“Trampın dəstəklədiyi respublikaçılar Senatı və Konqresi tamamilə itirməmək üçün neftin qiymətini ucuzlaşdırmalıdır...”
 




Trampın Putinlə son telefon danışığından sonra onun Rusiya ilə bağlı (dizel “yardımı” və s.) və Ukraynaya qarşı addımları, həmçinin “Zelenski getməlidir” tələbi və s. necə dəyərləndirirsiz? Bundan sonra hadisələrin inkişafını necə görürsüz?
 
Bu sualı ünvanladığımız siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında deyib ki, Trampın Ukrayna əleyhinə Rusiyanı dəstəkləməsi yeni hadisə deyil: 
 
“Bilirsiniz ki, hələ hakimiyyətə gəlməmişdən əvvəl Respublikaçılar partiyasının Konqresdəki gücündən istifadə edən Tramp Ukraynaya silah göndərmələrini ən azı 6-7 ay əngəlləyə bilmişdi. Sözsüz ki, onun bu addımında Bayden hökumətini yıxmaq, rəqibi olduğu beynəlxalq qlobalist cərəyanlarını tamamilə sarsıtmaq hədəfi də vardı. Bununla yanaşı, o, Rokfeller qrupunun hələ 1960-cı illərdən bəri yürütdüyü Rusiyaya yaxınlaşmaq və onların neft potensialından faydalanmaq məqsədi güdürdü. Bunun ən bariz dəlili hələ ilk prezidentlik dövründə (2017-2021) Rusiya ilə yaxın münasibətləri olan və Rusiyanın Uzaq Şərq bölgəsində neft çıxaran “Exxon-Saxalin” şirkətinin icraçı direktoru Reks Tillersonu Amerika Dövlət Departamentinin rəhbəri vəzifəsinsə gətirməsi idi. Həmin dövrlərdə bu addımı ilə Tramp ABŞ-ın bir çox siyasi qrupları tərəfindən Rusiyanın agenti kimi təqdim edilmişdi. Məhz bu təzyiqləri yumşaltmaq üçün Tillerson cəmi 1 il dövlət katibi vəzifəsində saxlanılmışdır. Tramp bu təzyiqlərə davam gətirə bilmədiyindən 2018-ci ildə Tillersonu yola salıb onun yerinə Mayk Pompeonu gətirmişdi. Nəzərə alsaq ki, Tillerson Tramp hökumətinin ilk dövlət katibi idi və o, 2013-cü ildə şəxsən Putin tərəfindən“Dostluq” ordeni ilə təltif olunmuşdu, Trampın hakimiyyətə gələrkən ilk işinin bu adama ABŞ-ın xarici siyasət doktrinasını hazırlayıb həyata keçirən çox yüksək bir vəzifəni həvalə etməsi təsadüfi deyildi. Yeri gəlmişkən, hakimiyyətinin ilk mərhələsində Trampın nüfuzdan düşərək ikinci dəfə seçilə bilməməsinin mühüm səbəblərindən biri Rusiya ilə yaxınlığı barədə iddialardı. Belə bir adamın 4 ildən sonra yenidən ABŞ-ın prezidenti vəzifəsinə gəlməsi Amerika ilə Rusiyanın yaxınlaşacağı barədə mülahizələrə yol açırdı. Fikrimcə, son zamanlar xüsusilə də ən kritik anda Trampın Ukraynaya qarşı mövqe sərgiləməsi təəccüb doğurmamalıdır”.
 
Siyasi şərhçi hesab edir ki, Yaxın Şərqdə yaşanan hadisələr də ABŞ-ı Rusiyadan asılı vəziyyətə salır. Məlumdur ki, İranla davam edən müharibə həm Hörmüz, həm də Babül-məndəb boğazlarının bağlanmasına yol açıb. Nəticədə dünya neft bazarında qiymətlər durmadan artır və bu da gələn ay keçiriləcək Konqres seçkilərinə təsir göstərir. Trampın dəstəklədiyi Respublikaçılar Partiyası Senatı və Konqresi tamamilə itirməmək üçün neftin qiymətini ucuzlaşdırmalıdır. Bunun ən qısa yolu isə Rusiya kimi önəmli neft ixracatçısının qarşısındakı əngəlləri qaldırmaqdır. Bilirsiniz ki, Yaxın Şərq ölkələri dünya neftinin 20%-ni istehsal etdikləri kimi, Rusiya da 9-10%-ni ixrac edir. Hardasa Yaxın Şərqin yarısı qədər. Trampın fikrincə, Rusiyanın dünya bazarına qazandırılması qlobal neft birjalarında qiymətləri aşağı sala bilər, beləcə, İranın Trampı devirmək üçün həyata keçirdiyi boğazları baglama strategiyasını iflasa uğradar. Üstəlik, seçkilərdən sonra hazırkı Ağ Ev sahibi gözü arxada qalmadan İrana daha rahat müdaxilə edə bilər. Prinsipcə, bu düşüncəsində haqsız da deyil”.
 
