Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi siyasi və iqtisadi imkanları, beynəlxalq əməkdaşlıqda iştirakı və strateji qərarlara təsir göstərmək bacarığı ilə müəyyən olunur. Qlobal iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat marşrutlarının inkişafı və enerji təhlükəsizliyi dövlətlərarası münasibətlərin əsas istiqamətləri sırasındadır.
Bu baxımdan, Azərbaycanın Qələbədən sonra regional proseslərdə artan rolu, Orta Dəhliz və TRİPP ətrafında formalaşan geosiyasi gündəm, eləcə də ölkəmizin Avrasiyadakı mövqeyinin gələcək perspektivləri diqqət çəkir. Bu məsələlər və Azərbaycanın qarşısında duran strateji vəzifələr barədə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Millət vəkili Zahid Orucla həmsöhbət olduq.
Moderator.az həmin müsahibəni təqdim edir.
— Mərkəzi Asiyanın vahid geosiyasi məkana çevrilməsi, ABŞ, Çin və Avropa İttifaqının regionda artan maraqları və Azərbaycanın bu məkana tamhüquqlu iştirakçı kimi qoşulması yeni geosiyasi reallıqları necə formalaşdırır? Bu proses Azərbaycanın Vətən müharibəsindəki Qələbədən sonra qazandığı mövqeyi, Türküstanla Cənubi Qafqaz arasında siyasi-iqtisadi əlaqələri, regional təhlükəsizliyi və Qarabağın bərpası perspektivlərini hansı istiqamətdə dəyişir?
— Mərkəzi Asiyanın vahid geosiyasi məkana çevrilməsinin institusional əsasları 2017-ci ildən formalaşmağa başlayıb. Əsas məqsəd regionun problemlərini və gələcəyini xarici vasitəçilərin iştirakı olmadan, ilk növbədə, dövlətlərin öz aralarında müzakirə edib həll etməsi idi. Çoxəsrlik tarixə malik olan, Sovetlər Birliyinin dağılmasından sonra Qərb, Çin, Türkiyə və Rusiya arasında gələcəyini müəyyənləşdirməyə çalışan müstəqil dövlətlər son illərdə bütövlükdə hansı qlobal iqtisadi və siyasi sistemə qoşulacaqlarını müəyyənləşdirməyə çalışırlar.
Doqquz ildir formalaşdırılan C5 regional formatı beynəlxalq dairələrdə mühüm təsisat kimi qəbul edilir. Ondan iki il əvvəl ABŞ-ın yaratdığı C5+1 platforması əvvəlcə təhlükəsizlik, Əfqanıstan və sərhəd problemlərinə yönəlmişdi. Hazırda isə kritik minerallar, enerji, nəqliyyat və təchizat zəncirləri məsələləri ön plana çıxarılıb.
Lakin Mərkəzi Asiyanın əhəmiyyəti təkcə təbii sərvətləri ilə ölçülmür. Region Çin, Rusiya, Cənubi Qafqaz, İran, Əfqanıstan və Xəzər arasında yerləşən böyük siyasi məkandır. Hansı qlobal güc və ya qonşu dövlət bu strateji coğrafiyada etibarlı nəqliyyat, enerji və rəqəmsal şəbəkələr qurmağı bacararsa, Avrasiyada həlledici təsir imkanları qazana bilər.
Avropa İttifaqının siyasətində də oxşar prinsiplər və maraqlar mövcuddur. 2025-ci ilin aprelində Səmərqənddə keçirilən ilk Avropa İttifaqı–Mərkəzi Asiya sammitində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı, Brüssel isə 12 milyard avroluq Global Gateway paketini elan etdi. Transxəzər nəqliyyat infrastrukturu üçün 10 milyard avroluq beynəlxalq investisiya paketinin səfərbər edilməsi barədə qərarların verilməsi bu istiqamətdə praktiki addımların atıldığını göstərir. Məqsəd Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımalarının müddətini 15 günə və ya daha aşağı səviyyəyə endirməkdir.
