strateji mərkəzdən idarə olunması idi. Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi əməliyyatların strateji rəhbərliyini həyata keçirməklə yanaşı, Azərbaycanın beynəlxalq təzyiqlər qarşısında siyasi iradəsini qorudu.


Döyüş meydanındakı uğurlar diplomatik müstəvidə möhkəmləndirilir, diplomatik mövqe isə ordunun irəliləyişini dəstəkləyirdi.

Azərbaycanın müharibə dövründə nümayiş etdirdiyi siyasi xətt son dərəcə aydın idi: ölkəmiz başqa dövlətin ərazisinə iddia etmirdi, özünün beynəlxalq səviyyədə tanınmış ərazilərində ərazi bütövlüyünü bərpa edirdi. 


Bu prinsipial mövqe beynəlxalq auditoriyaya davamlı şəkildə çatdırılırdı. Məhz buna görə Vətən müharibəsi hərbi əməliyyatlar tarixi olmaqla yanaşı, həm də liderlik, dövlət idarəçiliyi və strateji qərarvermə modeli idi.


İnformasiya cəbhəsində Azərbaycan həqiqətinin qələbəsi Vətən müharibəsinin ayrıca təhlil tələb edən mühüm istiqaməti informasiya müharibəsidir. Müasir dövrdə müharibələr səngər və döyüş meydanı ilə məhdudlaşmır, informasiya məkanı artıq müharibənin ayrıca cəbhəsinə çevrilib.


 Dövlətlərin beynəlxalq ictimai rəyi öz mövqelərinə inandırmaq qabiliyyəti bəzən hərbi nəticələr qədər əhəmiyyət daşıyır".


Millət vəkili onu da əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan bu sahədə də tamamilə yeni kommunikasiya modeli ortaya qoydu:


"Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyi çoxsaylı müsahibələr Azərbaycan həqiqətlərinin qlobal auditoriyaya birbaşa çatdırılmasını təmin etdi. Ən mürəkkəb və bəzən qərəzli suallara tarixi faktlar, beynəlxalq hüquq və siyasi arqumentlərlə verilən cavablar illər boyu Azərbaycan ətrafında yaradılmış yanlış təsəvvürlərin dağıdılmasında mühüm rol oynadı.


Burada prinsipial bir dəyişiklik baş verdi:


Azərbaycan artıq başqalarının onun haqqında danışdığı dövlət deyildi. Azərbaycan öz həqiqətini özü təqdim edən, informasiya gündəliyini özü formalaşdıran dövlətə çevrilmişdi. Milli televiziya və radio məkanı, xəbər agentlikləri, jurnalistlər və digər media subyektləri də həmin günlərdə böyük məsuliyyət daşıyırdı. 


Cəbhədən məlumatların operativ və düzgün təqdim edilməsi, saxta xəbərlərin qarşısının alınması, ictimai ruhun qorunması və beynəlxalq auditoriyaya real vəziyyətin çatdırılması ümumi Qələbənin ayrılmaz hissəsi oldu.


Bu təcrübə göstərdi ki, informasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik anlayışından ayrı təsəvvür edilə bilməz, media isə bu təhlükəsizliyin ön cəbhəsində dayanır.


“Dəmir yumruq” yalnız hərbi anlayış deyildi


Vətən müharibəsinin ən böyük nəticələrindən biri də Azərbaycan cəmiyyətində görünməmiş milli həmrəyliyin formalaşması idi. Siyasi baxışından, sosial mövqeyindən, yaşadığı regiondan asılı olmayaraq, Azərbaycan cəmiyyəti bir amal ətrafında birləşdi. Prezident, Ordu və xalq arasında yaranan birlik “Dəmir yumruq” anlayışına daha geniş məna verdi".


Deputat həmçinin vurğulayıb ki, “Dəmir yumruq” düşmənə qarşı hərbi gücün ifadəsi olmaqla yanaşı, dövlətin siyasi iradəsinin, ordunun qüdrətinin və xalqın milli həmrəyliyinin vahid simvolu idi:


"Məhz bu birlik 44 günlük müharibəni milli tariximizin ən böyük konsolidasiya hadisələrindən birinə çevirdi. Bu baxımdan, Zəfərin ən böyük mənalarından biri azərbaycanlıların öz dövlətinə, ordusuna və milli gücünə münasibətində baş verən dəyişiklikdir. Uzun illər işğal faktının doğurduğu ağrı və məcburi köçkünlük faciəsi ilə yaşayan cəmiyyət qalib xalq psixologiyasına keçdi.


Qələbədən suverenliyə


44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti sonrakı proseslər fonunda daha aydın görünür. 2020-ci ildə əldə edilən Qələbə regiondakı qüvvələr nisbətini və siyasi reallığı dəyişdirdi. Azərbaycan öz torpaqlarının böyük hissəsini hərbi yolla azad etdi, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı — faktiki kapitulyasiya sənədini imzalamağa məcbur oldu, Ağdam, Kəlbəcər və Laçın rayonları isə bir güllə atılmadan Azərbaycana qaytarıldı. Lakin proses bununla başa çatmadı. 


2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan bütün ölkə ərazisində dövlət suverenliyini tam təmin etdi. Beləliklə, 2020-ci ilin Vətən müharibəsi ilə başlanmış tarixi proses öz məntiqi yekununa çatdı. Buna görə 44 günlük müharibənin nəticəsi azad edilmiş şəhər və kəndlərin sayından daha genişdir. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasından tam suverenliyin təmin olunmasına aparan yolun həlledici başlanğıcı oldu.


Zəfərin yeni missiyası


Bu gün artıq qarşıda başqa vəzifə dayanır: Qələbəni gələcək nəsillərə düzgün çatdırmaq. Audiovizual media bu prosesdə xüsusi məsuliyyət daşıyır. Vətən müharibəsinin tarixi arxiv kadrları, hərbi xronika və ildönümü verilişləri ilə məhdudlaşmamalıdır. Onun siyasi, tarixi, diplomatik, mənəvi və informasiya mahiyyəti sistemli şəkildə izah edilməlidir. 


Yeni nəsil bilməlidir ki, bu Qələbə təsadüfən əldə edilmədi. Onun arxasında illərlə qurulan güclü dövlət, hazırlanan müasir ordu, davamlı diplomatik mübarizə, milli həmrəylik və ən əsası, Vətən uğrunda canından keçən şəhidlərimizin misilsiz fədakarlığı dayanır. Bu Zəfərin əsl müəllifləri sırasında ən uca yeri məhz şəhidlərimiz tutur. Azərbaycanın azad edilən hər qarış torpağında onların qanı, hər dalğalanan bayrağında onların müqəddəs xatirəsi yaşayır.


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində adi hərbi qələbədən qat-qat artıq məna daşıyır. Bu, məğlubiyyət mifinin dağıdılması, tarixi ədalətin bərpası, milli ləyaqətin təntənəsi və güclü Azərbaycan dövlətinin öz iradəsini tarixə yazması idi. 


44 gün Azərbaycan xalqının onilliklər boyu gözlədiyi tarixi dəyişdi. Lakin bu Zəfərin ən böyük mənası ondadır ki, o, yalnız keçmişimizi dəyişmədi — Azərbaycanın gələcəyini də dəyişdi".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor 

Parlament müxbiri 


Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük ‘Vətən Müharibəsi’ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.