“O hələ sağdır...- onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”
10 Oct 2026, 20:20 25 baxış 4 dəq oxuma
“Söhbət Azərbaycan poeziyasının yüksək gərginlikli poetik enerji cərəyanı Vaqif Bayatlı Odərdən gedir...”
“Avropa, Amerika, Asiya onun poeziyasına ac olacaq, çünki tamam başqa nəfəsdir. Qütb ulduzunun görünməyən - enerji dolu qaranlıq tərəfidir...”
“Bilmirəm, bəlkə də müəyyən paxıllıq hissləri də zamanında onun dünya ədəbiyyatına çıxışına maneə yaradıb...”
*** *** ***
“Bəşəri poeziyanın enerji bloku...”
Modern Azərbaycan ədəbiyyatında yalnız iki şairin dünya ədəbiyyatına çıxmaq şansları olub. Onlardan biri artıq dünyasını dəyişib. İkincisi isə hələ də sağdır. Bu dəfə də yazımıza sözün hər iki mənasında sağ tərəfdən başlamaq istəyirəm.
Söhbət Azərbaycan poeziyasının yüksək gərginlikli poetik enerji cərəyanı Vaqif Bayatlı Odərdən gedir.
Vaqif Bayatlı poeziyasının damarlarından şərq qanı axsa da, ümumilikdə götürsək, şeirləri Qərb qiyafəli, bəşəri ruhludur.
Təəssüf ki, Vaqif Bayatlı poetikası dünya ədəbiyyatına çıxa bilmədi. Bunun da iki səbəbi var; birincisi, onun ədəbi gənclik illəri sovetlər dönəminə tuş gəldi.
Sərhədləri qapalı olan SSRİ-dən dünya ədəbiyyatına pəncərə açmaq həmin çağlarda çox çətin idi.
Üstəlik, o dövrdə Vaqif Bayatlı daha çox milli düşüncədən çıxış edərək mifik geyimli bədii-poetik mətnlər yaradırdı.
Bir sözlə, Vaqif əfəndi gürcülərin Merab Kostavası qədər şanslı ola bilmədi...
İkinci səbəb isə özgürlük, müstəqillik illərinin çətinlikləri idi. Həyat yoldaşı Tamam Bayatlı bu illər ərzində Vaqif Bayatlını ağır psixoloji çətinliklərdən qoruya bildi. Zərif çiyinlərini onun kövrək, titrək poeziyasının kürəyinə söykəyə bildi, dirəncək oldu.
Amma...
...Aidiyyatı qurumlar isə həmin dövrdə minimal imkanlarla Azərbaycan ədəbi prosesini diri tutmağa çalışırdı. Bu gündən sabaha sağ çıxarmaq üçün uğraşırdı...
Azərbaycan iqtisadi cəhətdən güclənəndə isə poeziyasından fərqli olaraq Vaqif Bayatlı bir imza kimi unuduldu. Xalqın yaşatdığı imzanı, dövlət öz sərhədlərindən kənara çıxara bilmədi.
Vaqif Bayatlı uzun illər öz layiqli qiymətini almadı. Belə məqamda onun dünya ədəbiyyatına çıxması yolunda texniki işlər (əsərlərinin tərcüməsi, çapı, tanıtımı) də görülmədi.
Hələ də gec deyil...
Əfəndilər, bəşəri şair Vaqif Bayatlı hələ sağdır. Düşünürəm ki, hələ də gec deyil. Avropa, Amerika, Asiya onun poeziyasına ac olacaq, çünki tamam başqa nəfəsdir. Qütb ulduzunun görünməyən - enerji dolu qaranlıq tərəfidir...
Eyni zamanda, Vaqif Bayatlı Odər milliliyi bəşəri müstəviyə qaldıran iki şairimizdən biridir.
Bilmirəm, bəlkə də müəyyən paxıllıq hissləri də zamanında onun dünya ədəbiyyatına çıxışına maneə yaradıb.
Fəqət, indi Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi milli və bəşəri ədəbiyyata xidmət etmək istəyirsə, Odər poetikasının dünya oxucusu ilə görüşməsi üçün əlindən gələni etməlidir.
Onun poeziyası ilə tanış olan hər kəs başa düşür ki, Vaqif əfəndi dünyanın ən nəhəng şairlərindəndir. Çünki bu nəhəng poeziyada Qərbin, Şərqin və kosmopolit bəşəriliyin enerjisi vahid nöqtədə birləşir və kəsişir.
Hətta bu poeziya ümumbəşəri ədəbiyyatın poetik enerji blokudur.
Şübhəsiz ki, əsərlərinin dünya ədəbiyyatına çıxmaq şansı olan digər imza mərhum Vaqif Səmədoğlu idi. Allah Vaqif Səmədoğluya rəhmət etsin, Vaqif bəyə poetik şahlıq missiyasını tamamlamaq möhləti versin...