Brüssel Mərkəzi Asiyanı Rusiya ilə Çin arasında yerləşən təhlükəsizlik buferi kimi görür. Lakin Avropanın Mərkəzi Asiyaya birbaşa çıxışı yoxdur. Moskvadan yan keçən əsas qərb marşrutu Xəzərdən və Cənubi Qafqazdan keçməlidir.
Çin isə regionu tarixən öz iqtisadi və mədəni arealının bir hissəsi hesab edir. Si Tzinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Çinlə beş Mərkəzi Asiya ölkəsi arasında mal dövriyyəsinin ilk dəfə 100 milyard dolları keçməsi Pekinin tarixi maraqlarını və əlaqələrini qoruyub saxladığını göstərir.
Məhz belə bir şəraitdə Azərbaycan Mərkəzi Asiyanın geosiyasi məkanına daha dərindən daxil olmaq qərarı verdi. Vətən müharibəsində Qələbədən sonra ölkəmiz yeni geosiyasi status qazandı və post-işğal strategiyasını daha güclü şəkildə həyata keçirməyə başladı. 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edildi. Beləliklə, dördü türk dövləti olan birliklə Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi məkan formalaşdı.
Tarixən qlobal güclər arasında Xəzərin iki sahilini birləşdirən tərəflər yalnız müxtəlif imperiyalar olub. İndi isə İlham Əliyev qətiyyətli iradə göstərərək Qələbənin coğrafiyasını genişləndirməyə, daha çox dövlətin maraqlarını Bakının təşəbbüsləri ətrafında birləşdirməyə çalışır. Əslində, iqtisadi və tranzit layihələri ilə yanaşı, təhlükəsizlik baxımından da Cənubi Qafqazın taleyi Türküstan coğrafiyası ilə sıx bağlıdır. Min illər ərzində İpək yolunun keçdiyi əraziləri yenidən dirçəltmək və xalqları birləşdirmək böyük siyasi-iqtisadi imkanlar tələb edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması tarixi hadisədir. İşğal dövründə isə Küveyt dövlətinin ərazisinə bərabər coğrafiyada kommunikasiyalar münaqişənin girovuna çevrilmişdi. İndi vəziyyət köklü şəkildə dəyişib və bölgədə yeni geosiyasi reallıq yaranıb. ABŞ birinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış qüvvələr nisbətini, Moskva və İranın regionda ənənəvi nüfuz zonalarına malik olduğunu yaxşı bilirdi. Lakin müharibə geosiyasi inqilaba çevrildi və otuz illik məğlubiyyət üzərində qurulmuş arxitekturanı iflasa uğratdı.
Oktyabrın 8-də Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşü Azərbaycanın yeni geosiyasi statusunun ifadəsidir. Prezident İlham Əliyev Avazadakı toplantıda ilk dəfə ölkəmizin tamhüquqlu iştirakçı statusunu xüsusi vurğuladı. Beləliklə, Xəzərin iki sahilində yerləşən dövlətlər vahid siyasi platformada birləşirlər. Azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakı siyasi yaxınlığın mühüm göstəricilərindəndir. Bununla belə, qardaş və dost ölkələrin iqtisadi imkanları, xalqlarımızın dərin tarixi bağları azad Qarabağın bərpasında daha geniş iştirakını tələb edir. Təkcə onu demək kifayətdir ki, C5 ölkələrinin ümumi nominal ÜDM-i 2025-ci ilin göstəricilərinə görə 540 milyard dollardan artıqdır. Azərbaycanla birlikdə böyük iqtisadi güc formalaşır.
— Orta Dəhlizlə TRİPP-in inteqrasiyası Azərbaycanın irəli sürdüyü regional strategiyanın əsas dayaqlarından birinə çevrilə bilərmi? Vaşinqton Zirvəsinin nəticələri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü, Ermənistanın regional nəqliyyat və ticarət əlaqələrinə qoşulması, eləcə də ABŞ, Türkiyə, Çin, Avropa İttifaqı, Rusiya və İranın maraqları nəzərə alınarsa, bu layihələrin Avrasiyanın nəqliyyat xəritəsinə, sülh prosesinə və regional təhlükəsizliyə təsiri necə qiymətləndirilə bilər?
