Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb.
Moderator.az xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmində məlumat verilib.
28 yaşlı keçmiş mühafizəkar influenser Eşli Sent-Kler Maskla 2023-cü ildə "Twitter" (hazırda "X") sosial şəbəkəsi vasitəsilə tanış olduğunu bildirib. Onun sözlərinə görə, milyarder paylaşımlarına mütəmadi reaksiya verib, hətta Analar Günü ilə bağlı yazısından sonra ona daha çox uşaq dünyaya gətirməyi tövsiyə edib.
O, milyarderi ağıllı, mehriban, lakin olduqca qeyri-adi insan kimi təsvir edib. İddialara görə, Mask onunla övlad sahibi olmaq istədiyini dəfələrlə bildirib və 10 uşaq dünyaya gətirməsini təklif edib. Lakin onların münasibətləri oğulları Romulus dünyaya gəldikdən sonra dəyişib. Filmdə bildirilir ki, Maskın yaxın köməkçisi Cared Birçoll Sent-Klerlə uşağın maddi təminatına dair razılaşma adı altında məxfilik müqaviləsini müzakirə edib.
Sent-Klerin sözlərinə görə, sənəd 15 milyon dollar birdəfəlik ödəniş və 20 il ərzində hər ay 100 min dollar verilməsini nəzərdə tutub. O isə müqaviləni imzalamaqdan imtina edib.
Eşli Sent-Kler 2024-cü ilin sonlarında uşağının doğulduğunu ictimaiyyətə açıqladıqdan sonra, filmdəki məlumata əsasən, aylıq ödəniş əvvəlcə 100 min dollardan 40 min dollara, daha sonra isə 20 min dollara endirilib.
Keçmiş cütlük arasında oğullarının qəyyumluğu ilə bağlı məhkəmə mübahisəsi də davam edir. Sent-Kler uşağın təkbaşına qəyyumluğunun ona verilməsi üçün iddia qaldırıb. Mask isə eyni qərarın öz xeyrinə çıxarılması üçün mübarizə aparacağını bildirib.