“Adamın bir abır-həyası olar!..” -İnsan üçün ən vacib hicab nədir?..-Cümə bəhsləri
16 Oct 2026, 13:23 4 baxış 24 dəq oxuma
“Bəli, olar! Olmalıdır da!.. Çünki ağıl insana düşünməyi, iman inanmağı, həya isə insan qalmağı xatırladır…”
“Bəzi savadlı, təhsilli, ancaq həyati gerçəklikləri anlamaq baxımından cahil valideynlər özlərinin həya, əxlaq çərçivələrini aşan övladları barədə fəxrlə belə cümlələr işlədirlər: “Mənim qızımın heç bir kompleksi yoxdur- sərbəstdir...”
“Bu cür aparıcı liderlər öz həyasızlıqlarını təkcə öz ölkələrinə deyil, bütün dünyaya yoluxdururlar. Onların davranışları cəmiyyətlərə belə bir mesaj verir: guya gücün varsa, istədiyini edə, istədiyini söyləyə, istədiyin prinsipi tapdalaya bilərsən. Halbuki...”
“Həya - insanın daxilindəki mənəvi nəzarət mexanizmidir: onu haqsızlıqdan, alçaqlıqdan, zülmdən, xəyanətdən, başqasının ləyaqətini tapdalamaqdan çəkindirən daxili sərhəddir...”
“Bir rəvayətdə Allah-Təalanın ağıl, iman və həyanı yaratmasından sonra onların bir-birindən ayrılmaq istəmədikləri nəql edilir: ağıl və iman həyasız qalmaq istəmədiklərini bildirirlər…”
“Həmçinin abır-həya bəzilərinin düşündüyü kimi, insanların, o cümlədən uşaq və gənclərin də azadlığına, inkişafına maneə deyil. Əksinə... insana davranışlarının, həyat tərzinin, geyim-geciminin əxlaqi, mənəvi sərhədlərini anladaraq onu nəfsinin, sonda isə başqalarının qulu olmaqdan qoruyan bir qaladır..”
“Bəli, adamın abır-həyası olar! Vəzifəsi, sərvəti, silahı, ordusu, nüvə başlığı, beynəlxalq nüfuzu ola bilər. Fəqət bunların heç biri insana mənəvi məsuliyyətdən yayınmaq, başqalarının həyatını heçə saymaq, özbaşınalığı haqq kimi təqdim etmək səlahiyyəti vermir...”
Bu gün sizə elə bir məfhumdan bəhs edəcəyəm ki, bütövlükdə müasir dünyada, əksər ölkələrdə, o cümlədən doğma Azərbaycanda bir çox insan tərəfindən unudulub, yaxud ən yaxşı halda unudulmaq üzrədir. Söhbət abır-həyadan gedir. Bəli, vaxtilə insanın tərbiyəsinin, mənəviyyatının, daxili zənginliyinin ən mühüm göstəricilərindən sayılan, böyüklərimizin dilindən düşməyən, ailələrdə, məktəblərdə, məhəllələrdə tez-tez eşitdiyimiz “Adamın abır-həyası olar!” ifadəsindən...
Allah-Təalanın insanın idrakına, dilinə, nitqinə və yaddaşına yerləşdirdiyi hər məfhumun özünəməxsus mənası, təsiri, assosiasiyası, mənəvi yükü və nəticəsi var. Bu mənada yaşayışımız, həyat tərzimiz, hətta rifah səviyyəmiz də gündəlik düşündüyümüz, dilə gətirdiyimiz və bir-birimizə münasibətdə işlətdiyimiz sözlərin, ifadələrin məzmunundan və işlənmə tezliyindən müəyyən dərəcədə asılıdır. Hansı sözlərin işlədilməsi və onların nə qədər tez-tez səslənməsi isə ilk növbədə ailə, məhəllə, məktəb və bütövlükdə cəmiyyət mühitindən, həmin mühitlərin mənəvi inkişafından və ya tənəzzülündən xəbər verir...
Bu saat 18, 25, 35 yaşlı gənclərin düşüncəsində və nitqində işlənən sözlərlə 20-30-50 il əvvəlki nəsillərin, eləcə də hazırda 40-60-70 yaşlarında olan insanların işlətdikləri sözlər arasında ciddi fərqlər var. Məsələn, ar, abır, həya məfhumlarını götürək. Ətrafınızı bir qədər diqqətlə dinləyin və düşünün: bu gün həmin sözlər gün ərzində neçə dəfə işlədilir? Onları daha çox kimlər dilə gətirir? Bir vaxtlar tərbiyənin, əxlaqın, insanlıq ölçüsünün ayrılmaz hissəsi olan bu anlayışlar niyə gündəlik danışığımızdan getdikcə uzaqlaşır?..
Hələ təxminən 2010-cu ildə, orta məktəbdə müəllim işlədiyim dövrdə, altıncı sinifdə keçirdiyim növbəti dərslərdən birində şagirdlərə tərbiyə haqqında qısaca danışarkən fikirlərimi əsaslandırmaq üçün “həya” sözünü işlətdim. Sinifdə daha çox intizamsızlığıyla seçilən qız şagirdlərdən biri əlini qaldırıb:
— Müəllim, həya nə deməkdir? — deyə soruşanda, öz-özlüyümdə dəhşətə gəldim.
Həmin şagirddən:
— Heç atan-anən bu barədə sənə danışmayıb? — deyə soruşdum. “Yox” cavabını aldıqdan sonra üzümü sinfə tutdum. Yaxşı ki, şagirdlərdən bir neçəsi “həya”nın nə demək olduğunu birtəhər izah edə bildi...
Bu hadisə məni bir anlıq on-on iki il əvvələ, 1990-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində cəmiyyətdə arsızlığın, həyasızlığın təbliği barədə yazdığım bir neçə köşə və satirik yazıya qaytardı. Həmin yazılarda dünyada və məmləkətimizdə cəmiyyətə arsızlıq, abırsızlıq təlqin etmək üçün sanki müəyyən təşkilatlanmış mərkəzlər və qüvvələr tərəfindən geniş kampaniya aparıldığını vurğulayırdım...
O vaxtlar artıq teleekranlarda “səhnə ulduzları” kimi təbliğ edilən Aygün Kazımova, Brilyant Dadaşova, Samir Bağırov kimi müğənnilərin geyimlərini, davranışlarını, həyat tərzlərini, mahnılarını, kliplərini və televiziya çıxışlarını milli-mənəvi və dini dəyərlərimizə zidd hesab edir, onların vasitəsilə cəmiyyətə arsızlığın, həyasızlığın, əxlaqi sərhədlərin aşınmasının təlqin olunduğunu yazırdım. Hətta belə hallara qarşı hüquqi tədbirlərin görülməsini, qanunvericilikdə zəruri hesab edilən dəyişikliklərin nəzərdən keçirilməsini və sonda bu cür ictimai şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təklif edirdim. Eyni zamanda jurnalist və yazar həmkarlarımı belə müğənni və aktyorları öz yazı və xəbərlərində dtəbliğ etməkdən çəkinməyə çağırırdım...
Çi fayda!..
Ötən illər ərzində istər rəsmi, istər ictimai, istərsə də media səviyyəsində bu tendensiyaya qarşı yetərli və təsirli tədbirlər görülmədi. Əksinə, tənqid etdiyimiz bir sıra təbliğat meyilləri daha da gücləndi; cəmiyyətə arsızlıq, həyasızlıq təlqin edənm sənət adamlarına fəxri adlar və mükafatlar verildi, onların sosial nüfuzu və ictimai görünürlüğü daha da artdı...
Nəticə?..