— 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton Zirvəsi ilk dəfə ABŞ-a Ermənistan–Azərbaycan normallaşması prosesində müstəsna söz sahibi olmaq imkanı verdi. Bununla yanaşı, barış prosesini nəqliyyat və iqtisadi layihələrlə möhkəmləndirmək üçün şərait yarandı. Ağ Evin rəsmi bəyanatında tarixi görüşün nəticələri strateji layihələrlə əlaqələndirilir. Deməli, Vaşinqton üçün TRİPP Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi məkanını vahidləşdirən genişmiqyaslı plandır. Orta Dəhlizlə TRİPP-in birləşdirilməsi isə Amerikanın regiondakı siyasətinə təsir göstərmək üçün güclü rıçaq yarada bilər.
Orta Dəhliz, yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin və Mərkəzi Asiyanı Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır. Uzun müddət qitələri birləşdirən bu marşrut alternativ xətt kimi təqdim edilirdi. Ukrayna müharibəsindən, Rusiyaya qarşı sanksiyalardan, Qırmızı dəniz və İran ətrafındakı təhlükəsizlik risklərindən sonra isə alternativ marşrutun mövcudluğu özlüyündə strateji üstünlüyə çevrilib. Dünya Bankının qiymətləndirməsinə görə, 2040-cı ilə qədər Transxəzər dəhlizi üzrə ticarət həcmi üç dəfədən çox arta bilər.
Türkmənbaşı görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təklifi layihələrin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan liderinin Orta Dəhlizlə TRİPP-in inteqrasiyasını irəli sürməsi təkcə iştirakçı dövlətlərin deyil, yeni tranzit və kommunikasiya layihələrindən faydalana biləcək daha böyük dövlətlərin də qarşısında imkanlar açır. Zəfərdən sonra Azərbaycanın əsas məqsədlərindən biri otuz il qapalı qalan regionun dünyaya inteqrasiyasıdır.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bölgənin inkişafını ləngidən amillər keçmiş işğalın yaratdığı regional təhlükələr və beynəlxalq iqtisadi-ticarət zəncirinə natamam qoşulma olub.
TRİPP–Zəngəzur dəhlizi tarixi məna daşıyan layihədir. Əslində, İkinci Qarabağ müharibəsinin yekununda imzalanmış üçtərəfli Bəyannamə ilə işğal altında olmuş torpaqlarla yanaşı, bir əsr əvvəl parçalanmış regionun yenidən birləşməsi üçün də zəmin yaranıb. İndi Rusiya, Pers, Qərb və Osmanlı arasında bölüşdürülmüş ərazilərin taleyi və statusu dəyişir. ABŞ-ın liderliyi ilə Azərbaycanın açdığı yolların və irəli sürdüyü strateji planların reallaşması regionun geosiyasi çəkisini artırır.
Cənubi Qafqazın müharibə keçmişini geridə qoymaq və sülh erasına başlamaq üçün yeni iqtisadi-ticarət xəritəsi yaradılmasa, xalqlar yenidən silahlı toqquşmaya qayıda bilərlər. Orta Dəhlizlə TRİPP-in inteqrasiyası güc mərkəzləri arasında maraqlar birliyinin formalaşmasına və gələcək təhlükəsizliyin təmin olunmasına xidmət edir. Təsadüfi deyil ki, Carnegie Europe mərkəzi Azərbaycanın planlarını “Cənubi Qafqazın yenidən şəbəkələndirilməsi” adlandırır.
Tokayevin ifadə etdiyi, Azərbaycanın müəllifi olduğu və ABŞ-la Çinin maraqlarının toqquşmadığı layihə gerçəkləşərsə, Orta Dəhlizin Qərbə çıxışında ikinci mühüm alternativ yaranar. Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Ermənistan–Türkiyə–Avropa xətti neft-qaz kəmərlərindən sonra yeni arteriyaya çevrilə bilər.
