Moderator.az aktuallığını nəzərə alaraq Meneviyyat.az-da dərc olunmuş istiqamət, mənəvi sabitlik və doğru yolda qalmaq sənətindən bəhs edən materialı dəyərli oxucuların diqqətinə çatdırır:
"İSTİQAMƏT
DOĞRU YOLDA QALMAQ SƏNƏTİ
“Əmr olunduğun kimi istiqamət üzrə ol” (Hud, 11/112)
İnsan həyatı yolların kəsişməsidir. Uşaqlıqdan etibarən insan qarşısında saysız-hesabsız seçimlər açılır: nəyi düşünmək, nəyə inanmaq, nəyi sevmək, nədən uzaq durmaq, hansı insanlarla dostluq etmək, necə qazanmaq, necə yaşamaq, necə ailə qurmaq və nə uğrunda ömür sürmək…
Lakin həyatda doğru yolu tapmaq qədər həmin yolda qalmaq da çətindir. İnsan bəzən doğru olanı bilir, amma ona uyğun yaşamır. Bəzən yaxşı niyyətlə başlayır, lakin zaman keçdikcə istiqamətini itirir. Bəzən ifrata varır, bəzən təfritə düşür. Bir gün çox həssas, başqa gün tam laqeyd; bir gün ibadətə bağlı, başqa gün tamamilə uzaq; bir gün səbirli, başqa gün qəzəbinə məğlub ola bilir.
Məhz buna görə İslamın insan qarşısına qoyduğu əsas hədəflərdən biri yalnız doğru yolu göstərmək deyil, o yolda sabit qalmağı öyrətməkdir. Quranda Uca Rəbbimiz “Rəbbimiz Allahdır” deyib sonra istiqamət üzrə olanlar xüsusi şəkildə təriflənir:
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ
“Həqiqətən, ‘Rəbbimiz Allahdır!’ deyib sonra möhkəm duran kəslərin üzərinə mələklər (belə deyərək) enərlər…” (Fussilət, 41/30)
Deməli, iman başlanğıcdır, istiqamət isə həmin imanın həyat boyunca qorunmasıdır.
İstiqamət insanın yalnız ibadətinə deyil, düşüncəsinə, əxlaqına, münasibətlərinə, sözünə, qazancına, ailəsinə, hətta gündəlik davranışlarına qədər uzanan bir anlayışdır. İslam mənəviyyatında istiqamət etiqad, əməl, münasibətlər və gündəlik davranışlarda ifrat və təfritdən uzaq olmaq, peyğəmbərlərin və salehlərin yolunda yürümək kimi izah edilir.
İstiqamət nədir?..
“İstiqamət” sözü ərəb dilindəki “q-v-m” kökündən gəlir və doğruluq, düz olmaq, sabitlik, düzgünlük, tarazlıq və müəyyən istiqamətdə davamlı şəkildə irəliləmək mənalarını ehtiva edir. Bu baxımdan istiqamət yalnız “düz xətt” deyil; doğru olan xətt üzərində qalmaqdır. İnsan bir dəfə doğru qərar verməklə istiqamətli insan olmur. Əsas məsələ doğru qərarı həyat tərzinə çevirməkdir.
Məsələn, dürüstlük haqqında danışmaq başqa şeydir, çətin vəziyyətdə belə yalan danışmamaq başqa. Səbirli olmaq istəmək başqa şeydir, insanın səbrini sınayan hadisələr qarşısında özünü idarə edə bilmək başqa. Allaha inanmaq başqa şeydir, həmin imanın tələb etdiyi məsuliyyətləri gündəlik həyatın içində qorumaq başqa.
