Hər bir dövlətin uzunmüddətli inkişafının əsasını ilk növbədə insan təşkil edir. Zəngin təbii sərvətlər, böyük valyuta ehtiyatları, yaradılmış infrastruktur insan kapitalını əvəz edə bilməz. Əgər bir ölkədə əhalinin normal təkrar istehsalı təmin olunmursa - yəni doğum azalırsa, cəmiyyət sürətlə qocalırsa və əmək qabiliyyətli insanların xüsusi çəkisi aşağı düşürsə, bu vəziyyət gec-tez həmin ölkənin iqtisadiyyatına, dövlətin maliyyə durumuna və bütövlükdə milli təhlükəsizliyinə təhdid yarada bilir.
 




Azərbaycanın son onilliklər üzrə demoqrafik göstəricilərinə bu prizmadan baxdıqda kifayət qədər ciddi mənzərə ilə qarşılaşırıq. Ölkədə əhalinin təbii artımı ildən-ilə sürətlə aşağı düşür. Rəsmi statistik rəqəmlər göstərir ki, bu bir və ya bir neçə ilin problemi deyil. Bu sahədə uzun illər ərzində formalaşmış və getdikcə dərinləşən bir “ənənə” yaranıb. Statistik rəqəmlər əhalinin sayının artdığını göstərsə də ölkədə doğulan uşaqların sayı ilbəil kəskin şəkildə azalır, ölüm sayı artır və nəticədə təbii artım sürətlə aşağı düşür.  
 
Müstəqilliyin bərpa edildiyi 1991-ci ildə Azərbaycanda 190,4 min uşaq doğulmuşdu. 2025-ci ildə isə doğulanların sayı cəmi 95,8 min nəfər təşkil edib. Başqa sözlə, 34 il ərzində Azərbaycanda bir ildə doğulan uşaqların sayı 94,6 min nəfər azalıb. Sadə dillə desək, bu gün Azərbaycanda bir il ərzində dünyaya gələn uşaqların sayı müstəqilliyimizin ilk ilindəki göstəricinin təxminən yarısı qədərdir. Bunun əksinə olaraq, həmin dövrdə ölənlərin sayı artıb. Belə ki, 1991-ci ildə ölkədə 44,7 min nəfər vəfat etmişdisə, 2025-ci ildə bu göstərici 59,8 min nəfərə çatıb. Yəni, müqayisə aparılan illər ərzində ölənlərin sayı 15,1 min nəfər və ya 33,8 faiz artıb. Beləliklə 1991-ci ildə Azərbaycanda doğulanlarla ölənlər arasındakı fərq, yəni əhalinin təbii artımı 145,7 min nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm cəmi 36 min nəfərə düşüb. Deməli, müstəqillik illərində ölkə üzrə təbii artım 109,7 min nəfər və ya 4 dəfə azalıb.  
 
Gəlin müstəqillik illərində ölkədəki demoqrafik durumun şəhər və kənd yerlərində necə dəyişdiyinə nəzər salaq. 1991-ci ildə Azərbaycanın şəhərlərində 89,3 min uşaq doğulmuş, 23,2 min nəfər vəfat etmiş və təbii artım 66,1 min nəfər olmuşdu. 2025-ci ildə şəhərlərdə doğulanların sayı 45,3 min nəfərə qədər azalıb, ölənlərin sayı isə 33,8 min nəfərə yüksəlib. Beləliklə, şəhər əhalisinin təbii artımı cəmi 11,5 min nəfər təşkil edib ki, bu da 34 il ərzində şəhərlərdə təbii artımın 5,7 dəfə azalması deməkdir. Əgər mövcud ənənə davam edərsə, yaxın gələcəkdə şəhər əhalisinin təbii artımının sıfıra yaxınlaşması, daha sonra isə mənfi göstəriciyə keçməsi baş verəcəkdir.  
 