TRİPP-in reallaşması istiqamətində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İranın xarici işlər naziri Abbas Arakçı ilə görüşü Tehran hakimiyyətinin müqavimətini azaltmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər.
Layihə işlək regional iqtisadi xəttə çevrilərsə, Ermənistan da Şərq–Qərb ticarətindən daimi fayda götürən tərəflərdən biri olacaq. Sülhün təminatı baxımından İrəvanın hər gün işləyən dəmir yolu və ticarət əlaqələrinə qoşulması onun İran və Rusiyanın nüfuz dairəsindən çıxmasında müstəsna rol oynaya bilər.
— Bütün bu proseslərin davamı olaraq, İlham Əliyev və Donald Trampın iştirakı ilə Orta Dəhliz–TRİPP sammitinin Bakıda keçirilməsi hansı strateji əhəmiyyət daşıyır və belə bir zirvə Azərbaycan üçün hansı yeni imkanları yarada bilər? Sammitin mümkün iştirakçıları, beynəlxalq investisiyaların cəlbi, ABŞ prezidentinin Bakıya mümkün səfərinin tarixi əhəmiyyəti və Azərbaycanın diplomatik hədəfləri baxımından bu təşəbbüs ölkəmizin Avrasiyanın əsas geosiyasi və geoiqtisadi qovşaqlarından birinə çevrilməsinə, regionda davamlı sülhün və yeni təhlükəsizlik arxitekturasının formalaşmasına necə töhfə verə bilər?
— Yeni strategiyanın həyata keçirilməsi üçün yaxın gələcəkdə Orta Dəhliz–TRİPP sammitinin ABŞ və digər maraqlı tərəflərin birgə iştirakı ilə məhz Bakıda keçirilməsi təklif olunur. Belə bir zirvə sülh müqaviləsinin imzalanmasından əvvəl güclü etimad və iqtisadi dayaqların qurulmasına beynəlxalq dəstək və möhkəm zəmanət verə bilər. Nüfuzlu maliyyə institutları Donald Trampın adı ilə əlaqələndirilən və Azərbaycan liderinin yeni dünya nizamı, regional və beynəlxalq təhlükəsizlik arxitekturası baxımından irəli sürdüyü layihəyə sərmayə qoyarkən risk görməyə bilərlər.
Mümkün Bakı Zirvəsinin gündəliyi sülh danışıqlarından daha geniş ola bilər. Perspektiv sammitdə Azərbaycan, Ermənistan və ABŞ-la yanaşı, Qazaxıstanın və digər Mərkəzi Asiya dövlətlərinin, Türkiyənin, Gürcüstanın, Avropa İttifaqının və Dünya Bankı kimi maliyyə institutlarının iştirakı Orta Dəhlizlə TRİPP-i qitələrarası qovşağa və Qafqazda daimi təhlükəsizlik platformasına çevirə bilər.
Yeni dünya düzəni SSRİ-nin süqutunun başlandığı tektonik məkanda formalaşmağa başlaya, daha sonra Rusiya–Ukrayna müharibəsi və İran ətrafındakı qlobal gərginliyin həlli üçün də nümunə yarana bilər.
ABŞ liderinin son illərdə TRİPP layihəsinə xüsusi maraq göstərməsi, Prezident İlham Əliyevin regional və beynəlxalq nüfuzunu dəfələrlə yüksək qiymətləndirməsi, eləcə də layihənin investor şirkətin seçilməsi, texniki əsaslandırma və digər vacib hazırlıq mərhələlərində olması Donald Trampın əyani iştirakının prosesə təkan verə biləcəyi fikrini önə çıxarır. Belə bir səfər regionun gələcəyinə əhəmiyyətli təsir göstərə bilər.