Bu mənada istiqamət imanın davranışa çevrilmiş və zaman qarşısında sabit qalmış formasıdır. Fussilət surəsində “Rəbbimiz Allahdır” dedikdən sonra “sonra istiqamət üzrə oldular” ifadəsinin gəlməsi də diqqətəlayiqdir. Çünki insanın imanını sözlə ifadə etməsi ilə həmin imanın həyatında görünməsi arasında məsafə vardır. İstiqamət həmin məsafəni aradan qaldırır. Bu baxımdan istiqamət insanın daxili aləmi ilə zahiri davranışının bir-birinə uyğun gəlməsidir.
“Əmr olunduğun kimi dosdoğru ol!..”
İstiqamət mövzusunun ən təsirli ifadələrindən biri Hûd surəsindəki bu ayədir:
فَاسْتَقِمْ كَمَا أُمِرْتَ
“Əmr olunduğun kimi dosdoğru ol!” (Hud, 11/112)
Bu ayə Peyğəmbərimizin (s.ə.s.) həyatında xüsusi iz buraxmışdır. İbn Abbasın (r.a.) rəvayətinə görə, Qurani-Kərimdə Rəsulullaha bu ayədən daha ağır gələn başqa ayə nazil olmamışdır. Ona: “Saçların ağarmağa başladı” dedikdə, o: “Hud surəsi və bənzərləri məni qocaltdı” — deyə cavab vermişdir. (Tirmizi, Təfsir, 56)
Alimlər bunun səbəbini belə izah edirlər: gündəlik ibadətlərin — namazın, orucun, zəkatın — vaxtı və ölçüsü bəllidir, lakin “istiqamət üzrə ol” əmri insanın həyatının bütün sahələrini — evdə, tək qalanda, qəzəbləndikdə, pul qarşısında, haqsızlığa məruz qaldıqda necə davrandığını — əhatə edir.
Bəs bu qədər ağır olan nə idi?..
İnsan üçün konkret bir əmri yerinə yetirmək müəyyən çərçivədə mümkündür. Məsələn, gündə beş vaxt namazın vaxtları məlumdur. Orucun başlanğıcı və sonu məlumdur. Zəkatın müəyyən ölçüləri vardır. Lakin “əmr olunduğun kimi istiqamət üzrə ol” əmri insanın həyatının bütün sahələrini əhatə edir.
Bu, yalnız məsciddə necə olduğun deyil.
Evdə necə olduğundur.
Tək qalanda necə olduğundur.
Qəzəblənəndə necə davrandığındır.
Pul qarşısında necə davrandığındır.
Sənə haqsızlıq ediləndə necə davrandığındır.
Heç kimin görmədiyi yerdə necə olduğundur.
Bu səbəbdən istiqamət bir anlıq yaxşı davranış deyil, ömrün bütöv xəttidir.
Peyğəmbərimizdən nəsihət istəyən bir səhabəyə Onun çox qısa, lakin çox əhatəli bir cavab verdiyi rəvayət olunur:
“Allaha iman etdim de, sonra da istiqamət üzrə ol.” (Müslim, İman 38) Bu iki cümlədə əslində böyük bir həyat proqramı vardır: iman et və həmin imanın tələb etdiyi istiqaməti ömrünün sonuna qədər qoru.
Yolun özü qədər yolda qalmaq da vacibdir...
Müsəlman gündə dəfələrlə bu duanı edir:
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
“Bizi doğru yola yönəlt!” (Fatihə, 1/6)
Bu dua Fatiha surəsinin mərkəzində dayanır. Burada diqqətçəkən məsələ odur ki, insan sadəcə “mənə doğru yolu göstər” demir. “Bizi doğru yola hidayət et” deyir. Çünki doğru yolu bilmək ilə doğru yolda qalmaq eyni şey deyil.
İnsan doğru olanı bilə bilər, amma nəfsinə məğlub ola bilər. Doğrunu sevə bilər, amma mənfəəti qarşısında ondan uzaqlaşa bilər. Ədaləti müdafiə edə bilər, amma özünə qarşı ədalətsizlik ediləndə ədaləti unuda bilər. Başqalarından dürüstlük tələb edə bilər, amma özü çətin vəziyyətdə həqiqəti gizlədə bilər. Deməli, sıratül-müstəqim yalnız yolun adı deyil. O, insanın həmin yolda qalmaq iradəsidir.
