Oktyabrın 15-də Avstriyanın paytaxtı Vyanada yerləşən “Urania” kinoteatrında Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilən Azərbaycan filmləri silsiləsi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Nizami: Daxili aləm” (“Nizami: Eternal Inspiration”) sənədli filminin nümayişi keçirilib.


Moderator.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan CEENEMA-nın təsisçisi, kinorejissor və festival təşkilatçısı Magdalena Zelasko Azərbaycan Mədəniyyət Mərkəzinə səmərəli əməkdaşlığa və Azərbaycan kinosunun Avstriyada tanıdılmasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycan filmləri silsiləsinin oktyabr ayı ərzində davam edəcəyini diqqətə çatdırıb.






Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqları salamlayaraq, Azərbaycan mədəniyyətinin və zəngin ədəbi irsinin Avstriyada tanıdılması baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıb.


O, Nizami Gəncəvinin yaradıcılığının yalnız Azərbaycan deyil, dünya ədəbiyyatı və fəlsəfi fikir tarixində mühüm yer tutduğunu qeyd edib. Bildirib ki, böyük mütəfəkkirin əsərlərində öz əksini tapan humanizm, məhəbbət, ədalət və müdriklik kimi ümumbəşəri dəyərlər əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyub saxlayır.


Leyla Qasımova, həmçinin Azərbaycan kinematoqrafiyasının Avstriya tamaşaçılarına təqdim olunmasında göstərilən əməkdaşlığa görə “Urania” kinoteatrının və CEENEMA komandasının üzvlərinə, xüsusilə layihənin təşkilatçılarından olan Magdalena Zelaskoya təşəkkürünü bildirib.


Rejissor Atakan Kerküklünün ekranlaşdırdığı Azərbaycan-Türkiyə istehsalı olan sənədli film Nizami Gəncəvinin zəngin mənəvi dünyasına, fəlsəfi baxışlarına və ədəbi irsinə həsr olunub. Ekran əsəri vasitəsilə tamaşaçılara dahi şairin yaradıcılığında mühüm yer tutan bəşəri ideyalar və onların müasir dövrdəki əhəmiyyəti təqdim edilib.


Qeyd edək ki, oktyabr ayı ərzində “Urania CEENEMA” kinoteatrında Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan kinosuna həsr olunmuş silsilə nümayişlər təşkil olunur. Layihənin əsas məqsədi Azərbaycan kinematoqrafiyasının müxtəlif nümunələrini Avstriya ictimaiyyətinə təqdim etmək, ölkəmizin zəngin mədəni irsini tanıtmaq və kino sənəti vasitəsilə mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.