Bəzi sıyıqlar qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə, ardınca isə yorğunluq və aclıq hissinin yaranmasına səbəb ola bilər.
 




Moderator.az TSN-ə istinadən xəbər verir ki, bütün sıyıqlar səhər yeməyi üçün eyni dərəcədə faydalı deyil. Xüsusilə bəzi növlərin müntəzəm istehlakı qanda şəkərin səviyyəsinə təsir göstərə bilər.
 
Əsas səbəblərdən biri sıyığın qlisemik indeksinin yüksək olmasıdır. Belə qidalar qanda şəkərin səviyyəsini sürətlə artırır və insulinin kəskin ifrazına səbəb olur. Nəticədə yaranan enerji artımı qısa müddət davam edir, daha sonra isə halsızlıq və aclıq hissi yarana bilər. Artıq qlükozanın yağ şəklində toplanması isə piylənmə riskini artırır.
 
Hansı sıyıqlara diqqət etmək lazımdır?
 
Manna sıyığı
 
Buğdadan hazırlanan manna sıyığının tərkibində lif çox azdır. Tez həzm olunan bu qida qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Məqalədə onun müntəzəm istehlakının, xüsusilə uşaqlarda, həzm problemləri yarada biləcəyi də bildirilir.
 
Ağ düyü sıyığı
 
Təmizlənmiş ağ düyüdən hazırlanan sıyıq lif baxımından kasaddır və uzun müddət toxluq hissi yaratmaya bilər. Buna görə də səhər yeməyindən qısa müddət sonra yenidən aclıq yarana, nəticədə gün ərzində həddindən artıq qidalanma riski arta bilər.
 
Tez hazırlanan sıyıqlar
 
Cəmi beş dəqiqəyə hazırlanan sıyıqlar intensiv istilik emalından keçirilir. Bu məhsulların bəzilərində lif az, əlavə şəkər və süni ətirləndiricilərin miqdarı isə yüksək ola bilər.
 
Qarğıdalı sıyığı
 
Qarğıdalı sıyığının təsiri onun hansı formada hazırlandığından asılıdır. Emal olunmuş qarğıdalı lopaları və bəzi yarma növləri qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola bilər.
 
Səhər yeməyi üçün hansı sıyıqlar seçilməlidir?
 
Liflə zəngin, az emal olunmuş dənli məhsullara üstünlük vermək məsləhətdir. Tam taxıllı yulaf sıyığı, qarabaşaq, bulqur və arpa yarması bu baxımdan daha münasib seçimlərdir. Onlar daha uzun müddət toxluq hissinin qorunmasına kömək edə bilər.