Nəticənin bir nümunəsi on-on iki il sonra müəllim kimi şəxsən mənim qarşıma çıxdı: 12-13 yaşlı yeniyetmə qızlar arasında “ar”, “abır”, “həya” kimi sözlərin mənasını bilməyənlər vardı. Bu, təkcə bir şagirdin və ya bir sinfin problemi deyildi. Bu, ailədə, məktəbdə və cəmiyyətdə mənəvi tərbiyənin necə zəifləyə bildiyini göstərən narahatedici bir mənzərə idi. Təbii ki, belə bir unutqanlığın bəzi gənclərin sonrakı həyatında mənfi nəticələr doğurması ehtimalı da az deyil…
Əlbəttə, bir şagirdin “həya” sözünü bilməməsindən bütöv bir nəslin mənəviyyatı haqqında qəti hökm çıxarmaq olmaz. Ancaq belə bir hadisə bizi ciddi düşünməyə vadar etməlidir. Çünki dilimizdən çıxan bir sözün yoxa çıxması bəzən onun ifadə etdiyi dəyərin də şüurumuzdan çəkilməsinin əlaməti ola bilər.
Deməli, əxlaqsızlığın, zinakarlığın, fahişəliyin və ailə münasibətlərindəki aşınmanın artması, boşanmaların çoxalması, ailə və ağsaqqallıq institutlarının sarsılması ilə yanaşı, dünyada və məmləkətimizdə arsızlığın, həyasızlığın normallaşdırılmasının nəticələrindən biri də budur: orta və yaşlı nəslin müəyyən istisnaları nəzərə alınmaqla, “ar”, “abır-həya” sözlərinin gündəlik nitqimizdə işlənmə tezliyi xeyli azalıb.
Bu gün nəinki yeniyetmələr, hətta yaşlı insanlar arasında da “vicdan” sözünün, eləcə də “abır-həya”, “namus-qeyrət” anlayışlarının mənasını təhrif edən, yaxud bu məfhumların həqiqi məzmununu unutmuş şəxslərə rast gəlmək mümkündür…
Diqqət edin: 1980-1990-cı illərlə müqayisədə ailələrdə, məktəblərdə “Adamın abır-həyası olar!” ifadəsi nə qədər az işlənir! Halbuki bu cümlə təkcə danlaq deyildi. Onun arxasında bir həyat fəlsəfəsi, tərbiyə məktəbi, insanın özünə və başqalarına münasibətini müəyyənləşdirən mənəvi ölçü dayanırdı...
İndi isə bəzi savadlı, ancaq həyati gerçəklikləri anlamaq baxımından cahil valideynlər özlərinin həya, əxlaq çərçivələrini aşan övladları barədə fəxrlə belə cümlələr işlədirlər: “Mənim qızımın heç bir kompleksi yoxdur- sərbəstdir...” Belələri əslində özləri də fərqinə varmadan kompleksizliyi məhz həyasızlıq kimi anlayır. Yəni qızım, yaxud oğlum küçədə-bayırda necə gəldi- açıq-saçıq geyinir, ata-ananın, digər böyüklərin, o cümlədən müəllimlərinin yanında ağzına gələni danışırsa, deməli, komplekssizdir. Halbuki, komplekssizlik müsbət mənada sosiallaşmağı bacarmaq, ünsiyyətcil olmaq, yersiz utancaqlıqdan, məsələn sinifdə, bir geniş auditoriya, yaxud kamera qarşısında faydalı çıxışlar etməkdən, dərsini danışmaqdan, şeir deməkdən, nəğmə oxumaqdan və s. çəkinməməkdir..
Həmçinin abır-həya bəzilərinin düşündüyü kimi, insanların, o cümlədən uşaq və gənclərin də azadlığına, inkişafına maneə deyil. Əksinə, məhz elə demokratik, Qərb dəyərlərində şəxsi azadlığın sərhədlərinin başqalarının azadlıqları başladığı yerdə bitdiyini anladan mənəvi sərhəddir... Və digər tərəfdən və ən əsası, insana davranışlarının, həyat tərzinin, geyim-geciminin əxlaqi, mənəvi sərhədlərini anladaraq onu nəfsinin, sonda isə başqalarının qulu olmaqdan qoruyan bir qaladır..
Bir sözlə, abır-həya insan, xüsusilə də müsəlman və türk üçün bu gün müzakirə edilən zahiri hicab qədər, bəlkə də ondan daha dərin mənəvi əhəmiyyət daşıyan bir dəyərdir. Əslində, abır-həya insanın ən vacib mənəvi örtüyü, ən mühüm hicabıdır...
Bəs abır-həyanın aradan qalxmasının əsas səbəbləri hansılardır?..
Əlbəttə, ən başlıca səbəblərdən biri təkcə dini və milli dəyərlərdən deyil, bütün bəşəriyyət üçün vacib olan ümumbəşəri əxlaq prinsiplərindən də uzaqlaşmaqdır. Bu uzaqlaşma müxtəlif amillərlə bağlıdır. Onların arasında xüsusilə diqqət çəkən iki istiqaməti qeyd etmək istərdim.
Birincisi: Qərbdən, Avropadan və qlobal kütləvi mədəniyyətdən gələn, getdikcə daha ifrat şəkillər alan açıq-saçıq səhnə obrazlarının, cinsi məzmunlu təqdimatların və əxlaqi sərhədləri heçə sayan davranış modellərinin musiqi, kino, reklam, sosial şəbəkələr və digər vasitələrlə təbliği. Pornoqrafik məzmunun isə yetkinlik yaşına çatmayanların belə asanlıqla əlinə keçməsi...
Əlbəttə, buna nümunələr çəkməyə ehtiyac yoxdur. Əksəriyyətimiz bu mənzərəni yaxşı tanıyırıq. Bununla belə, bir məqamı da unutmayaq: bütün Qərbi, bütün Avropanı və ya bütün müasir mədəniyyəti eyni qəlibə salmaq doğru olmaz. Məsələ coğrafiyada deyil, insan ləyaqətini, uşaqların psixoloji təhlükəsizliyini və mənəvi məsuliyyəti heçə sayan məzmunun hansı cəmiyyətdə istehsal olunmasından asılı olmayaraq təbliğ edilməsindədir.
İkincisi: Dünyanın aparıcı dövlətlərinin rəhbərləri də daxil olmaqla, bir sıra siyasi liderlərin öz xalqlarına, beynəlxalq təşkilatlara və başqa dövlətlərə münasibətdə beynəlxalq hüquq prinsiplərini, ümumbəşəri dəyərləri və mənəvi məsuliyyəti nəzərə almayan siyasi gedişləri, davranışları, çıxışları, göstərişləri və qərarlarıdır.
Siyasi həyasızlığın ən bariz nümunələrindən biri son onilliklərdə Rusiya və ABŞ kimi böyük güclərin, eləcə də İsrail kimi regionda mühüm siyasi və hərbi təsirə malik dövlətlərin rəhbərlərinin davranışlarında müşahidə olunan, getdikcə daha açıq şəkildə nümayiş etdirilən mənəvi və siyasi məsuliyyətsizlikdir.
Ukraynaya qarşı Rusiyanın başlatdığı genişmiqyaslı müharibəni, Qəzzada dinc əhalinin məruz qaldığı kütləvi soyqırımı, dağıntıları və humanitar fəlakəti, İsrailin İranla bağlı hərbi əməliyyatlarını, eləcə də İran ətrafında baş verən hərbi eskalasiyanı göz önünə gətirin. Vladimir Putinin, Donald Trampın və Binyamin Netanyahunun çıxışlarını, siyasi gedişlərini və qərarlarını beynəlxalq hüquq, insan həyatı və siyasi məsuliyyət baxımından qiymətləndirin. Bir çox məqam aydın olacaq...
