Böyük Britaniyada somali əsilli Leyboristlər Partiyasının namizədi Saqal Abdi-Vali Londonda keçirilən əlavə seçkilərdə qalib gələrək İcmalar Palatasına deputat seçilib. O, sabiq baş nazir Kir Starmerin təmsil etdiyi Holborn və Sent-Pankras seçki dairəsində keçirilən səsvermədə rəqiblərini geridə qoyub.
Moderator.az "IslamNews"-a istinadla xəbər verir ki, oktyabrın 8-də keçirilən seçkilərdə 42 yaşlı Saqal Abdi-Vali 12 292 səs (45,3 faiz) toplayıb. Onun əsas rəqibi, Yaşıllar Partiyasının lideri Zak Polanski 8 928 səslə (32,9 faiz) ikinci yeri tutub. Mühafizəkarlar Partiyasının namizədi Yuen Kemeron isə 1 922 səslə üçüncü olub.
Abdi-Vali bu seçki dairəsini Britaniya parlamentində təmsil edən ilk qadın kimi tarixə düşüb. Somali əsilli siyasətçi 1990-cı illərdə ailəsi ilə birlikdə qaçqın kimi Britaniyaya gəlib. O, uşaqlıq və gənclik illərini Londonun Kamden rayonunda keçirib. İctimai fəaliyyətə xeyriyyə təşkilatlarında könüllü kimi çalışmaqla və yerli qurumların işində iştirak etməklə başlayıb.
2022-ci ildə Kamden bələdiyyə şurasına üzv seçilən Abdi-Vali 2026-cı ilin mayında Leyboristlər Partiyasını təmsil edərək həmin şuraya rəhbərlik etməyə başlayıb.
Yeni deputatın əsas prioritetləri arasında evsizliyə qarşı mübarizə və mənzil böhranının aradan qaldırılması yer alır. O həmçinin "Thames Water" su təchizatı şirkətinin yenidən dövlət mülkiyyətinə qaytarılmasını dəstəkləyir.
Qələbəsindən sonra Abdi-Vali Böyük Britaniyanın xarici işlər naziri Ed Milibəndin Qəzza, Fələstin və İsraillə bağlı məsələlərdə gördüyü işi müsbət qiymətləndirib.
Qeyd edək ki, Holborn və Sent-Pankras seçki dairəsi ənənəvi olaraq Leyboristlər Partiyasına dəstək verən ərazilərdən sayılır. Partiya 1983-cü ildən bu dairədə mövqeyini qoruyub saxlayır.
Seçkilərdə məğlub olan Yaşıllar Partiyasının lideri Zak Polanski isə partiyaya rəhbərlik etməyə davam edəcəyini bildirib. Seçki kampaniyası zamanı o, sionizmi tənqid edib və Fələstin məsələsini araşdırdıqdan sonra bu mövzuda baxışlarının dəyişdiyini söyləyib. Polanski həmçinin dini mənsubiyyətindən və ya dünyagörüşündən asılı olmayaraq hər kəs üçün bərabər hüquqların təmin edilməsinə çağırıb.
S.Laçın