Uzun illər Azərbaycanın demoqrafik dayağı hesab olunan kəndlərdə də vəziyyət yaxşı deyil. 1991-ci ildə kənd yerlərində 101 min uşaq doğulmuş, 21,5 min nəfər vəfat etmiş və nəticədə 79,6 min nəfərlik təbii artım qeydə alınmışdır. 2025-ci ildə isə kəndlərdə doğulanların sayı 50,5 min nəfər, ölənlərin sayı 26,0 min nəfər, təbii artım isə cəmi 24,5 min nəfər təşkil edibdir. Beləliklə, kəndlərdə təbii artım 55,1 min nəfər və ya 3,2 dəfə azalaraq 24,5 min nəfər olub. 
 
Ölkədə demoqrafik durumun nə qədər acınacaqlı olduğunu daha aydın görmək üçün indiki durumu keçən əsrin 30-cu illərinin demoqrafik vəziyyəti ilə müqayisə edək. Bu müqayisə olduqca düşündürücü bir mənzərəni ortaya qoyur.
 
1937-ci ildə Azərbaycanın əhalisi cəmi 3,1 milyon nəfər idi. 2025-ci ildə isə əhalinin sayı 10,2 milyon nəfərə çatıb. Yəni əhalimiz 3,3 dəfə artıb. Normal məntiqlə düşünəndə, əhalinin 3,3 dəfə artdığı bir ölkədə doğulanların sayının da əhəmiyyətli dərəcədə çoxalmasını gözləmək olardı. Ancaq reallıq tam olaraq bunun əksini göstərir. Belə ki, 1937-ci ildə 3,1 milyon əhalisi olmuş Azərbaycanda bir il ərzində 110,3 min uşaq dünyaya gəlmişdi. 2025-ci ildə isə 10,2 milyon əhalisi olan Azərbaycanda isə cəmi 95,9 min uşaq doğulub. Yəni ölkə əhalisi 3,3 dəfə artdığı halda, doğulan uşaqların mütləq sayı nəinki artmayıb, əksinə 14,4 min nəfər və ya 13,1 faiz azalıb. Hesab edirəm ki, bu rəqəmlər Azərbaycanın bugünkü demoqrafik vəziyyətinin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur.
 
Gəlin məsələyə bir başqa prizmadan da nəzər salaq. 1937-ci ildə Azərbaycanda hər 1000 nəfərə 35,8 doğum düşürdü. 2025-ci ildə bu göstərici 9,4 qədər azalıb. Deməli, 88 il ərzində Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 3,8 dəfə azalıb. 
 
Bu illər ərzində ölüm göstəricisində müsbət dəyişiklik baş verib. 1937-ci ildə hər 1000 nəfərə 13,2 ölüm düşürdüsə, 2025-ci ildə bu rəqəm 5,8 olub. Bu, səhiyyənin, tibbin, yaşayış şəraitinin və insanların ömür uzunluğuna təsir edən digər amillərin inkişafının nəticəsi kimi qiymətləndirilə bilər. Lakin ölkədə ölüm səviyyəsinin azalması doğumun sürətli geriləməsinin yaratdığı demoqrafik boşluğu kompensasiya edə bilməyib.
 
1937-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən təbii artım 22,6 nəfər olmuşdusa, 2025-ci ildə bu göstərici 3,5 nəfərə qədər azalıb. Yəni müqayisə apardığımız illər ərzində hər 1000 nəfərə düşən təbii artım 6,4 dəfədən çox aşağı düşübdür.  
 
1937-ci ildə cəmi 3,1 milyon əhalisi olan Azərbaycanda  illik təbii artım 69,6 min nəfər təşkil etmişdisə,  2025-ci ildə əhalisi 10,2 milyonu keçmiş Azərbaycanda cəmi 36,0 min nəfərlik təbii artım qeydə alınmışdır. Başqa sözlə, 88 il ərzində ölkəmizdə əhalinin sayı 3 dəfədən çox artdığı halda, illik təbii artım təxminən 2 dəfəyə yaxın azalıb.  
 
Sual olunur, bizi bu qədər acınacaqlı demoqrafik duruma gətirib çıxaran səbəblər hansılardır?
 
