Flydubai təyyarəsinin qaçırılması cəhdi zamanı yaralanan kapitanın xilas edilməsində başqa bir reysin kapitanı mühüm rol oynayıb. O, stüardessalar və bir neçə sərnişinin köməyi ilə yaralı pilotu kabinədən çıxarmağa və hücumçunu zərərsizləşdirməyə nail olub.
Moderator.az “Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, BƏƏ-nin baş prokurorunun sözlərinə görə, geri dönüş reysinin kapitanı hadisə zamanı təsadüfən Flydubai təyyarəsinin göyərtəsində olub və pilot kabinəsinin yaxınlığında yerləşib.
Kabinənin qapısının dəfələrlə açılıb-bağlandığını görən kapitan vəziyyətdən şübhələnib. O, qapıya yaxınlaşaraq gizli kod vasitəsilə içəri daxil olmağa çalışıb. Daha sonra stüardessalar və bir neçə sərnişinlə birlikdə yaralı kapitanı xilas edib, hücumçunu isə ram etməyi bacarıb.
BƏƏ hakimiyyətinin daha əvvəl yaydığı məlumata görə, Dubaydan Təl-Əvivə uçan Flydubai reysinin ikinci pilotu təyyarəni ələ keçirərək Ben Qurion hava limanının terminallarından birinə çırpmaq və intihar hücumu törətmək niyyətində olub.
Dindirmə zamanı ikinci pilot hücumu əvvəlcədən planlaşdırdığını etiraf edib, lakin təkbaşına hərəkət etdiyini iddia edib. Bununla belə, BƏƏ-dəki müstəntiqlər terror planında başqa şəxslərin iştirak edib-etmədiyini və şübhəlinin mümkün əlaqələrini araşdırmaqda davam edirlər.