Qurani baxımdan istiqamət iman və əməl arasında canlı əlaqə yaradır. “Rəbbimiz Allahdır” demək inancın ifadəsidir; “sonra istiqamət üzrə olmaq” isə həmin inancın həyatdakı davamıdır.
Mötədillik: istiqamətin tarazlıq ölçüsü...
İstiqaməti başa düşmək üçün mühüm anlayışlardan biri də etidaldır. Etidal (mötədillik) ölçülü, tarazlı və ifratdan uzaq olmaq deməkdir. Bunun qarşısında iki təhlükəli istiqamət dayanır: ifrat və təfrit.
İfrat bir məsələdə həddi aşmaq, təfrit isə lazım olan həddi aşağı salmaq və ya səhlənkarlıq göstərməkdir.
İslam əxlaq düşüncəsində bir çox fəzilətin iki ifrat arasında yerləşən tarazlıq halı olduğu qəbul edilmişdir. Bu mənada istiqamət inanc, əxlaq və yaşayışda yanlışlıqlardan və həddi aşmadan uzaq, düzgün və balanslı həyat yaşamaqdır.
Məsələn, cəsarət, qorxaqlıqla düşüncəsiz hərəkət etmək arasında bir tarazlıq tələb edir. Səxavət, xəsisliklə israf arasında öz ölçüsünü tapır.
Təvazökarlıq özünü dəyərsizləşdirməklə təkəbbür arasında dayanır.
Eyni vəziyyət dini həyatda da keçərlidir. İbadətdə insan özünü elə yükləməməlidir ki, davamlılıq mümkün olmasın; digər tərəfdən, rahatlıq naminə bütün məsuliyyətləri tərk etmək də istiqamət deyil.
Dünya ilə münasibətdə dünyanı bütləşdirmək də, dünyadan tamamilə məsuliyyətsiz şəkildə qaçmaq da insanın yaradılış vəzifəsi ilə uyğun gəlmir.
Ailə münasibətlərində həddindən artıq sərtlik də, bütün sərhədləri aradan qaldıran hədsiz güzəşt də sağlam münasibət yaratmır.
Övlad tərbiyəsində yalnız cəza üzərində qurulan yanaşma qədər, heç bir sərhəd qoymayan hədsiz sərbəstlik də problemlər yarada bilər.
Deməli, istiqamət “həmişə çox etmək” deyil. Lazım olanı, lazım olduğu qədər və doğru şəkildə etməkdir.
İstiqamət bir düz xəttdir, amma həyatın yolu düz olmaya bilər
İnsan həyatında çətinliklər qaçılmazdır. Bəzən xəstəlik, bəzən maddi sıxıntı, bəzən münasibətlərdə problemlər, bəzən uğursuzluq, bəzən də gözlənilməz nemətlər insanın istiqamətini sınağa çəkir.
İnsan yalnız çətinlikdə deyil, nemətdə də sınanır...
Yoxsulluq insanın səbrini yoxlayırsa, var-dövlət onun şükürünü və təvazökarlığını yoxlaya bilər.
Məğlubiyyət insanın xarakterini sınağa çəkirsə, uğur da onun özünü itirib-itirməyəcəyini göstərir.
Buna görə istiqamətli insanı yalnız çətin günlərdə tanımaq olmaz. Bəzən insanın əsl istiqaməti ona hər şeyin verildiyi zaman üzə çıxır.
İstiqamətin əsas xüsusiyyətlərindən biri sabitlikdir.
Bir gün yaxşı olmaq kifayət etmir.
Bir həftə ibadət etmək kifayət etmir.
Bir ay dürüst davranmaq kifayət etmir.
İnsan illər keçdikcə eyni əsas dəyərləri qoruyub saxlaya bilirsə, istiqamət tədricən onun xarakterinə çevrilir.