Təbii ki, burada məsələni yalnız insanların daha az uşaq istəməsi ilə izah etmək düzgün olmazdı. Demoqrafik davranış insanların yaşadığı sosial-iqtisadi mühitdən birbaşa asılıdır. Müasir ailə üçün ikinci, xüsusilə üçüncü uşağın dünyaya gətirilməsi artıq yalnız mənəvi seçim deyil, eyni zamanda ciddi iqtisadi qərardır. Mənzil problemi, uşağın qidalanması, geyimi, təhsili, səhiyyəsi və digər gündəlik xərclər ailə büdcəsinə kifayət qədər böyük ağırlıqdır. Elə bunun nəticəsidir ki, ailələrin əhəmiyyətli hissəsi bir və ya iki uşaqla kifayətlənməyə üstünlük verir.
 
Digər tərəfdən, nikah yaşının yüksəlməsi də prosesə təsirsiz ötüşmür.  Gənclərin ali təhsil alması, əmək bazarında özünə yer tapması, mənzil və sabit gəlir əldə etməsi üçün indi əvvəlkindən daha çox vaxt tələb olunur. Ailənin daha gec qurulması isə təbii olaraq uşaqların sayına da təsir edir.
 
Urbanizasiya prosesinin yaratdığı problemləri də nəzərdən qaçırmaq olmaz. Əhalinin böyük şəhərlərə, xüsusilə Bakı və Sumqayıta axını fonunda mənzil  qiymətləri, kirayə haqları və gündəlik yaşayış xərcləri ailələrin çoxuşaqlı olmasını iqtisadi baxımdan çətinləşdirir. Digər mühüm məsələ əvvəlki illərdə selektiv abortlar nəticəsində doğulanlar arasında cins nisbətinin pozulmasıdır. Bu proses uzunmüddətli perspektivdə reproduktiv yaşda olan qadın və kişilərin say nisbətinə də təsir göstərir.  
 
Bütün bunların fonunda əsas sual budur - mövcud tendensiya dəyişməsə, Azərbaycanı qarşıdakı 20–25 ildə nə gözləyir?
 
İlk növbədə nəzərə almalıyıq ki, bu gün doğulmayan uşağın demoqrafik və iqtisadi nəticəsi 18–25 ildən sonra əmək bazarında  ortaya çıxır. Bu gün doğulanların sayı azalırsa, sabah əmək bazarına daxil olacaq insanların sayı da azalacaq. Eyni zamanda insanların ömür uzunluğu artdıqca yaşlı əhalinin xüsusi çəkisi yüksələcək. Beləliklə, bir tərəfdən işləyənlərin sayı azalacaq, digər tərəfdən pensiya və səhiyyə sistemindən istifadə edən insanların sayı artacaq. Bu isə artıq yalnız demoqrafik məsələ deyil, dövlətin maliyyə yükünün artması deməkdir.
 
Əmək qabiliyyətli əhalinin azalması ölkə iqtisadiyyatının artım imkanlarına mənfi təsir göstərəcək, işləyənlərin sayının azalması, pensiya yaşında olan insanların sayının artmasına və deməli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşən maliyyə yükünün ağırlaşmasına səbəb olacaqdır. Əhalinin qocalması səhiyyə xərclərini və icbari tibbi sığorta sisteminin maliyyə öhdəliklərini də artıracaq. Demoqrafik geriləmə eyni zamanda milli təhlükəsizlik üçün də bir təhdidə çevriləcəkdir. Doğulanların sayının azalması 18–20 ildən sonra hərbi xidmət yaşına çatan gənclərin sayının azalmasına gətirib çıxaracaqdır.  
 
Məhz buna görə demoqrafik siyasətə yalnız sosial siyasətin bir elementi kimi baxmaq düzgün deyil. Demoqrafiya dövlətin maliyyə-iqtisadi  siyasətinin və milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsinə çevrilməlidir. Mövcud tendensiya uzun müddət dəyişməz qalarsa, Azərbaycan gələcək onilliklərdə təbii artımın sıfıra yaxınlaşması, daha sonrakı mərhələdə isə ölənlərin sayının doğulanların sayını üstələməsi təhlükəsi ilə üzləşə bilər. Bu halda artıq söhbət əhalinin artım tempinin zəifləməsindən deyil, təbii yolla azalmasından gedəcək. Hesablamalar göstərir ki, bu gedişlə 2050-ci ilə ölkədə doğulanların sayı 60 min nəfər ətrafında, ölənlərin sayı isə 85 min nəfərə yaxın olacaqdır. Bu isə əhalinin sayının hər il orta hesabla təqribən 25 min nəfər azalması demək olacaqdır. 
 
