“Yıxılanın dostu olmur, bilmirəm ki, niyə dəvət etmirdilər?" - Xose Bernardodan ETİRAFLAR - yenidən efirə qayıdır - ÖZƏL+FOTO
10 Oct 2026, 09:20 22 baxış 2 dəq oxuma
“Bu mövsümdən Mtv-də “Xosedən xeyir xəbər” adlı verilişlə həftəiçi 5 gün efirdəyəm. İdmana aid “Penaltı” verilişinin də aparıcısıyam ki, o da həftənin 1-ci günləri efirə gedir. Bundan başqa sosial şəbəkələrdə və yutubda bəzi podkast tipli verilişlərin də çəkilişini edirik. Bunlar da yaxın günlərdə işıq üzü görəcək. Bir müddət efir həyatına fasilə verdim. Tamaşaçılar mənim üçün darıxdıqlarını, məni efirdə görmək istədiklərini yazırdılar. Bu kimi mesajlar məni yenidən efirə qaytardı” .
Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Xose Bernardo deyib.
O daha sonra aktyor kimi çəkilmək istədiyini arzuladığını bildirib:
“Bu mənim yaralı yerimdir. Sonuncu dəfə Murad Dadaşovun “Bayram axşamı” filmində çəkilmişəm. Ondan sonra hələ ki, bir təklif almamışam. Səbəbini də bilmirəm. Mənim timsalımda azərbaycanlı obrazı necə görünür bunu bilmirəm. Bəlkə də problem bundadır?! Amma dəvətlər yoxdur. Çox istərdim ki, filmlərə çəkilim. Bilirsiniz ki, mən 2003-cü ildə “Planet Parni İz Baku”-da çıxış etmişəm. İlk dəfə də elə oradan sənət fəaliyyətimə başlamışam. Başladığım yerə qayıtmaq istərdim. Nəsə bir obraz olarsa, dəvət etsələr sevə-sevə gedərəm”.
Xose Bernardo bildirib ki, efirdən uzaq düşdüyü illərdə bəzi dostlarının vəfasızlığı ilə üzləşib:
“Yıxılanın dostu olmur. Bunu mən bir daha başa düşdüm. Amma yenə də sağ olsun, Mtv kanalı və orada çalışan dostlarım məni dəvət etdilər, veriliş verdilər. Hər şey yavaş-yavaş qaydasına düşür”.