“Amerikalı ekspertlərin fikrincə, yeganə məqbul variant belədir: Donald Tramp heç bir sülh sazişi bağlamadan, sadəcə öz qələbəsini elan edərək geri çəkilməli və müharibəni dayandırmalıdır…”
 




Tannmış tədqiqatçı Araz Şəhrili Moderator.az-ın “ABŞ+İsrail-İran qarşıdurması, Hörmüz boğazındakı son durum və Husilərlə Səudiyyə Ərəbistanı toqquşmaları haqda necə şərh verərdiniz” sualına   “Puç olmuş xəyallar...” başlıqlı analitik yazı ilə cavab verib. Yazını olduğu kimi dəyərli oxucularımızın nəzərinə çatdırırıq:
 
“Cari ilin noyabr seçkiləri ərəfəsində ABŞ prezidenti Donald Trampın İranla müharibədə imkanları tükənmək üzrədir. Onları sadalayaq:
 
1. İranın Ali Rəhbəri Seyid Müctəba Xameneinin yerini müəyyənləşdirib, qəfil zərbə ilə onu qətlə yetirmək Trampla Netanyahunun ən böyük arzusudur. Lakin ABŞ-İsrail cütlüyü bu günədək həmin məqsədə nail olmayıb. Vaxt isə getdikcə daha da daralır…
 
2. “Məkkə sazişi” vasitəsilə Türkiyə və Pakistanı əvvəlcə Yəmənlə, sonra isə üsulluca İranla müharibəyə cəlb etmək planı da hələ ki, alınmır. Bunun da əsas səbəbi odur ki, Pakistan Çindən çox asılıdır. Həmçinin nə Türkiyə, nə də Pakistan ABŞ-İsrail cütlüyünün əlində alət olmaq istəyir…
 
3. Xərg və ya Qəşm adalarını ələ keçirib İranı çıxılmaz vəziyyətə salmaq istəyi də elə arzu olaraq qalır. Çünki adaya çıxarılacaq desant ballistik və qanadlı raketlərin "Şahed" və “FPV” dronlarının aramsız zərbələrinə məruz qalacaq. “FPV” dronlarına qarşı effektli mübarizə vasitələri isə ən yaxşı halda 2028-2029- cu illərdə hazırlana bilər…
 
4. ABŞ ordusu və maliyyə nazirliyinin tətbiq etdiyi blokada və sanksiyalar İran iqtisadiyyatını həqiqətən də boğur. Lakin İran dövləti müxtəlif sxem və üsullarla bu tədbirlərin təsir gücünü aşağı salır. İranla həmsərhəd ölkələrin əksəriyyəti mühasirə əməliyyatına qoşulmayıb. İran vətəndaşlarının əhəmiyyətli bir hissəsi isə məhrumiyyətlərə baxmayaraq dövləti dəstəkləyir. Bir məsələni də qeyd edək. Orta statistik bir insanın yaşayıb normal fəaliyyət göstərməsi üçün ona gündəlik təxminən 2.000 kalori lazımdır. Bu isə dövlət üçün, əslində, böyük rəqəm deyil. Əsas şərt ədalətli və düzgün bölgünün aparılmasıdır. İranda buna hələ ki, riayət olunur. Mühasirə ABŞ iqtisadiyyatına da zərbə vurur. Belə ki, dizel yanacağının və ərzaq məhsullarının qiyməti sürətlə artır.
 
5. Tramp və Netanyahu İrandakı Pikes dağını və ölkənin infrastrukturunu məhv etmək niyyətində olduqlarını dəfələrlə bəyan ediblər. Hətta son günlərdə "bütün bombaların anası" adlanan 9.800 kq çəkisi olan GBU-43/B-nin tətbiq olunacağı barədə fikirlər də səslənir. İran isə bildirib ki, belə bir zərbəyə məruz qalsa, körfəzin altından keçən və təxminən 2 trilyon dollar dəyəri olan kabel xətlərini kəsəcək və ABŞ müttəfiqlərinin bütün infrastruktur obyektlərini məhv edəcək. Müharibənin əvvəlki mərhələsindən məlumdur ki, İran bunu həyata keçirmək gücündədir...
 
6. Son aylarda Donald Tramp, eləcə də ABŞ və İsrailin müəyyən dairələri İrana qarşı taktiki və hətta strateji nüvə silahından istifadənin mümkünlüyünü də dilə gətirirlər. Lakin bu zərbə bir tərəfdən başqa nüvə ölkələri üçün presedent yaradacaq, digər tərəfdən İsrailin də yerləşdiyi bölgənin ekologiyasına mənfi təsir göstərəcək. Ən əsası isə İranın İsrailə və ABŞ bazalarına nüvə zərbəsi endirəcəyi barədə qorxulu və kifayət qədər əsaslandırılmış proqnoz var. Xüsusilə İsraildəki Dimona nüvə mərkəzi taktiki nüvə silahı ilə vurulsa, nəticələr fəlakətli olacaq.
 
7. Belə bir fikir də var ki, Yəmən dövlətinə qarşı əməliyyatlar Səudiyyə Ərəbistanını düşdüyü çətin vəziyyətdən qurtara və eyni zamanda İranı müəyyən qədər qorxudub güzəştə məcbur edə bilər. Lakin problem ondadır ki, Yəmən ordusunu hazırki şərtlərlə məğlub etmək, demək olar ki, mümkün deyil. Keçmiş təcrübə göstərir ki, yalnız aviasiya zərbələri effekt verməyəcək. ABŞ özünün canlı qüvvələrini Yəmənin sahilyanı ərazisinə yeritsə, bəlkə də müəyyən bir müddət ərzində taktiki üstünlük əldə edə bilər. Lakin sonra vəziyyət yenə də yəmənlilərin xeyrinə dəyişəcək. İtkilər isə böyük olacaq.  Bir sözlə, Səudiyyə Ərəbistanı Trampın ipi ilə dərin və qaranlıq bir quyuya düşdü. İndi də bu addımın altını çəkir.
 
P.S. Amerikalı ekspertlərin fikrincə, yeganə məqbul variant belədir: Donald Tramp heç bir sülh sazişi bağlamadan, sadəcə öz qələbəsini elan edərək geri çəkilməli və müharibəni dayandırmalıdır. ABŞ prezidentinin bu məsləhətə qulaq asıb-asmayacağını isə zaman göstərəcək.
 
Müəllif: tədqiqatçı Araz Şəhrili
 
Təqdim etdi:
 
Sultan Laçın