Burada söhbət hansısa siyasi lideri şəxsi antipatiya zəminində təhqir etməkdən getmir. Söhbət dövlət başçısının vəzifəsindən, sahib olduğu gücdən asılı olmayaraq, insan həyatına, hüquqa, həqiqətə və mənəvi məsuliyyətə münasibətindən gedir. Çünki siyasi güc insanı məsuliyyətdən azad etmir; əksinə, onun məsuliyyətini daha da artırır...
Aydın olur ki, həm ayrı-ayrı insanlar, həm də bütövlükdə bəşəriyyət üçün ən təhlükəli şəxslər əqidəsiz, prinsipsiz, mənəvi meyarlardan məhrum olan və buna görə də həyasızlığı özünə davranış normasına çevirən insanlardır. Belələri yalnız öz həyatlarını deyil, əllərindəki hakimiyyət və təsir imkanları vasitəsilə milyonlarla insanın taleyini də təhlükəyə atırlar.
Bu cür aparıcı liderlər öz həyasızlıqlarını təkcə öz ölkələrinə deyil, bütün dünyaya yoluxdururlar. Onların davranışları cəmiyyətlərə belə bir mesaj verir: guya gücün varsa, istədiyini edə, istədiyini söyləyə, istədiyin prinsipi tapdalaya bilərsən. Halbuki insanlığın ən böyük bədbəxtliklərindən biri məhz bu yanlış düşüncənin normaya çevrilməsidir.
Belə məqamlarda istər-istəməz el dilində demək istəyirsən:
“Ə, bəsdirin, adamın bir abır-həyası olar!..”
Bəli, adamın abır-həyası olar! Vəzifəsi, sərvəti, silahı, ordusu, nüvə başlığı, beynəlxalq nüfuzu ola bilər. Fəqət bunların heç biri insana mənəvi məsuliyyətdən yayınmaq, başqalarının həyatını heçə saymaq, özbaşınalığı haqq kimi təqdim etmək səlahiyyəti vermir.
Putinin və Trampın, eləcə də digər siyasi liderlərin davranışlarını tənqid edərkən eyni meyarı hamıya tətbiq etmək lazımdır. Demokratiyanın beşiyi hesab edilən ölkənin rəhbərinin davranışına daha yüksək mənəvi və siyasi məsuliyyət ölçüsü ilə yanaşılması da təbiidir. Lakin heç bir ölkənin, heç bir xalqın və ya liderin ünvanına yönələn tənqid ayrı-ayrı xalqları alçaltmağa çevrilməməlidir. Bizim mühakimə etməli olduğumuz millətlər deyil, konkret əməllər, qərarlar və məsuliyyətsizlik nümunələridir…
Abır-həya insan, insanlıq, ailə, ağsaqqallıq, millət və dövlət institutları üçün son dərəcə vacib dəyərdir. Bu, sadəcə utancaqlıq, çəkingənlik və ya başqalarının fikrindən qorxmaq demək deyil. Həya - insanın daxilindəki mənəvi nəzarət mexanizmidir: onu haqsızlıqdan, alçaqlıqdan, zülmdən, xəyanətdən, başqasının ləyaqətini tapdalamaqdan çəkindirən daxili sərhəddir...
İslam ənənəsində ağıl, iman və həya arasında sıx mənəvi bağlılıq qurulur. Xalq arasında geniş yayılmış bir rəvayətdə Allah-Təalanın ağıl, iman və həyanı yaratmasından sonra onların bir-birindən ayrılmaq istəmədikləri nəql edilir: ağıl və iman həyasız qalmaq istəmədiklərini bildirirlər… Rəvayətin ifadə etdiyi mənəvi fikir aydındır: ağılın istiqaməti, imanın səmimiyyəti və həyanın qoruyucu gücü bir-birindən ayrı düşünülməməlidir. İnsanın ağlı olub vicdanı, imanı olub məsuliyyəti, biliyi olub həya hissi yoxdursa, bütün bunların başqalarına fayda verməsi də sual altına düşür…
Abır-həya — dinindən, irqindən, milliyyətindən, varlı və ya kasıb, vəzifəli və ya vəzifəsiz olmasından asılı olmayaraq, əsl insanın ən mühüm mənəvi keyfiyyətlərindən biridir.
Allah-Təalanın Quranda mömin qadınlara buyurduğu örtünmə və həya ilə bağlı göstərişlər İslam əxlaqının mühüm hissəsidir. “Hicab” sözü ərəb dilində pərdə, örtük, maneə və ayırıcı sədd kimi mənalar daşıyır. Ancaq hicabın mənəvi mahiyyətini yalnız geyimlə məhdudlaşdırmaq olmaz. İnsanın baxışında, danışığında, davranışında, niyyətində və başqalarına münasibətində də onu yanlışdan çəkindirən mənəvi sərhədlər olmalıdır. Bu mənada həya kişilər üçün də, qadınlar üçün də vacib əxlaqi keyfiyyətdir… Çünki mənəvi hicabı olmayan insandan hər cür alçaqlıq, namərdlik, xəyanət və hətta cinayət gözləmək mümkündür. Zahiri görünüş insanın daxili aləminin zəmanəti deyil. İnsan özünü nə qədər dindar, mədəni, nüfuzlu və ya hörmətli təqdim etsə də, onun əsl mənəvi səviyyəsi başqalarının haqqına, ləyaqətinə və təhlükəsizliyinə necə münasibət göstərməsində üzə çıxır...
Tarix boyu qətllərin, münaqişələrin, döyüşlərin və müharibələrin arxasında müxtəlif siyasi, iqtisadi, dini və sosial səbəblər dayanıb. Lakin onların çoxunda insan həyatını, vicdanı və mənəvi sərhədləri heçə sayan yanaşmaların mühüm rol oynadığı da danılmazdır. Mənəvi hicabını itirmiş insan üçün başqasının həyatı, ailəsi, haqqı və ləyaqəti asanlıqla tapdalanan dəyərlərə çevrilə bilər.
Bununla belə, insanın layiqli, qapalı geyinməsi hələ onun mütləq mənəvi hicaba sahib olması demək deyil. Tarixdə də, müasir dünyamızda da hicablı qadınların, əmmaməli kişilərin və özünü dindar kimi təqdim edən şəxslərin törətdiyi çoxsaylı cinayət nümunələri var. Bu faktlar zahiri dindarlığın öz-özlüyündə əxlaqın və insanlığın təminatı olmadığını göstərir...
Amma buradan belə nəticə çıxarmaq da olmaz ki, kim necə istəyirsə, elə geyinsin və cəmiyyət arasına çıxsın. Geyim məsələsində insanın ləyaqəti, şəxsi azadlığı, ictimai mühit və qarşılıqlı hörmət arasında tarazlıq qorunmalıdır. İnsan Allaha iman gətirmiş olmasa belə, ən azı özünə və yaşadığı cəmiyyətə hörmət bəsləməlidir...
“Mən necə istəyirəmsə, elə də açıq-saçıq geyinirəm, heç kimin fikri məni maraqlandırmır” düşüncəsi də, əgər başqalarına hörmətsizliyi və bütün ictimai məsuliyyətin rədd edilməsini ifadə edirsə, mənəvi məsuliyyətsizliyin, həyasızlığın bir formasıdır. Bununla yanaşı, geyimin bir qədər açıqlığına əsaslanaraq insanın əxlaqı barədə qəti hökm vermək də düzgün deyil. Həyanın ölçüsü təkcə zahirdə deyil, insanın davranışında, niyyətində və başqalarına münasibətində axtarılmalıdır...
Eyni zamanda hicablı qadın da zahiri örtüyü ilə yanaşı, mənəvi dəyərlərini qorumağa çalışmalı, ən ağır, müdafiəsiz və hüquqlarının tapdalandığı vəziyyətlərdə belə, öz ləyaqətini itirməməyə çalışmalıdır. Bu, onun susmağa, haqsızlığa boyun əyməyə və ya öz hüquqlarını müdafiə etməkdən çəkinməyə borclu olması demək deyil. Əksinə, insanın öz hüququnu tələb etməsi, zülmə etiraz etməsi, haqqını müdafiə etməsi də mənəvi ləyaqətin ifadəsidir. Həya haqsızlıq qarşısında susmaq deyil; başqasına zülm etməmək və özünü də zülmün qarşısında müdafiəsiz qoymamaqdır...