Məhz buna görə istiqamət yalnız “nə etdiyimiz” sualına deyil, “bunu nə qədər davamlı edə bildiyimiz” sualına da cavab verir.
İstiqamət dil, qəlb və əməldə görünür...
İstiqamət yalnız zahiri davranış deyil. O, insanın daxilindən başlayır. İstiqamətin qəlb, dil və davranışla xüsusi əlaqəsi vardır.
“Dil istiqamət üzrə olmadıqca qəlb, qəlb istiqamət üzrə olmadıqca iman müstəqim (doğruluq üzrə) olmaz.” (Əhməd ibn Hənbəl, Müsnəd, III, 198)
Başqa bir hədisdə isə:
“Hər səhər insan oğlunun üzvləri dilə belə səslənir: ‘Bizim haqqımızda Allahdan qorx; zira sən müstəqim olursan biz de müstəqim olarıq; sen əyri-üyrü olarsan biz də əyrilərik.” (Tirmizi, Zöhd 60; Əhməd ibn Hənbəl, Müsnəd 3/95)
Hədislər nəzər salınca görürük ki, qəlbin istiqaməti imanın istiqamətinə, dilin doğruluğu isə insanın digər davranışlarına təsir edir.
Bu baxımdan istiqamətin üç mühüm sahəsini qeyd etmək olar:
Qəlbin istiqaməti: Nə üçün yaşadığını bilmək, niyyətini düzəltmək, Allahla əlaqəni qorumaq.
Dilin istiqaməti: Doğru danışmaq, yalandan, qeybətdən, böhtandan və insanı incidən sözlərdən uzaq durmaq.
Əməlin istiqaməti:
Bildiyini həyata keçirmək, halal-harama diqqət etmək, insanların haqqına girməmək və məsuliyyətlərini yerinə yetirmək.
İnsanın dili doğru danışır, amma əməlləri bunun əksini göstərirsə, burada daxili və zahiri uyğunsuzluq yaranır.
İnsan ibadət edir, amma insanlara qarşı zülm edirsə, istiqamətin başqa bir tərəfi pozulur.
İnsan çox danışır, amma danışdıqlarını yaşamırsa, istiqamət söz səviyyəsində qalır.
İstiqamət isə insanın düşüncəsi, sözü və davranışı arasında uyğunluq yaratmasıdır.
Kəşf və kəramət deyil, istiqamət...
Təsəvvüf ənənəsində istiqamət haqqında çox diqqətçəkən bir fikir vardır: insan hər zaman kəşf və kəramətin yox, istiqamətin (doğruluğun) tələbkarı olmalıdır; çünki istiqaməti istəyən Allah, qeyri-adi hallara könül verən isə bəndənin özüdür. Görəsən, bizim könül verdiklərimiz daha önəmlidir, yoxsa Allahın bizdən istədikləri..?
Allah dostlarından Bəyazid Bistamiyə: “Filankəs suyun üstündə gəzir, havada uçur”,– dediklərində, Həzrət belə buyurmuşdur: “Balıqlar və qurbağalar da suda üzür; milçəklər və quşlar da havada uçur. Əgər bir adamın canamazını suyun üstünə sərib üzdüyünü və ya havada bardaş qurub oturduğunu görsəniz, əsla (buna aldanıb) ona etibar etməyin! Onun rəftarındakı, hərəkətlərindəki istiqamətə (düzgünlüyə) və bunların
Sünnəyə nə dərəcədə uyğun olduğuna baxın!” (Əbu Nuaym, Hilyətul-övliya 10/40)
Bu fikir dini həyatın çox mühüm bir ölçüsünü göstərir.
Fövqəladə görünmək asandırmı? Bəlkə də bəzi hallarda.
Amma hər gün dürüst olmaq?
Heç kimin görmədiyi yerdə haramdan uzaq durmaq?
Sənə qarşı kobud davranana qarşı ədaləti qorumaq?
