Qayalıqların arasında ucalan Diri Baba türbəsi və əsrlərin izini bu gün də qoruyan Basqal... Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən media tur Azərbaycan tarixinin, memarlığının, sənətkarlığının və milli mətbəxinin bir-birindən fərqli, lakin bir-birini tamamlayan nümunələri ilə tanış olmaq imkanı yaradıb.
Səfərin ilk ünvanı Qobustan rayonunda yerləşən Diri Baba türbə kompleksi olub. Qaya massivinə sanki təbii şəkildə birləşən abidə ilk baxışdan həm memarlığı, həm də yerləşdiyi landşaftla diqqət çəkir.
Qaya ilə vəhdətdə olan yeddi əsrlik abidə
Diri Baba türbəsinin tarixinin 1402-ci ilə, hicri təqvimlə 805-ci ilə gedib çıxdığı bildirilir. Abidə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa olunub.
İki mərtəbədən ibarət türbənin memarlıq quruluşu onu ətrafındakı qayalıqlardan ayrı təsəvvür etməyə imkan vermir. Tikilinin bir hissəsinin təbii qaya daxilində formalaşması abidəyə özünəməxsus görünüş qazandırır. Ətrafdakı mağaralar, qayalıqlar və orta əsrlərə aid tarixi izlər isə bütövlükdə fərqli bir landşaft yaradır.
Türbənin “Diri Baba” adlandırılması ilə bağlı isə əsrlərdir nəsildən-nəslə ötürülən rəvayət mövcuddur. Rəvayətə görə, burada inzivaya çəkilərək ibadət edən sufi şeyx vəfat etdikdən sonra onun cəsədi uzun müddət çürüməyib. Bu hadisə yerli əhali arasında müxtəlif inancların formalaşmasına səbəb olub və abidə zamanla “Diri Baba” adı ilə tanınıb.
Türbənin ətrafındakı mağaraların da tarixçəsi diqqət çəkir. Məlumatlara görə, həmin məkanlarda vaxtilə sufilər və dərvişlər xəlvətə çəkilərək ibadət ediblər. Bu baxımdan kompleks Azərbaycanın sufi irsi və Xəlvətilik ənənəsi ilə də əlaqələndirilir.
Səyyahların əsrlər boyu dəyişməyən marağı
Diri Baba yalnız yerli ziyarətçilərin deyil, əsrlər əvvəl bölgəyə səfər edən xarici səyyahların da diqqətini çəkib.
XVII əsrdə alman səyyahı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, XVIII əsrin əvvəllərində isə holland səyyahı Kornelius de Bruin türbəni ziyarət edən məşhur səyyahlar sırasında olub. Onların qeydləri və çəkdikləri təsvirlər abidənin keçmiş görünüşünün öyrənilməsi baxımından qiymətli mənbələr hesab edilir.
XIX əsrdə isə Diri Baba elmi tədqiqatçıların diqqət mərkəzinə düşüb. Rus elmi ekspedisiyasının üzvləri, o cümlədən akademiklər Dorn və Bartolomey burada araşdırmalar aparıblar.
Abidənin inşa tarixinin müəyyənləşdirilməsində vaxtilə burada mövcud olmuş daş kitabənin də xüsusi əhəmiyyəti olub. Sonradan kitabənin özü itirilsə də, onun surəti Ermitaj Muzeyində aşkarlanıb. Kitabədə türbənin 1402-ci ildə Şirvanşah İbrahimin əmri ilə inşa edildiyi qeyd olunur.
Bu gün Diri Baba həm tarixi-memarlıq abidəsi, həm də turistlərin maraq göstərdiyi məkanlardan biridir. 2026-cı ilin yanvar-sentyabr aylarında türbəni 12 175 xarici turist bilet alaraq ziyarət edib. Eyni dövrdə 16 040 nəfər isə abidəyə ödənişsiz baş çəkib. Beləliklə, doqquz ay ərzində ümumi ziyarətçi sayı 28 215 nəfərə çatıb.
Diri Babadan Basqala – tarixin canlı izləri
Media turun növbəti ünvanı İsmayıllı rayonunun qədim Basqal yaşayış məskəni olub.
Basqala daxil olduqda burada tarixin yalnız qədim tikililərdə deyil, gündəlik həyatın özündə də qorunduğunu görmək mümkündür. Qədim küçələr, qala, köhnə hamam, bazar meydanı, əsrlərin şahidi olan çinar və ənənəvi sənət nümunələri bir araya gələrək Basqalın özünəməxsus simasını formalaşdırır.