O ki qaldı Trampın bu tərs siyasətinin Ukrayna savaşına təsirinə, Heydər Oğuzun fikrincə, ABŞ-la Rusiyanın yaxınlaşması Ukrayna dirənişini tamamilə bitirməsə də, onu böyük ölçüdə zəiflədəcək: 
 
“Məsələ burasındadır ki, Ukrayna məsələsinə münasibətdə Qərb ölkələrinin vahid bir mövqeyi yoxdur. Tramp Amerikası Ukraynanı bu müharibənin məğlubu sayıb onun böyük güzəşti hesabına məsələni Rusiyanın xeyrinə həll etməyə çalışır. Böyük Britaniya, Almaniya və Fransa kimi böyük Avropa dövlətləri isə problemin belə asanlıqla həllinin tərəfdarı deyillər. Çünki onlar yaxşı başa düşürlər ki, hesab onların iştirakı olmadan bağlanarsa, dünyanın bölüşdürülməsi süfrəsində paysız qalacaqlar. Dünyanın yeni düzəni 3 böyük dövlət – ABŞ, Çin və Rusiya tərəfindən qurulacaq və bölüşdürülmə onların arasında aparılacaq. Nəticədə Avropa dövlətlərə 2-ci Dünya müharibəsindən sonra formalaşan status-kvodan məhrum qalacaqlar və getdikcə zəifləyib öz yağında qovrulan təsirsiz dövlətlərə çevriləcəklər. Hətta yaxın zamanlarda bir vaxtlar yaxınlarına buraxmaq istəmədikləri Türkiyə belə, gəlib onları keçəcək və günlərin bir günü özləri Rusiya ilə yanaşı Türkiyənin təsir dairəsinə düşəcəklər. Bu isə Avropanın Afrikalaşması (təbii ki, siyasi güc etibarilə) anlamına gəlir. Belə bir perspektivlə qarşılaşmamaq üçün Avropa ölkələri bacardıqları qədər Ukrayna-Rusiya müharibəsini diri tutmağa çalışacaqlar. 
 
Amma onların bu məsələdə də “yumşaq qarınları” var. Dərd burasındadır ki, Rusiya-Ukrayna savaşı davam etdikcə, Avropa ölkələri ucuz rus qazı və nefti ala bilmirlər. Beləcə, iqtisadi cəhətdən iflasa uğrayır, ictimai etimadı itirirlər. Nəticədə Avropadakı liberal hökumətlər öz yerlərini mühafizəkarlara buraxır. Bu da əslində Avropanın məcazi mənada Afrikalaşması, yox olub getməsi deməkdir. Məntiqi nöqteyi-nəzərdən ABŞ-ın təklif etdiyi Rusiya enerji mənbələrinə embarqoların ləğvi Avropanı iqtisadi böhrandan çıxarsa da, perspektiv təhlükədən xilas etmir. Odur ki, bu ölkələr də Trampın Rusiya meylli siyasətlərinə ehtiyatla yanaşırlar. Ukrayna-Rusiya müharibəsinin bitməsini arzulamasalar da, uzunmüddətli atəşkəs əldə olunmasına yaşıl işıq yandıra bilərlər. 
 
Yekun olaraq, bu mürəkkəb tənlikdən çıxaracağımız həll yolu belədir: Ukrayna savaşı hər zaman yenidən alovlana biləcək dəngələrdə müvəqqəti olaraq dayandırılacaq, İran məsələsi öz həllini tapdıqdan sonra qaldığı yerdən davam edəcək...”
 
Təqdim etdi: 
Sultan  Laçın