Mənfəətinə zidd olduğu halda haqqı söyləmək?
Ailəndə səni heç kimin alqışlamadığı fədakarlıqları davam etdirmək?..
Bunlar daha səssiz, daha görünməz, amma istiqamət baxımından daha fundamental məsələlərdir. Bu səbəbdən mənəvi həyatın ölçüsünü yalnız fövqəladə hadisələrdə axtarmaq insanı əsas məsələni unutmağa apara bilər. Kəşf insanın diqqətini çəkə bilər, kəramət insanı heyrətləndirə bilər; istiqamət isə insanın həyatını dəyişdirir.
Əbu Əli əl-Cuzcaniyə aid edilən məşhur ifadədə də bu məna belə ifadə olunur: “Kəramət axtarma; istiqamət sahibi olmağa çalış. Çünki nəfs səni kəramət axtarışına sövq etdiyi halda, Rəbbin səndən istiqamət gözləyir.”
Gecə qaranlığında da doğru qalmaq...
Xəlifə Ömər ibn Xəttab (r.a.) hər gecə Mədinə küçələrini gəzər, xalqın halından xəbər tutardı. Bir gecə bir evin yanından keçərkən içəridən ana ilə qızın söhbətini eşidir. Ana qızına deyir: “Dur, südə bir az su qat, sabah bazarda satarıq”. Qız etiraz edir: “Ana, məgər Əmirəl-möminin südə su qatmağı qadağan etməyibmi?” Ana gülümsəyərək cavab verir: “Ömər bizi görmür ki, bu gecə heç kim bilməyəcək”. Qız isə sarsılmaz bir səmimiyyətlə deyir: “Ömər bizi görməsə də, Ömərin Rəbbi bizi görür. Mən heç kimin görmədiyi yerdə Allahın qadağan etdiyini etmərəm”.
Ömər (r.a.) bu sözləri eşidib son dərəcə mütəəssir olur. Bu qızın gizli imanı, insan gözündən uzaq olsa belə doğruluğunu qorumaq əzmi ona o qədər təsir edir ki, sonradan oğlu Asimin bu qızla evlənməsinə vasitəçi olur. Rəvayətə görə, sonrakı nəsillərdə bu ailədən İslam tarixinin ədalət və təqva ilə tanınan xəlifələrindən biri — Ömər ibn Əbdüləziz — dünyaya gəlmişdir.
Bu hekayə istiqamətin nə demək olduğunu ən gözəl şəkildə göstərir: insanların qarşısında yaxşı görünmək sosial davranışdır, amma heç kimin görmədiyi yerdə də doğru qalmaq — əsl mənəvi xarakterin göstəricisidir. Qızın cavabı əslində Qurani-Kərimdəki bir həqiqətin təcəssümüdür: Allah hər an, hər yerdə, gizlidə də aşkarda da bizi görür və bilir.
Bəli, istiqamətin ən çətin tərəflərindən biri budur: insan yalnız insanların qarşısında deyil, insanların olmadığı yerdə də eyni insan olmalıdır. Çünki insanın sosial mühitdə yaxşı görünməsi həmişə onun daxili istiqamətini göstərmir.
Əsl sınaq çox vaxt gizli yerdə başlayır.
Heç kimin bilməyəcəyi bir yalan qarşısında…
Heç kimin görməyəcəyi bir haram qarşısında…
Heç kimin bilməyəcəyi bir haqsız qazanc qarşısında…
Heç kimin eşitməyəcəyi bir qeybət qarşısında…
İstiqamət məhz burada insanın qarşısına çıxır.
İnsanların qarşısında yaxşı görünmək sosial davranış ola bilər. Amma heç kimin görmədiyi yerdə də doğru qalmaq mənəvi xarakterin göstəricisidir.
Buna görə istiqamət bir növ daxili bütövlükdür.
İnsan necə görünürsə, mümkün qədər elə də olmağa çalışır...
