“Dünya şöhrətli Azərbaycan sənətkarı Rəşid Behbudovun musiqi irsi ilə bağlı yayımlanan məlumatları diqqətlə izləyirik. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Rəşid Behbudovun yaradıcılığı xalqımızın milli-mədəni sərvətidir. Bu irsin qorunması, əsərlərin hüquqi statusunun düzgün müəyyənləşdirilməsi və hüquq sahiblərinin qanuni mənafelərinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır”.
 




Bunu Moderator.az-a açıqlamasında “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin sədr müavini Zamiq Yunisov bildirib.
 
O daha sonra əlavə edib:

“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHUİB) öz fəaliyyətini qüvvədə olan qanunvericiliyə, nizamnaməsinə və müvafiq səlahiyyət sənədlərinə uyğun həyata keçirir. Birliyin əsas fəaliyyət istiqaməti musiqi əsərlərinin müəlliflərinin  bəstəkarların və söz müəlliflərinin müəlliflik hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır. Bununla yanaşı, vurğulamaq istərdim ki, müəlliflik hüquqları ilə əlaqəli hüquqlar ayrı-ayrı hüquqi anlayışlardır. İfaçıların, fonoqram istehsalçılarının və digər əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması müəlliflik hüquqlarından fərqli hüquqi münasibətləri əhatə edir. Bu səbəbdən həmin məsələlərin müvafiq səlahiyyətlərə malik qurumlar tərəfindən araşdırılması vacibdir. MHUİB-in fəaliyyəti ifaçıların əlaqəli hüquqlarının idarə olunmasını öz üzərinə götürmək deyil, məhz bəstəkarların və söz müəlliflərinin müəlliflik hüquqlarının qorunmasına yönəlib. İfaçıların əlaqəli hüquqları ilə bağlı məsələlər isə aidiyyəti üzrə RAYS İctimai Birliyinin fəaliyyət istiqaməti çərçivəsində nəzərdən keçirilməlidir. Rəşid Behbudovun ifa etdiyi musiqi əsərləri ilə bağlı hər hansı mübahisəyə münasibət bildirərkən konkret əsərin müəllifləri, hüquqların kimə məxsus olması, hüquqların ötürülməsi barədə müqavilələr və digər hüquqi sənədlər ayrıca araşdırılmalıdır. Sənədlərin həqiqiliyi və hüquqların qanuni mənsubiyyəti ilə bağlı qəti nəticələr yalnız müvafiq sübutlar və səlahiyyətli qurumların hüquqi qiymətləndirməsi əsasında müəyyən edilə bilər. Hesab edirəm ki, bu kimi həssas məsələlərdə emosional yanaşmalardan çəkinmək, hüquqi faktlara əsaslanmaq, aidiyyəti qurumların səlahiyyət bölgüsünə hörmət etmək və hüquq sahiblərinin qanuni mənafelərini qorumaq əsas prinsip olmalıdır. MHUİB-in mövqeyi aydındır: biz bəstəkarların və söz müəlliflərinin hüquqlarının qorunmasını, müəlliflərin qanuni qonorarlarının və digər qanuni mənafelərinin təmin edilməsini vacib hesab edirəm. Bununla yanaşı, səlahiyyətlərimizə daxil olmayan əlaqəli hüquq məsələlərinə dair öz adımızdan hüquqi nəticələr çıxarmağı düzgün hesab etmirəm. Azərbaycan musiqisinin əvəzsiz irsinə hörmət yalnız sənətkarların adını yaşatmaqla məhdudlaşmır. Bu, eyni zamanda onların yaratdığı əsərlərin müəlliflərinə, hüquqi varislərinə və qanuni hüquq sahiblərinə hörmətlə yanaşmaq, hüquqların qorunmasını qanunçuluq, obyektivlik və şəffaflıq prinsipləri əsasında təmin etmək deməkdir”.
 
Qeyd edək ki, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev “Astar” layihəsinə müsahibəsində sənətkarın əsərlərinin müxtəlif ölkələrdəki şəxslər tərəfindən qondarma sənədlərlə mənimsənildiyini bildirib.