Tarixi İpək Yolu üzərində yerləşən Basqal əsrlər boyu ticarət və sənətkarlıq məkanı kimi tanınıb. Karvansaralar, hamamlar və ticarət məkanları burada şəhər həyatının formalaşmasına təsir göstərib. Misgərlik və kəlağayıçılıq kimi sənət sahələri isə Basqalın adını daha geniş coğrafiyaya yayıb.
Bu gün Basqalın əsas üstünlüklərindən biri qədim sənətlərin yalnız nümayiş etdirilməməsi, onların yaşadılmasıdır.
Kəlağayıdan Basqal halvasına qədər
Media tur iştirakçıları Basqalda kəlağayı sənətinin hazırlanması prosesi ilə də tanış olublar. Burada kəlağayı sadəcə ənənəvi geyim elementi kimi deyil, milli mədəniyyətin rəng və naxışlarda ifadə olunan nümunəsi kimi təqdim olunur.
Basqalın turizm imkanlarını zənginləşdirən digər istiqamət isə yerli mətbəxdir. Media nümayəndələri Basqal halvasının hazırlanması üzrə ustad dərsində iştirak edərək bu ənənəvi şirniyyatın hazırlanma prosesini izləyiblər.
Pip dolmasının hazırlanması ilə bağlı keçirilən təqdimat isə Basqalın kulinariya irsinin başqa bir nümunəsini ortaya qoyub.
Belə təqdimatlar turistə yalnız hazır məhsulu görmək və dadmaq deyil, onun hazırlanma prosesinə şahid olmaq imkanı verir. Bu isə müasir turizmdə getdikcə daha çox əhəmiyyət qazanan autentik təcrübənin yaradılmasına xidmət edir.
Basqalın qonaqpərvərlik ənənələri də bu təcrübənin ayrılmaz hissəsidir. Yerli çay süfrəsi ətrafında keçirilən vaxt, qədim həyətlər, söhbət və milli nemətlər turist üçün məkanla bağlı daha canlı təəssürat yaradır.
Görünməyən tarix də var
Basqalın maraqlı xüsusiyyətlərindən biri onun tarixinin yalnız yerüstü abidələrlə məhdudlaşmamasıdır.
Burada əsrlər əvvəl yaradılmış kanalizasiya sisteminin müəyyən hissələrinin qorunub saxlanılması qədim yaşayış məskənində şəhərsalma mədəniyyətinin səviyyəsi barədə təsəvvür yaradır.
Təxminən XVI əsrə aid olduğu bildirilən qədim çinar isə Basqalın təbii və tarixi mənzərəsinin mühüm elementlərindəndir. Qala, köhnə hamam, bazar meydanı və qədim çinarın eyni marşrut üzərində yerləşməsi Basqalı piyada gəzinti üçün də əlverişli tarixi məkana çevirir.
Tarixi görmək yox, yaşamaq
Diri Baba və Basqalın timsalında bir məqam xüsusilə diqqət çəkir: bu məkanların turizm dəyəri yalnız qədim abidələrlə ölçülmür.
Diri Babada yeddi əsrdən artıq tarixə malik memarlıq nümunəsi, təbii qayalıq və sufi irsi bir araya gəlirsə, Basqalda tarix sənətkarlıq, mətbəx, təbiət və qonaqpərvərliklə tamamlanır.
Turist Basqalda qədim küçələrdə gəzə, kəlağayı hazırlanmasını izləyə, halvanın hazırlanmasına şahid ola, yerli mətbəxin dadlarını kəşf edə və çay süfrəsi arxasında bölgənin həyat tərzi ilə yaxından tanış ola bilər.
Məhz bu xüsusiyyət tarixi məkanları sadəcə ziyarət edilən ünvanlardan fərqləndirir. Burada məqsəd yalnız keçmişi göstərmək deyil, onu müasir turist üçün yaşanılan təcrübəyə çevirməkdir.
Diri Baba qayaların qoynunda əsrlərin yaddaşını qoruyur, Basqal isə qədim küçələri, sənətkarlığı, mətbəxi və insanları ilə həmin yaddaşı yaşatmağa davam edir.
Bu iki məkanın birləşdiyi əsas nöqtə isə dəyişmir: keçmişi qorumaqla onu gələcəyin turizm imkanlarına çevirmək.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor