Çin və Hindistan arasında hərbi-texniki əməkdaşlığın genişlənməsi Asiyada geosiyasi münasibətlərin gələcək istiqamətləri baxımından diqqət çəkir. Qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşdiyi bir şəraitdə iki Asiya dövlətinin müdafiə sənayesi sahəsində yaxınlaşması beynəlxalq silah bazarındakı rəqabətə və böyük dövlətlərin strateji maraqlarına təsir göstərə bilər.
Maraqlıdır, Çin və Hindistan arasında hərbi-texniki əməkdaşlığın genişlənməsi beynəlxalq silah bazarında güc nisbətinə necə təsir edə bilər və bu yaxınlaşma ABŞ və Rusiyanın regiondakı geosiyasi və hərbi-strateji maraqları baxımından hansı nəticələr doğura bilər?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Oktay Qasımov açıqlama verib.
Oktay Qasımov bildirib ki, Çin və Hindistanın hərbi-texniki sahədə əməkdaşlığı iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilə bilər:
"Bu iki dövlət indiyədək ciddi problemləri olan Asiya gücləri hesab olunur. Hazırda Çin dünyanın ikinci qlobal gücünə çevrilib, Hindistan isə qlobal oyunçu olmaq istiqamətində addımlar atır və dünyanın beşinci ən böyük iqtisadiyyatına malikdir.
Hindistan müstəqillik əldə etdikdən sonra iki ölkə arasındakı münasibətlər uzun müddət gərgin olaraq qalıb. Sərhədlərlə bağlı fikir ayrılıqları vaxtaşırı hərbi qarşıdurmalara da səbəb olub.
Belə qarşıdurmaların sonuncusu bir neçə il əvvəl baş verib. Son dövrlərdə isə tərəflər arasında müəyyən yumşalma və yaxınlaşma müşahidə olunur. Bunun nəticəsi olaraq hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra razılaşmalar əldə edilib. Çin son onillikdə mühüm iqtisadi nailiyyətlərlə yanaşı, elm və texnologiya sahəsində də ciddi uğurlar qazanıb, müasir hərbi-sənaye kompleksi yaradıb.
Çin silahları real döyüş şəraitində də sınaqdan keçmiş texnologiyalar kimi qiymətləndirilir. Bu baxımdan, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı onların qlobal miqyasda mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxara bilər. Çinin Hindistanla yaxınlaşmasının digər səbəblərindən biri ABŞ-ın Hindistanla kifayət qədər yaxşı münasibətlərə malik olmasıdır. Hindistan da Qərblə əlaqələrini qorumaq məqsədilə praqmatik siyasət yürüdür.
Çin isə Hindistanın tam şəkildə ABŞ-ın təsiri altına düşməsinin qarşısını almaq üçün bu ölkə ilə yaxınlaşmağa və ona təsir imkanlarını artırmağa çalışır. Bu yanaşma Çinin strateji baxımdan düşünülmüş addımı kimi qiymətləndirilə bilər".
Politoloq vurğulayıb ki, Hindistan da bu əməkdaşlıqdan fayda əldə edəcək:
"Son illərdə ölkənin hərbi-sənaye kompleksində ciddi inkişaf müşahidə olunur və Hindistan dünyanın silah tədarükçülərindən birinə çevrilməkdədir.
Bununla yanaşı, ölkə silah və hərbi texnikanın mühüm idxalçılarından biri olaraq qalır. Bu baxımdan, Çinlə əməkdaşlıq dünyada silah ticarətində aparıcı mövqelər qazanmağa yönəlmiş razılaşma kimi də dəyərləndirilə bilər.
Hazırda beynəlxalq silah ixracatında ABŞ aparıcı mövqeyə malikdir. Çin də bu sahədə ABŞ-la rəqabətə qoşulur. Çin bunu açıq şəkildə bəyan etməsə də, atılan addımlar belə bir rəqabətin mövcudluğuna işarə edə bilər. Rusiyaya gəldikdə isə, Hindistanın bu ölkə ilə də kifayət qədər dinamik münasibətləri var.
Ötən il Çinlə Rusiya arasında ticarət dövriyyəsi 214 milyard dollara çatıb, Hindistanla Rusiya arasındakı ticarət dövriyyəsi isə son illərdə 60 milyard dollara qədər yüksəlib.
Bu göstəricilər hər iki ölkənin Rusiya üzərində müəyyən təsir imkanlarının formalaşmasına şərait yaradıb. Rusiya indiyədək böyük silah tədarükçüsü rolunda çıxış etsə də, Ukrayna müharibəsindən sonra onun beynəlxalq silah bazarındakı mövqeyi xeyli zəifləyib.
Bir çox ölkələr daha yüksək texnologiyalara əsaslanan sistemlərə yönəlir. Rusiyanın isə yüksək texnologiyalar sahəsində hələlik bir qədər geridə qaldığı düşünülür.
Bu baxımdan, Çin və Hindistan arasında yaxınlaşma nə Rusiyanın, nə də ABŞ-ın maraqlarına uyğun hesab edilə bilər. Hər iki ölkə gələcəkdə beynəlxalq silah ticarətində ABŞ və Rusiya ilə rəqabətdə öz mövqelərini gücləndirməyə yönəlmiş addımlar atır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor