ABŞ-da həm Respublikaçılar Partiyasını, həm də Demokratlar Partiyasını təmsil edən senatorlar Donald Tramp administrasiyasını Rusiyadan dizel yanacağının idxalına icazə verilməsi qərarını ləğv etməyə çağırıblar. Qanunvericilər hesab edirlər ki, bu addım ABŞ qanunvericiliyinə zidd ola və Vladimir Putinin Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə şərait yarada bilər.


Moderator.az xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Demokratlar Partiyasını təmsil edən üzvlərinin rəsmi açıqlamasında və “Reuters”, “Associated Press” kimi beynəlxalq media qurumlarının məlumatlarında bildirilib.






Oktyabrın 11-də yayılan birgə bəyanatı 7 senator imzalayıb. Onların dördü Respublikaçılar Partiyasının, üçü isə Demokratlar Partiyasının nümayəndəsidir. Bu fakt Vaşinqtonda Rusiyaya qarşı sanksiyalar və Ukraynaya dəstək məsələsində siyasi partiyalararası narazılığın mövcud olduğunu göstərir.


Senatorlar Tramp administrasiyasını qərarını dərhal dəyişməyə çağırıblar. Onların fikrincə, ABŞ Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları davam etdiyi müddətdə Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri artıran addımlardan çəkinməlidir.


“Putinə maliyyə dəstəyi verilməməlidir!..”


Bəyanata imza atan senatorlar bildiriblər ki, Konqres 2022-ci ildə Rusiyanın enerji məhsullarının ABŞ-a idxalını qadağan edib. Onların sözlərinə görə, bu qadağanın əsas məqsədi Moskvanın enerji satışından əldə etdiyi vəsait hesabına Ukraynaya qarşı müharibəni maliyyələşdirməsinin qarşısını almaq olub.


“ABŞ Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırana və NATO müttəfiqlərini təhdid etməkdən əl çəkənə qədər Rusiyadan neft idxal etməməlidir”, – senatorlar bəyanatda vurğulayıblar.


Onlar həmçinin administrasiyanın qərar qəbul edərkən Konqreslə məsləhətləşmədiyini və bu addımın hüquqi əsaslandırılmasını təqdim etmədiyini bildiriblər.


“Rusiya ukraynalı mülki şəxsləri öldürməyə davam etdiyi müddətdə ABŞ Putinə maliyyə dəstəyi verməməlidir. Administrasiya qərarını dərhal dəyişməlidir”, – bəyanatda qeyd olunub.


Bu mövqe ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəsmi açıqlamasında dərc edilib. “Reuters” agentliyi də yeddi senatorun birgə çağırışını təsdiqləyib. Bununla belə, “Associated Press” agentliyinin materialında bəyanata imza atanların sayı altı nəfər göstərilib. Rəsmi komitə açıqlamasında və “Reuters”in xəbərində isə yeddi senatorun adı yer alır...


Bəyanata kimlər imza atıb?


Birgə bəyanatda iştirak edən senatorlar bunlardır:


Syuzan Kollins – Men ştatından Respublikaçı;

Liza Mörkovski – Alyaska ştatından Respublikaçı;

Tom Tillis – Şimali Karolina ştatından Respublikaçı;

Con Kurtis – Yuta ştatından Respublikaçı;

Jin Şahin – Nyu-Hempşir ştatından Demokrat;

Riçard Blumental – Konnektikut ştatından Demokrat;

Ron Vayden – Oreqon ştatından Demokrat.

Xüsusilə Respublikaçı senator Thom Tillisin mövqeyi diqqət çəkib. O, NBC telekanalının “Meet the Press” proqramında Trampın qərarının qanun pozuntusu ola biləcəyini bildirib.


“Prezidentin qanuna əməl etmədiyini söyləmək üçün əsaslı arqumentlərin mövcud olduğuna inanıram”, – Tillis deyib.


Senatorun fikrincə, Rusiya ilə belə bir razılaşma ABŞ-ın təhlükəsizlik maraqları baxımından da risklər yarada bilər. Reuters


Tramp Putinlə hansı razılaşmanı elan edib?..


Mübahisəyə səbəb oktyabrın 9-da Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın ABŞ və dünya bazarlarına dizel yanacağı tədarük edəcəyini açıqlaması olub.


Trampın “Truth Social” platformasında paylaşdığı məlumata görə, ilkin mərhələdə 300 min tondan çox, noyabrda əlavə 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağının tədarükü nəzərdə tutulur. O, sonrakı mərhələdə daha 3 milyon ton yanacağın göndərilə biləcəyini də bildirib.


ABŞ prezidenti bu addımın yanacağın qiymətini aşağı salacağını və xüsusilə fermerlərin, kənd təsərrüfatı istehsalçılarının və yükdaşıma sektorunun xərclərini azaldacağını iddia edib.


“Reuters” və “Axios”un məlumatlarına görə, razılaşma ABŞ-ın Rusiya yanacağına qarşı tətbiq etdiyi bəzi məhdudiyyətlərin müvəqqəti yumşaldılması ilə müşayiət olunub. ABŞ Maliyyə Nazirliyi də Rusiya dizelinin dünya bazarına çıxarılmasına imkan verən müvəqqəti ümumi lisenziya veriləcəyini açıqlayıb.


Ağ Ev qərarı müdafiə edir, ekspertlər isə şübhələnirlər...


ABŞ administrasiyası qərarın mövcud hüquqi səlahiyyətlər çərçivəsində həyata keçiriləcəyini bildirir. Maliyyə naziri Skott Bessent razılaşmanın amerikalılar üçün faydalı olacağını və enerji qiymətlərinin aşağı düşməsinə kömək edəcəyini müdafiə edib.


Respublikaçı senator Con Barrasso da prezidentin enerji xərclərini azaltmağa çalışdığını bildirib. Onun fikrincə, bu razılaşma Putin üzərində təzyiq vasitəsi kimi istifadə oluna bilər.


Bununla belə, enerji bazarı üzrə ekspertlər Rusiyadan nəzərdə tutulan həcmlərdə yanacaq tədarükünün ABŞ-da qiymətləri əhəmiyyətli dərəcədə aşağı salacağına şübhə ilə yanaşırlar. “Associated Press”in yazdığına görə, Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı Riçard Nepyu elan edilən həcmin ABŞ-ın bir günlük istehlakından az göründüyünü qeyd edib.


Beləliklə, mübahisə yalnız sanksiyaların hüquqi tərəfi ilə məhdudlaşmır. Əsas suallardan biri də razılaşmanın amerikalı istehlakçılara real fayda verib-verməyəcəyi, yoxsa Rusiyanın enerji gəlirlərini artırmaqla Moskvanın müharibə imkanlarına əlavə vəsait qazandıracağıdır. 


Ukrayna və Qərbdə narahatlıq...


Ukrayna Prezidenti Volodimir Zelenski də Trampın qərarını tənqid edib. O, Rusiyaya qarşı sanksiyaların davamlı gərginliyin azaldılması və qarşılıqlı addımlar olmadan yumşaldılmasının Moskva tərəfindən zəiflik kimi qəbul edilə biləcəyini bildirib.


“Reuters”in məlumatına görə, Kanada Baş naziri Mark Karni də Ukrayna ilə söhbətində razılaşmanın Kiyev, Ottava və müttəfiqlərin Avropada sülh və sabitlik yaratmaq səylərinə zidd olduğunu bildirib.


Beləliklə, Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı qərar ABŞ daxilində partiyalararası mübahisəyə, Ukrayna ilə münasibətlərdə isə yeni gərginliyə səbəb olub. Yeddi senatorun birgə bəyanatı Tramp administrasiyasına qərarı yenidən nəzərdən keçirmək üçün siyasi təzyiqi artırır. Lakin razılaşmanın qanunvericiliyə zidd olub-olmadığına dair yekun hüquqi qərar hələ verilməyib.


S.Laçın