Kinoşünas Ayaz Salayev Xalq artisti, sevilən aktrisa Həmidə Ömərova ilə bağlı etiraf edib. O paylaşımlarından birində belə deyib: “Moskvada aspiranturada oxuyurdum. 176 saylı avtobusla Kinematoqrafiya İnstituna gedirdim. Avtobus sürücüləri bir qayda olaraq salona gözəl qadınların şəkillərini yapışdırırdılar. Moskva sakini olan sürücülərdən biri Həmidə xanımın “Sovetskik ekran” jurnalından kəsilmiş şəklini avtobusa yapışdırmışdı”.
 




Moderator.az-a açıqlama verən Həmidə Ömərova həmin faktı təsdiqləyib və belə bir hadisənin həqiqətən də baş verdiyini bildirib:

“Bəli, bu çoxdan olub. Bu hadisəni illər sonra müsahibələrindən birində Ayaz danışmışdı və mən də onda bildim. “Sovetskiy ekran” jurnalının üz qabığında olan şəkilim idi. Onu sizə təqdim edəcəyəm. Həmin foto 11-ci Ümumittifaq kino festivalında çəkilib. Yadımdadır ki, Vilnusda rejissor Fikrət Əliyevin “Qızıl uçurum” filmini təmsil edirdik. Orada çəkilən həmin foto daha sonra jurnalların üz qabığını bəzədi”.

Həmidə Ömərova daha sonra bir etiraf da edib:
 
“O vaxt “Dostluq” kinoteatrındakı bütün tanınmış aktyorların şəkillərini divara vururdular. Orada bir çox sənətkarların portretlərini görmüşdüm. Demişdilər ki, sənin də şəkilin var. Mən getdim öz şəkilimi divarda görmədim. Soruşdum, maraqlandım. Dedilər ki, “sizin şəkiliniz divara vurulur və o şəkili oğurlayırlar”. Maraqlısı burasında idi ki, şəkil hər dəfə oğurlanırdı (gülür)”.