Hesab edirəm ki, hökumət  vaxt itirmədən demoqrafik siyasətdə ciddi dönüş etməlidir.  Bu istiqamətdə ən mühüm addımlardan biri uzunmüddətli Demoqrafik Təhlükəsizlik Dövlət Proqramının qəbul edilməsi olardı. Lakin belə proqram yalnız sənəd üzərində qalmamalıdır. Onun mərkəzində ailənin uşaq dünyaya gətirmək qərarına real iqtisadi dəstək dayanmalıdır. Məsələn, üç və daha çox uşağı olan ailələrə ciddi maliyyə dəstəyinin verilməsi, doğuma görə birdəfəlik ödənişlərin əhəmiyyətli şəkildə artırılması, hər yeni doğulan uşağa görə gənc ailələrin ipoteka və mənzil kreditlərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması kimi addımların atılmasının vaxtı artıq çatıbdır. Kənd yerlərində gənclərin məşğulluğunun təmin edilməsi, regionlarda yaşayış və iş imkanlarının genişləndirilməsi, işləyən analar üçün daha elastik iş rejiminin yaradılması, uşaq bağçalarının əlçatanlığının artırılması da demoqrafik siyasətin real iqtisadi alətlərinə çevrilməlidir.  
 
Burada dövlətin qarşısında duran əsas vəzifə insanları daha çox uşaq dünyaya gətirməyə çağırmaq deyil. Əsas məsələ ailələrin ikinci və üçüncü uşağı dünyaya gətirmək qərarının qarşısında dayanan iqtisadi və sosial maneələri mümkün qədər aradan qaldırmaqdır.
 
Rəqəmlər bizə kifayət qədər ciddi xəbərdarlıq edir. Müstəqillik illərində Azərbaycanın illik təbii artımı 145,7 min nəfərdən 36,0 min nəfərə enərək 4 dəfə azalıb. Şəhərlərdə təbii artım 5,7 dəfə, kənd yerlərində isə 3,2 dəfə azalıb. Daha uzun tarixi müqayisədə isə hər 1000 nəfərə düşən təbii artım 1937-ci ildəki 22,6 nəfərdən 2025-ci ildə 3,5 nəfərə enərək 6,4 dəfədən çox azalıb. Ən düşündürücüsü isə budur - 1937-ci ildə 3,1 milyon əhalisi olan Azərbaycanda 110 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə 10,2 milyon əhalisi olan Azərbaycanda 96 minə yaxın uşaq dünyaya gəlibdir.  
 
Bu rəqəmlərə sadəcə statistika kimi baxmaq olmaz. Bu gün doğulan uşaqların sayı 2045–2050-ci illərin əmək bazarının, vergi ödəyicilərinin, pensiya sisteminin maliyyə bazasının, ordunun insan resurslarının və bütövlükdə Azərbaycan cəmiyyətinin gələcək yaş strukturunun göstəricisidir.
 
İnsan kapitalı hər bir dövlətin ən qiymətli sərvətidir, itirildikdən sonra onun bərpası üçün uzun illər tələb olunur. Demoqrafik proseslərin ən təhlükəli xüsusiyyəti də məhz budur – demoqrafik siyasətdə bu gün buraxılan səhvin real nəticəsini cəmiyyət 20–30 ildən sonra görür və həmin vaxt onu düzəltmək olduqca çətin, bəzən isə mümkünsüz olur.
 
Əgər biz 2050-ci ildə iqtisadi cəhətdən güclü, sosial baxımdan dayanıqlı və milli təhlükəsizliyi etibarlı şəkildə təmin edilmiş Azərbaycan görmək istəyiriksə, demoqrafik siyasəti indidən dövlətin ən mühüm sosial-iqtisadi prioritetlərindən birinə çevirməliyik. Sabah gec ola bilər...
 
Fikrət Yusifov,
İqtisad elmləri doktoru, professor