Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. Pavilyonda, həmçinin azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisinin, o cümlədən muğam nümunələri səsləndirilib. Moderator.az-ın əldə etdiyi məlumata görə azyaşlı xanəndələr Cavidan və Ömər Niftəliyev qardaşları olub. Onlar Əməkdar artist, xanəndə Babək Niftəliyevin övladlarıdır və cənab prezidentin qarşısında “Mehriban olaq” mahnısını ifa ediblər. Faktı saytımıza təsdiqləyən xanəndə bildirib ki, o həm də övladlarının müəllimidir:
“Övladlarımın hər üçü Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alırlar. Ömər 3-cü, Cavidan isə 6-cı sinifdə oxuyur. Əlbəttə ki, onların musiqiyə həvəsi məndən qaynaqlanıb. Cavidan həm də birinci yerlərin, qran-prilərin qalibidir. Ömər isə balacadır və Türkmənistan onun ilk səfər etdiyi ölkə oldu. Böyük oğlum Mehdi Niftəliyev də vokalçıdır. Mehdinin 14 yaşı var və həmin məktəbdə 9-cu sinifdə oxuyur” deyə sənətkar bildirib.