Corc Buşun Gürcüstanda baş vermiş inqilabdan sonra Tbilisiyə səfəri istisna olmaqla, Ağ Ev rəhbərlərindən heç biri Cənubi Qafqaza, o cümlədən Bakıya gəlməyib. Lakin 2003-cü ilin Qızılgül inqilabından fərqli olaraq, İlham Əliyevin 2020-ci ildə müharibədə qazandığı qələbə daha geniş qlobal siyasi əhəmiyyət daşıyır. Azərbaycan liderinin regionda yaratdığı geosiyasi dəyişikliklərə görə ona rəğbətini gizlətməyən Trampın Bakıya mümkün səfəri ABŞ prezidentinin müstəqil Azərbaycanın tarixində ilk Bakı səfəri olmaqla yanaşı, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin — sülhün qurulmasına töhfə verən dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.
Qarşıdakı dövrdə Azərbaycan diplomatiyasının əsas hədəflərindən biri Orta Dəhliz–TRİPP platformasını Cənubi Qafqazın və ABŞ-ın birgə gündəliyinə çıxarmaq, Bakı Zirvəsinin keçirilməsinə nail olmaqdır. İranın hazırda müharibənin tərəfi olması və Rusiyanın Ukraynaya qarşı apardığı müharibə onların belə bir strategiyada iştirakı, maliyyələşdirməsi və Orta Dəhliz–TRİPP sammitində moderatorluq etməsi üçün əsaslar yaratmır.
Tarixində ilk dəfə Azərbaycanın qarşısında nadir coğrafi və siyasi imkanlar açılıb. Şərqdən Çin və Mərkəzi Asiya, qərbdən Türkiyə və Avropa, cənub-qərbdən TRİPP və Naxçıvan, şimal-cənub oxunda isə Rusiya–Azərbaycan–İran marşrutu ölkəmizin ərazisində bir-biri ilə qovuşur. Əvvəllər Azərbaycanın geosiyasi mövqeyi “Şərqlə Qərb arasında körpü” kimi təsvir edilirdi. İndi isə Qələbədən sonra daha yüksək perspektiv yaranıb: Avrasiyanı birləşdirən marşrutların kəsişdiyi, enerji ixracının və müxtəlif siyasi mərkəzlərin maraqlarının uzlaşdığı qovşağa çevrilmək imkanı var.
Bakı keçmiş imperiyaların toqquşduğu mərkəz olmaqdan artıq çıxıb. Xarici paytaxtların təsiri, İlham Əliyevin liderliyi sayəsində, böyük dərəcədə zəifləyib. Şimalda Rusiyanın tarixi təzyiq mexanizmləri azalıb, lakin Moskva iqtisadi və nəqliyyat xətlərini qorumağa çalışır. Cənubda İranın hərbi arsenalı xeyli zərbə alsa da, Tehran Ermənistan üzərindən əlaqələrini davam etdirir. Türkiyə Şərq–Qərb bağlantısını və Türk dünyası ilə iqtisadi inteqrasiyanı genişləndirir.
Çin Orta Dəhlizi “Bir Kəmər, Bir Yol” sisteminin qollarından biri kimi görür, Avropa İttifaqı isə enerji və təchizat zəncirlərini şaxələndirməyə çalışır. ABŞ-ın TRİPP və Orta Dəhliz vasitəsilə regionda nüfuz və təsir gücü qazanması Azərbaycanın geosiyasi statusunu daha da gücləndirir və postmüharibə dövrünə keçidinə imkan yaradır.
Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən coğrafi və etibarlı iqtisadi arteriyadır. Yaxın gələcəkdə Orta Dəhlizlə TRİPP-in inteqrasiyası nəticəsində Naxçıvanın da Bakı ilə birləşməsi İlham Əliyevin tarixin izi ilə gedərək itirilmiş torpaqları və mövqeləri bərpa etdiyini, dövlətimizi öz ərazisindən qat-qat böyük siyasi və iqtisadi coğrafiyanın mərkəzinə çıxarmaq imkanına malik olduğunu göstərə bilər.
Əsl strateji liderlik Qələbəni yerləşdiyin regiona və dünyaya yaymaqdır.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor