ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtina edib. Bu qərar Vaşinqtonun Moskvanın Ukraynaya qarşı müharibəsini dayandırmaq məqsədilə iqtisadi təzyiqi artırmaq istiqamətində atdığı əvvəlki addımlarla ziddiyyət təşkil edir.
Moderator.az "Fokus" və digər xarici nəşrlərlə istinadla xəbər verir ki, Tramp oktyabrın 16-da imzaladığı sərəncamla “Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026” qanununda nəzərdə tutulan bir sıra sanksiyaların, məhdudiyyətlərin və gömrük rüsumlarının tətbiqindən imtina edib. O, qərarını ABŞ-ın milli maraqları ilə əsaslandırıb. Bu barədə Ağ Evin rəsmi sənədində bildirilir.
Qeyd edək ki, Tramp cəmi 1 ay öncə- sentyabrın 18-də imzaladığı həmin qanunla Rusiya iqtisadiyyatına təzyiqin gücləndirilməsinə razılıq vermişdi. Sənəd Rusiya rəsmilərinə, banklarına və neft ixracında sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması”na qarşı tədbirləri, eləcə də Rusiya enerji resurslarını alan bəzi ölkələrə yüksək gömrük rüsumlarının tətbiqi imkanını nəzərdə tuturdu.
Lakin Ağ Evin yeni qərarı ilə qanunun bir sıra mühüm müddəalarının tətbiqi dayandırılıb. Bununla belə, sərəncam əvvəlki prezident fərmanları əsasında tətbiq edilmiş bütün Rusiya sanksiyalarını ləğv etmir...
Trampın qərarının arxasında nə dayanır?
ABŞ administrasiyası Rusiyadan dizel yanacağının dünya bazarlarına çıxarılmasına imkan verən razılaşmanı da müdafiə edir. Trampın məqsədinin ABŞ-da yanacaq qiymətlərini aşağı salmaq olduğu bildirilir. Lakin tənqidçilər hesab edirlər ki, bu addım Moskvanın enerji gəlirlərini artırmaqla Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını genişləndirə bilər.
"Reuters"-in məlumatına görə, ABŞ senatorlarının ikipartiyalı qrupu, o cümlədən altı respublikaçı, oktyabrın 13-də Trampı Rusiya dizelinə tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasından imtina etməyə çağırıb.
Beləliklə, Trampın Rusiya siyasətində növbəti ziddiyyət ortaya çıxıb: o, sentyabrda Moskvanı iqtisadi cəhətdən sıxışdırmağa yönəlmiş qanunu imzalasa da, bir ay keçməmiş onun mühüm müddəalarının tətbiqini dayandırıb.
Bu qərar Ukraynaya dəstək tərəfdarlarının narazılığına səbəb olub və buna Tramp tərəfindən növbəti bir rəzalət kimi dəyər veriblər. Onların fikrincə, enerji gəlirlərinin qorunması Rusiyanın müharibə aparmaq imkanlarına xidmət edə bilər. Tramp administrasiyası isə addımlarını ABŞ-ın milli maraqları və yanacaq qiymətlərinin aşağı salınması ilə əsaslandırır.
S.Laçın