Son dövrlərdə vətəndaşların bank kartlarından onların xəbəri və razılığı olmadan pul çıxarılması, başqa hesablara köçürülməsi və internet vasitəsilə mənimsənilməsi halları ilə tez-tez rastlaşırıq.
Belə vəziyyətlə üzləşən vətəndaşları ən çox düşündürən sual isə budur: İtirilmiş pulu geri qaytarmaq mümkündürmü və bank buna görə məsuliyyət daşıyır?
Oğurlanan vəsaitin geri qaytarılması üçün qanunvericilik hansı imkanları nəzərdə tutur?
Moderator.az-ın Pərvin Şakirqızı ilə “Hüququnu bil” rubrikasında yaranmış suallara Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova ilə aydınlıq gətirməyə çalışdıq.
Moderator.az həmin müsahibəni təqdim edir.
— İlhamə xanım, oğurlanmış pulu geri qaytarmaq mümkündür və bank buna görə məsuliyyət daşıyır?
— İlk növbədə qeyd etmək lazımdır ki, bank kartından vətəndaşın razılığı olmadan pul çıxarılması heç də bütün hallarda həmin vəsaitin birdəfəlik itirilməsi demək deyil. Azərbaycan qanunvericiliyində belə hallarda vətəndaşların hüquqlarının müdafiəsini nəzərdə tutan konkret müddəalar mövcuddur.
Kartından xəbərsiz pul çıxarıldığını aşkar edən şəxs vaxt itirmədən bankla əlaqə saxlamalı və kartının bloklanmasını təmin etməlidir. Bu, həmin kart vasitəsilə növbəti qanunsuz əməliyyatların qarşısının alınması baxımından vacibdir.
Bundan sonra banka yazılı və ya elektron qaydada müraciət edilməli, hansı tarixdə, nə qədər məbləğin vətəndaşın razılığı olmadan çıxarıldığı göstərilməli, əməliyyatın araşdırılması və pulun geri qaytarılması tələb olunmalıdır.
Vətəndaş bankdan əməliyyatın hansı üsulla həyata keçirildiyinin, hansı təsdiqləmə vasitələrindən istifadə olunduğunun və vəsaitin hansı istiqamətə köçürüldüyünün araşdırılmasını tələb edə bilər.
Eyni zamanda, telefonuna gələn SMS bildirişlərini, bank hesabından çıxarışları, şübhəli əməliyyatlarla bağlı məlumatları və digər sübutları saxlamalıdır. Dələduzluq əlamətləri olduqda hüquq-mühafizə orqanlarına da müraciət edilməlidir.
Bu məsələdə mühüm hüquqi məqam ondan ibarətdir ki, bankın məsuliyyəti yalnız pulun kimin tərəfindən çıxarılmasından asılı deyil. Bankın həmin əməliyyat zamanı qanunvericiliyin müəyyən etdiyi təhlükəsizlik və yoxlama tələblərinə əməl edib-etmədiyi də araşdırılmalıdır.
Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu bu münasibətləri tənzimləyən əsas hüquqi aktlardan biridir. Qanunun 25-ci maddəsinə əsasən, müştəri onun razılığı olmadan ödəniş əməliyyatının aparıldığını bildirdikdə bank həmin əməliyyatın lazımi qaydada təsdiqləndiyini və düzgün həyata keçirildiyini sübut etməlidir.
Başqa sözlə, vətəndaşın hesabından pul çıxarılması faktı hələ onun həmin əməliyyata razılıq verdiyini göstərmir. Bank əməliyyatın qanuni əsaslarla həyata keçirildiyini təsdiqləyən məlumatları təqdim etməlidir.
Məsələn, vətəndaşın hesabından 2000 manat çıxarılıbsa və o, belə bir əməliyyat aparmadığını bildirirsə, bank sadəcə pulun kart vasitəsilə çıxarıldığını göstərməklə kifayətlənə bilməz. Əməliyyatın hansı qaydada təsdiqləndiyi, təhlükəsizlik tədbirlərinin tətbiq olunub-olunmadığı və müştərinin həqiqətən bu əməliyyata razılıq verib-vermədiyi araşdırılmalıdır. Qanunda müəyyən edilmiş şərtlər daxilində bank müvafiq sübutları təqdim edə bilmədikdə, çıxarılmış vəsaitin geri qaytarılması öhdəliyi yaranır.
— Vətəndaşın məsuliyyəti hansı hallarda məhdudlaşdırılır?
— Qanunvericilikdə vətəndaşların bilməli olduğu mühüm təminatlardan biri də bank kartından icazəsiz pul çıxarıldıqda məsuliyyətin müəyyən hallarda məhdudlaşdırılmasıdır.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 41-ci maddəsinə əsasən, kartın itirilməsi, oğurlanması və ya başqa şəxs tərəfindən icazəsiz istifadə olunması nəticəsində baş verən əməliyyatlara görə vətəndaşın məsuliyyəti müəyyən şərtlər daxilində hər əməliyyat üzrə 100 manatla məhdudlaşdırıla bilər.