Həya insanın səsinin tonuna, ağzından çıxan sözlərə, davranışına diqqət yetirməsi, qəzəb anında belə, mənəvi sərhədlərini qorumasıdır. Bu keyfiyyət nə qadını, nə kişini alçaldır; əksinə, insanın özünü idarə etmək qabiliyyətini və daxili gücünü göstərir.
Birinci Dünya müharibəsində döyüşçü kimi iştirak etmiş rəhmətlik ulu babam Əbdüləli bəyin dediyi bir söz yadıma düşür. Deyərmiş:
“Oğul, topu-tüfəngi olan adamdan yox, abır-həyası olmayan adamdan qorx...”
Bu sözün dərinliyinə fikir verin. Ulu babam silahı, gücü, döyüş təcrübəsi olan adamı deyil, daxilindəki mənəvi sərhədləri itirmiş insanı daha təhlükəli hesab edirdi. Çünki silahlı adamın qarşısını bəzən başqa bir silahla, müəyyən hüquqi və ya fiziki vasitələrlə almaq olar. Bəs vicdanını, həya hissini, mənəvi məsuliyyətini itirmiş insanı nə dayandıracaq?.. Onu nə başqasının göz yaşı, nə ailələrin dağılması, nə günahsız insanların ölümü, nə də tarix qarşısında cavab vermək qorxusu dayandırırsa, belə bir insanın əlindəki güc artıq hamı üçün təhlükəyə çevrilir...
Elə buna görə də abır-həya yalnız şəxsi keyfiyyət deyil. O, ailənin bütövlüyünü, cəmiyyətin sağlamlığını, dövlətin məsuliyyətini, insanlığın gələcəyini qoruyan mənəvi dayaqlardan biridir.
Bu dəyəri uşaqlarımıza öyrətməliyik. Ailələrdə, məktəblərdə, mediada, incəsənətdə və siyasətdə onun əhəmiyyətini yenidən gündəmə gətirməliyik. Uşağa, şagirdə, tələbəyə təkcə hansı geyimi geyinməli olduğunu deyil, başqasının ləyaqətinə necə yanaşmalı olduğunu da anlatmalıyıq. Və direktor, rektor və müəllimlər bu sahədə uşaq və gənclərə nümunə olmalıdır.. Sovet dövründə şagirdlərin əxlaq kodeksi olardı. İndi də belə kodekslər tərtib edilməli və orada uşaqlarımıza ağıl, iman və həyanın, yəni mənəvi hicabın vacibliyi anladılmalıdır...
Gəncə təkcə uğur qazanmağı deyil, uğur naminə hansı sərhədləri aşmamalı olduğunu da öyrətməliyik. Hakimiyyət sahibinə təkcə gücünü necə artıracağını deyil, həmin gücü hansı mənəvi və hüquqi sərhədlər daxilində işlətməli olduğunu da xatırlatmalıyıq... Çünki insanın həqiqi böyüklüyü hər istədiyini edə bilməsində deyil, edə biləcəyi bəzi şeylərdən vicdanına görə çəkinməsindədir.
Və nəhayət, bir daha həmin ifadəyə qayıdaq. Bəzən bir cümlə bütöv bir kitabdan daha çox məna daşıyır. Bizim böyüklərimizin dilindən düşməyən, bu gün isə getdikcə az eşitdiyimiz o sadə, amma dərin ifadəyə:
“Adamın abır-həyası olar!..”
Bəli, olar! Olmalıdır da!.. Çünki ağıl insana düşünməyi, iman inanmağı, həya isə insan qalmağı xatırladır…