Bakı Uşaq və Gənclər Teatrının aktyoru Rauf Hüseynov Moderator.az-ın suallarını cavablandırıb.
 




-Rauf bəy, ötən mövsüm sizin üçün necə yadda qaldı və yeni teatr mövsümündən gözləntiləriniz nələrdir?
 
-Ötən teatr mövsümü mənim üçün olduqca maraqlı, yaradıcılıqla zəngin və yeniliklərlə dolu bir dövr oldu. Teatrımızın yaradıcısı, bədii rəhbəri, direktoru, mənim müəllimim, teatr sahəsini sıfırdan öyrəndiyim Əməkdar artist İntiqam Soltanın çox maraqlı, qələbəmizin 5 illiyinə həsr olunmuş “Addım-Addım Vətəndə” layihəsinə start verildi. Həmçinin  İntiqam müəllimin uşaqlar üçün qurduğu tamaşada rol aldım. Bununla yanaşı Yazıçı Aygün Həsənoğlunun "Gözlə məni, məktəb" pyesini mən və dostum Mehman Dilqəmoğlu ilə birlikdə teatrda səhnələşdirdik. Əsər tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. Yeni teatr mövsümündən gözləntilərimiz isə həmişə olduğu kimi yüksəkdir. Daha maraqlı səhnə əsərləri, dərin məzmunlu layihələr, tamaşaçılarımızın sevgisini qazanacaq yeni rollar, tamaşalar arzulayıram.

-Bakı Uşaq və Gənclər Teatrının əsas məqsədi, amalı nədir və sizcə teatr məqsədinə çatmış sayılırmı?
 
-Bakı Uşaq və Gənclər Teatrının məqsədi və amalı ilk növbədə uşaq və gənclərə tərbiyəvi və maarifləndirici tamaşalar təqdim etmək, gənc nəslə teatr sevgisin çatdırmaqdır. Həm də teatrın amallarının daha geniş reallaşması üçün özünün binası olmalıdır.
 
-Rauf, siz necə deyərlər başdan-ayağa teatr adamısız. Teatrda çalışmadığınız iş olmayıb və ən sonda aktyor, rejissor olmusuz. Bu gün fikirləşəndə bütün bu əziyyətlərə dəyərdimi? Yoxsa?
 
-Əvvala deyim ki, mən rejjissor deyiləm amma teatr sahəsini, səhnəni çox sevirəm və bacardığım qədər teatrı öyrənməyə çalışmışam və yenə də öyrənirəm. Mənim fikirimcə aktyor və ya rejissor olmaq sadəcə peşə deyil, həyat tərzi, teatrla nəfəs almaq və ruhun səhnədə teatrda yaşanmasıdır. Teatrı sevə bilməyən insan teatrda qala bilməz deyirlər. Amma elə aktyor, aktrisalar tanıyıram ki, teatrı sevir, teatrsız qala bilmir, maddiyyata görə məcbur teatr sahəsindən uzaqlaşıblar. Başqa işlə məşğuldurlar.
 
-Aktyor ömür boyu rejissorun ona verəcəyi rolun axtarışında olur.. Daim gözləyir amma həmin rolu oynamadan gedir.. Sizin də nakam qaldığınız rollar olub?
 
-Əslində maraqlı sualdır, amma bizim teatrda tamaşaların 90% uşaqlar üçün olduğuna görə obrazlar məlumdur. Aktyor hər zaman böyük rollar oynamaq istəyir. Amma hər bir teatrın özünəməxsus tamaşaları var.

-Əslində həm də rejissor olduğunuz üçün istədiyiniz rolu oynamaq şansınız da çox olur. Heç olubmu vəziyyətdən sui-istifadə edib, hazırlamaq istədiyiniz tamaşada baş rolu özünüzə verəsiz yoxsa sırf rejissor kimi fəaliyyət göstərmisiz?
 
-Sui-istifadə, yoxsa sənət ehtiyacı? Məsələ situasiyadan sui-istifadə etməkdə deyil, tamaşanın xeyrinə doğru qərar verməkdədir. Hər bir obraz doğru bölüşdürülməlidir. Düzgün obraz bölgüsü olmasa tamaşa uğurlu olmaz. Hər kəs öz obrazına uyğun bölüşdürülməlidir.
 
-Aktyor kimi arzularınız nələrdir?
 
-Çox istərdim və arzu edərdim ki, Azərbaycanda aktyorlara, ələxsus da teatr adamlarına diqqət etsinlər. Filmlərdə, seriallarda, reklamlarda büdcə ayrılır, texniki işlərə bölüşdürəndən sonra yerdə qalan büdcəni aktyorlara ayırıb deyirlər ki, filan qədər büdcəmiz  var, çəkilərsən oynayarsan?. Bu sözü müğənnilərə deyə bilərlər?! Əlbəttə ki, deyə bilməzlər.
 
-Nə vaxtsa bu teatrı tərk edib başqa sənət ocağına getmək fikriniz olub yoxsa?
 
-Bəzi aktyorlar teatrla bərabər başqa işlərdə də çalışırlar. (Çəkiliş, televiziya) Həmçinin mən də. Amma teatrı qoyub getmək ağlımdan keçməyib. Çünki teatrda aktyor öz aktyor dostlarına,  kollektivinə və səhnəsinə elə bağlanır ki, teatrı sadəcə iş yeri kimi deyil, əsl ikinci ev kimi qəbul edir. Buna görə də aktyorların bir çoxu üçün teatrdan ayrılmaq və ya başqa yerə getmək qərarı çox çətin olur.
 
-Rauf, uşaqlar 21 əsrə uyğun daha çox sosial şəbəkə və telefon, texnika ilə vaxt keçirirlər. Nə qədər teatr təbliğat aparsa da bu mövzuda onlara uduzur.. Sizcə uşaqları necə real aləmə qaytarmaq olar?
 
-Uşaqlar teatra gələndə  tamaşaçı kimi deyil, baxdıqları tamaşada həmin bir süjetin bir hissəsi kimi iştirak edib özlərini orda görməlidirlər. Elə tamaşalar olmalıdır ki, tamaşanın gedişatını uşaqların seçimləri həll etsin. Onda özlərini orda görüb daha da maraqlanmalıdılar. Necə ki, kompyuter oyunları onları özünə çəkir.

-Yəni teatra, kinoya daha da həvəsləndirmək olar və teatrınız bu mövzuda hansı işlər görür?
 
-Bu suala ancaq admistrativ heyət cavab verə bilər.
 
-Bəs Rauf öz övladlarına teatrı sevdirə bilirmi? Çətinlik çəkdiyiniz məqamlar varmı?
 
-Bəli, mənim övladlarım teatrı sevir. Hər həftə hansı tamaşanın olacağını da soruşurlar. Bu yaxınlarda oğlum deyir ki, müəllimə sinfə girib deyir, “tanımadığınız kimsə sizə yaxınlaşsa, nəsə desə, yaxud nəsə versə heçnə demədən məktəbə qaçın”. “Ata sizdə bir tamaşa var, o tamaşada da ana keçi öz balalarına elə deyir. Baların canavardan qorumaq üçün deyir?” Dedim ki, bəli. Oğlum yenidən sual verdi ki, “onda müəllimələr də bizi pis insanlardan qoruyur?” Dedim ki, bəli. Müəllimlər şagirdlərə təkcə rəqəm və ya hərf öyrətmir, həm də həyatı, yaxşını və pisi yaxşıdan seçməyi öyrədir. Hər bir insan ona tərbiyə verəni sevməlidir. Məktəb təhsil, teatr isə mədəniyyət ocağıdır. Biz onu sevməliyik.