Allah insanın bütün əzalarını ömür boyunca müəyyən bir funksiyanı icra etməsi üçün, yəni işləməsi üçün yaradıb. Əzaları işlətməyəndə və ya düzgün işlətməyəndə onlar mövcud olduqları bədənə xidmət etməkdən imtina edir, bəzən hətta intiqam alır.
Çox illər əvvəl biz yarımavtomat paltaryuyan maşından istifadə edirdik. Sonra tam avtomat maşın aldıq, yarımavtomat bir küncdə qaldı. Günlərin bir günü ona ehtiyacımız oldu, işlətmək istədik, pəri fırlanmadı. Cərəyandan tez ayırmasaydıq, mühərriki yanacaqdı: artıq yanıq qoxusu hiss edilməyə başlamışdı. Usta (həkim!.)çağırdıq, baxıb dedi ki, işi uzundur, bəlkə, heç təmir etmək də mümkün olmayacaq...
İndi o maşın hamam otağında bir küncdə durur. Digər küncdə isə avtomat maşın hər gün və ya günötürə, yaz, yay, payız, qış şən-şən uğuldayaraq fırlanır özü üçün (başqaları üçün də, əlbəttə), həm də ən azı yarım saat...
(Ağlıma gəldi ki, bəlkə, düşüb maşınların şəklini çəkərək onu da yazıya illüstrasiya kimi əlavə edim: məncə, məqamı düşəndə piktoqrafik yazının təsir gücü fonoqrafik yazıdan daha güclü olur).
Hansı səbəbdən yarandı bu yazı? Yaxın günlərdə yuxu rejimi, xüsusilə məktəblilərin yuxu rejimi ilə bağlı bir söhbət olmuşdu. Bu yazı o söhbətin təəssüratı kimi ərsəyə gəldi. Düşünək: aramızda bu gün oyanıb bu gün də yatmağa gedən adamlar çoxdur, yoxsa bu gün oyanıb sonrakı gün yatmağa gedənlər? Məncə, birincilər. Səbəb?.. O qədər... Çoxu da heç səbəb yox, bəhanə... Bu səbəblər, bəhanələr var olduqca yuxu vaxtından oğurluqlar davam edəcək və dincəlmək haqqından məhrum olan əzalarımız tədricən hərəkət etməkdən - işləməkdən "imtina edərək" bizləri də fəal həyat tərzinə həsrət qoyacaqlar. Söz var ki, ziyanlı yolun yarısından qayıtmaq da xeyirdir. Bəs görəsən, biz o yolun harasındayıq?..
İmarət Cəlilqızı