Bankdan kredit götürən şəxsin borc öhdəliyini yerinə yetirməməsi yalnız onun özünü deyil, həmin kreditə zamin duran şəxsi də çətin hüquqi vəziyyətlə üz-üzə qoya bilər. Belə hallarda zaminin üzərinə hansı öhdəliklərin düşməsi, bankın borcun ödənilməsini ondan tələb etmək hüququ və zaminin məsuliyyətinin hansı həddə müəyyənləşməsi cəmiyyətdə maraq doğuran məsələlərdəndir.
Zaminlik müqaviləsini imzalayan hər kəs bu addımın hüquqi nəticələrini və üzərinə götürdüyü öhdəliyin həcmini bilməlidir. Çünki əsas borclunun krediti ödəyə bilməməsi zamin üçün də maliyyə məsuliyyəti yarada bilər.
Bankdan kredit götürən şəxs borcunu ödəyə bilmədikdə, bank zaminə müraciət edərək borcun ödənilməsini tələb edə bilər.
Bəs, zamin hansı hallarda əsas borclu ilə eyni həcmdə məsuliyyət daşıyır, borcun ödənilməsindən imtina etmək hüququ varmı və onun məsuliyyətinin hüquqi sərhədləri nədən ibarətdir?
Moderator.az-ın Pərvin Şakirqızı ilə “Hüququnu bil” rubrikasında bu məsələlərə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərov ilə aydınlıq gətirməyə çalışdıq.
Hüquqşünas bildirdi ki, borca görə yarana biləcək məsuliyyət kredit müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir:
Əgər kredit müqaviləsində zamin göstərilmişdirsə, borc həm zamindən, həm də borcludan tələb edilə bilər. Həmçinin kreditlə bağlı girov kimi hər hansı əmlak göstərilmişdirsə, həmin əmlak məhkəmə qərarı ilə müsadirə edilə bilər.
Borc könüllü qaydada ödənilməzsə, borcverənin bununla bağlı məhkəmədə iddia qaldırmaq hüququ da var. Məhkəmə qərarı könüllü şəkildə icra edilmədikdə isə qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirləri görülür. Bunlara daxildir:
• borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
• tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; (gəlirin 50 faizindən çox olmamaqla)
• tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
• icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi.
Belə olan halda, kredit götürən şəxs üçün həmin məbləği geri ödəmədiyi təqdirdə, bankın onu məhkəməyə vermə müddəti 3 ildir. Yəni əgər 3 il ərzində, borcalan kredit borcunu geri ödəmədiyi halda belə bank həmin şəxsi məhkəməyə verməyibsə, 3 il bitdikdən sonra artıq borcalanın məhkəməyə verilməsi mümkünsüzləşir.
Zamin isə bu müddət 1 ildir. Eyni qayda ilə 1 il bitdikdən sonra zaminin məhkəməyə vermə müddəti bitir. Həmin müddət isə kredit borcunu son ödəmə tarixindən hesablanır. Borclu icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədikdə inzibati məsuliyyətə cəlb edilə bilər.
Borclu qərəzli olaraq məhkəmə qərarını icra etmədiyi halda isə cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik ilə bağlı göstərilmişdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Zaminlik müqaviləsi gələcəkdə yarana biləcək öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Mülki Məcəllənin 472.2 maddəsində göstərilib ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor