Rusiya ordusu artıq cəbhədə ciddi həmlələrə nail ola bilmir...– Ukrayna döyüşçüləri əks-hücuma keçir...- "ISW"
12 Oct 2026, 10:05 19 baxış 3 dəq oxuma
"2026-cı ilin sentyabrında Rusiya qoşunları Ukraynada 175,54 kvadratkilometr əraziyə nəzarəti ələ keçirib. Eyni dövrdə Ukrayna Müdafiə Qüvvələri 256,35 kvadratkilometr ərazini geri qaytarıb..."
ABŞ-ın Müharibələrin Tədqiqatları İnstitutunun ("ISW") son hesabatına görə, Rusiya ordusunun Ukraynada irəliləyiş tempi zəifləyib, bəzi istiqamətlərdə isə hücum cəhdləri nəticəsiz qalıb. Sentyabr ayında Ukrayna Müdafiə Qüvvələrinin geri qaytardığı ərazilərin sahəsi Rusiya ordusunun ələ keçirdiyi ərazilərin sahəsini üstələyib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "TSN" nəşri "ISW"-nin cəbhədəki vəziyyətlə bağlı hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, Rusiya qüvvələri Ukrayna cəbhəsinin müxtəlif istiqamətlərində hücum əməliyyatlarını davam etdirsə də, son günlər bir sıra istiqamətlərdə təsdiqlənmiş irəliləyiş əldə edə bilməyib.
Sumı və Xarkov istiqamətlərində vəziyyət
Məlumata görə, Sumı vilayətində Ukrayna qüvvələri vilayət mərkəzinin şərqində irəliləyiblər. Rusiya hərbi müxbirlərindən biri də Rusiya tərəfinin əksinə olan iddialarına baxmayaraq, Ukrayna hərbçilərinin Malaya Rıbitsa və Bolşoy Prikol yaşayış məntəqələri arasındakı mövqelərini qoruduğunu etiraf edib.
Xarkov vilayətinin şimalında isə Rusiya qüvvələri oktyabrın 10-11-də hücum əməliyyatlarını davam etdirsələr də, irəliləyə bilməyiblər.
"ISW"-nin məlumatına görə, Rusiya ordusu Konstantinovka yaxınlığında, eləcə də Drujkovkanın cənub-qərbində, Kazennıy Torets çayı boyunca hücumlar həyata keçirib. Lakin bu istiqamətlərdə də təsdiqlənmiş irəliləyiş qeydə alınmayıb.
Sentyabrda ərazi balansı Ukraynanın xeyrinə dəyişib...
"ISW"-nin hesablamalarına görə, 2026-cı ilin sentyabrında Rusiya qoşunları Ukraynada 175,54 kvadratkilometr əraziyə nəzarəti ələ keçirib. Eyni dövrdə Ukrayna Müdafiə Qüvvələri 256,35 kvadratkilometr ərazini geri qaytarıb.
Beləliklə, açıqlanan göstəricilərə əsasən, ay ərzində ərazi balansı təxminən 80,81 kvadratkilometr Ukraynanın xeyrinə olub.
Qeyd edək ki, bu rəqəmlər "ISW"-nin ərazi dəyişikliklərinə dair qiymətləndirmələridir və cəbhədəki vəziyyət barədə müstəqil təsdiqlənmiş məlumatlar əsasında təhlil edilməlidir.
Qeyd:
"ISW"-nin hesabatı Rusiyanın bütün cəbhə boyu hücum imkanlarını itirdiyi anlamına gəlmir. Analitiklərin təqdim etdiyi məlumatlar ayrı-ayrı istiqamətlərdə irəliləyişin məhdudlaşdığını və Ukrayna qüvvələrinin bəzi ərazilərdə əks-hücumlarla mövqelərini gücləndirdiyini göstərir.