Bu nə deməkdir?
Məsələn, vətəndaşın bank kartı oğurlanıb və onun xəbəri olmadan həmin kartdan 2000 manat çıxarılıb. Əgər konkret hadisəyə qanunun 100 manatlıq məsuliyyət həddi tətbiq olunursa, vətəndaş həmin məbləğin ən çox 100 manatlıq hissəsinə görə məsuliyyət daşıya bilər. Qalan 1900 manatın isə geri qaytarılması tələb oluna bilər.
Lakin burada vacib bir məqam var: bu, vətəndaşın hər bir halda mütləq 100 manat itirməli olduğu demək deyil. Qanun bəzi hallarda vətəndaşın ümumiyyətlə məsuliyyət daşımamasını nəzərdə tutur.
Xüsusilə şəxs kartından icazəsiz istifadə olunacağından əvvəlcədən xəbərdar olmayıbsa və özü dələduzluq etməyibsə, qanunun 41.2-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində yaranmış itkiyə görə məsuliyyətdən azad edilə bilər.
Belə vəziyyətdə çıxarılmış məbləğin tam həcmdə geri qaytarılması məsələsi yaranır.
Digər tərəfdən, vətəndaş kartının təhlükəsizliyi ilə bağlı üzərinə düşən öhdəlikləri qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində pozubsa, bütün itkiyə görə məsuliyyət daşıması mümkündür.
Məsələn, vətəndaş bank kartının şifrəsini, təsdiq kodunu və ya digər məxfi məlumatları tanımadığı şəxsə təqdim edibsə, bu hal hüquqi qiymətləndirmə zamanı nəzərə alınır.
Ancaq xüsusi vurğulamaq lazımdır ki, SMS təsdiq kodundan istifadə olunması faktı bankın avtomatik olaraq məsuliyyətdən azad edilməsi üçün kifayət deyil.
Burada vətəndaşın həmin əməliyyata həqiqətən razılıq verib-vermədiyi, məlumatların hansı şəraitdə əldə edildiyi, bankın təhlükəsizlik mexanizmlərinin düzgün işləyib-işləmədiyi və müştərinin davranışında kobud ehtiyatsızlığın olub-olmadığı ayrıca araşdırılmalıdır.
— Bank pulu qaytarmaqdan imtina edərsə, vətəndaş nə etməlidir?
— Təcrübədə bəzən banklar mübahisəli əməliyyatın kart məlumatlarından və ya təsdiq kodundan istifadə edilməklə aparıldığını əsas gətirərək pulun qaytarılmasından imtina edirlər.
Lakin belə bir cavab hər bir halda mübahisənin hüquqi baxımdan həll edildiyi anlamına gəlmir.
Vətəndaş bankdan imtinanın səbəblərini yazılı şəkildə tələb edə, Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ünvanlaya və zərurət olduqda məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı bankın əməliyyatın təhlükəsizliyini necə təmin etdiyi, müştərinin razılığının olub-olmadığı, bankın üzərinə düşən öhdəlikləri yerinə yetirib-yetirmədiyi və vətəndaşın öz davranışı qiymətləndirilir.
Bankın qanunvericilikdən və ya müqavilədən irəli gələn öhdəliklərini pozması nəticəsində vətəndaşa zərər dəymişdirsə, müvafiq hüquqi əsaslar olduqda həmin zərərin ödənilməsi də tələb edilə bilər. Burada bir məsələni də qeyd etmək vacibdir.
Qanunvericilikdə icazəsiz əməliyyatlar barədə banka məlumat verilməsi üçün müəyyən müddətlər nəzərdə tutulduğundan, vətəndaşlar belə hadisələri aşkar etdikdə müraciəti gecikdirməməlidirlər. Nəticə olaraq bildirmək istəyirəm ki, bank kartından icazəsiz pul çıxarılan vətəndaş öz hüquqlarını bilməli və həmin vəsaitin geri qaytarılmasının mümkünsüz olduğunu düşünməməlidir.
Bankların vəzifəsi yalnız müştərilərə kart təqdim etmək və ödəniş əməliyyatlarını həyata keçirmək deyil, həm də qanunvericiliyin tələb etdiyi təhlükəsizlik mexanizmlərini təmin etməkdir.
Eyni zamanda, vətəndaşlar da kart məlumatlarını, şifrələrini və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamalı, şübhəli keçidlərə daxil olmamalı və bank hesablarında baş verən əməliyyatlara diqqətlə nəzarət etməlidirlər.
Ən əsası isə hər bir belə hadisəyə fərdi yanaşılmalıdır. Çünki bankın məsuliyyəti, vətəndaşın mümkün təqsiri və zərərin ödənilməsi məsələsi konkret hadisənin halları əsasında müəyyən olunur.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Parlament müxbiri