“Dünən Akademik Milli Dram Teatrının səhnəsində atamın 80 illik yubileyi qeyd olundu və “Müfəttiş” tamaşası oynanıldı. Mən bunu əminliklə deyirəm ki, sənətkarlar heç vaxt unudulmur. Xalqın dilindən deyə bilərəm ki, Rafael Dadaşov heç vaxt unudulmayacaq. Nə qədər ki, nəfəsimiz gəlib-gedir, bu xalq var, bu insanlar var atam hər zaman yaşayacaq. “Müfəttiş” atamın rol aldığı sonuncu tamaşa idi. Yubileydən öncə Əməkdar artist Elşən Cəbrayılovla qısa dialoqum oldu. O danışırdı ki, bu tamaşada atamın vəziyyəti olduqca ağır olub, özünü pis hiss edib. Tamaşa gedə-gedə atam Elşənə deyib ki, “mən heç yaxşı deyiləm”. O da deyib ki, “bəlkə sizi guya səhnədən gedirmiş kimi yola salaq”. Elşən deyir ki, Rafael müəllim əlimdən tutdu və dedi ki, “yox, dözəcəm, mən bunu sona qədər oynayacam”. Atam həqiqətən də dəhşətli ağrılarla, qızdırma içində tamaşanı başa vurub. Bu tamaşadan sonra atam xəstəxanaya düşdü”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova deyib. O daha sonra əlavə edib:
“Çox gözəl yubiley təşkil olunmuşdu. Amma istərdim ki, səhnədə böyük bir monitorda atamın həmin tamaşadakı rolunu göstərib, sonra bu tamaşaya başlayardılar. Belə olsaydı daha gözəl olardı. Amma yenə də sağ olsunlar. Teatrın rəhbərliyinə, aktyorlarına öz təşəkkürümü bildirirəm. Bu tamaşa mənim çox xoşuma gəlirdi.. Sonda aktyorlar səhnəyə tamaşaçı qarşısına çıxanda içimdən bir hiss keçdi ki, kaş atam da onların yanında olardı.. Çox kövrəldim.. Orada mənim oğlum Rafaeli də salamladılar.. Atamdan sonra teatra gedə bilmirdim. Bir dəfə Mikayıl Müşfiqə həsr olunan “Ah, bu uzun sevda yolu” tamaşasına dəvət etdilər, orada da çox otura bilmədim. Teatra da düzü atamın qrim otağını görmək üçün getmişdim.. Onun oturduğu stulda oturdum, baxdığı güzgüyə baxdım.. Atamın ruhunu orada hiss etdim.
Atam teatrla nəfəs alırdı. Həmişə də deyirdi ki, “aktyor teatrda püxtələşir, kinoda yox”. Sənətkarlar ölmür, özlərindən sonra da, tamaşaçılarının, sevənlərinin qəlbində daim yaşayırlar” deyə görkəmli sənətkarın qızı bildirib.