Dili ilə dediyi ilə həyatında etdiyi bir-birindən uzaqlaşmır.
Hər üzvü yaradılış məqsədinə uyğun istifadə etmək
İstiqamət insanın bütün varlığına aiddir. Göz, qulaq, dil, əl və ayaq da bu istiqamətin bir hissəsidir.
Quranda insana gözlərin, dilin və dodaqların verilməsi xatırladılır və ona xeyir və şər yollarının göstərildiyi bildirilir (Bələd, 90/8-10). İnsan ona bəxş edilən bu bədən üzvlərini də xeyir istiqamətində istifadə etməlidir.
Bu baxımdan göz yalnız görmək üçün deyil, doğru görmək üçün də bir nemətdir. Dil yalnız danışmaq üçün deyil, doğru danışmaq üçün bir vasitədir. Qulaq yalnız eşitmək üçün deyil, eşitdiklərini seçmək üçün də məsuliyyət daşıyır. Əl yalnız işləmək üçün deyil, haqqı qorumaq və yaxşılığa xidmət etmək üçün də istifadə edilə bilər. Deməli, istiqamət bütün bədəni və davranışları əhatə edən bir həyat prinsipidir. İnsan haraya baxırsa, nə eşidirsə, nə danışırsa, nə üçün çalışırsa və nə əldə edirsə, bütün bunlar onun istiqamətini formalaşdırır.
O zaman sual yaranır. İstiqaməti qorumaq niyə bu qədər çətindir?..
Çünki insan dəyişən bir varlıqdır.
Duyğuları dəyişir.
İstəkləri dəyişir.
Mühiti dəyişir.
Maddi vəziyyəti dəyişir.
İnsanlarla münasibətləri dəyişir.
Hətta özünə baxışı belə zaman-zaman dəyişə bilir.
Buna görə istiqamət insanın dəyişməməsi deyil. Dəyişən həyatın içində əsas dəyərlərini itirməməsidir.
İnsan bəzən səhv edə bilər. İstiqamət heç vaxt səhv etməmək demək deyil. Əsas məsələ səhvi istiqamətə çevirməməkdir.
Bir insan yıxıla bilər. Amma istiqamət yıxılmamaqdan daha çox, yıxıldıqdan sonra yenidən doğru yola qayıtmaqla bağlıdır.
Bu baxımdan istiqamət mükəmməllik iddiası deyil; doğruya qayıtmaq əzmi və doğru üzərində sabit qalmaq səyidir.
Bu gün biz istiqamət üzrə yaşamaq üçün nə edə bilərik?..
İstiqaməti gündəlik həyata gətirmək üçün əvvəlcə insan özünə sadə, lakin ciddi suallar verməlidir:
Mənim həyatımın əsas istiqaməti nədir? İnanclarım davranışlarımda görünürmü? İnsanların qarşısında olduğum insanla tək qalanda olduğum insan arasında böyük fərq varmı? Pul, vəzifə, münasibət, qəzəb və şəxsi maraqlar qarşısında əsas dəyərlərimi qoruyuram? Hər gün özümlə hesablaşıram? Etdiyim səhvləri etiraf etmək, tövbə və düzəlişə açıq olmaq, ibadətləri vaxtında etmək və qərarlarımda “Bu, məni doğru yola yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?” sualını vermək istiqaməti qorumağın praktik yollarındandır.
İkinci mühüm məsələ həyatımızda ifrat və təfriti müəyyən etməkdir. Harada həddi aşırıq, harada məsuliyyətdən qaçırıq? Ailədə həddindən artıq sərt, yoxsa həddindən artıq laqeydik? İşdə yalnız maddi nəticəyə köklənmişik, yoxsa məsuliyyət və dürüstlüyü də qoruyuruq? Dində yalnız zahiri görünüşəmi diqqət edirik, yoxsa əxlaqı da inkişaf etdiririk? İnsan öz həyatında bu sualları mütəmadi şəkildə verməli və kiçik düzəlişləri təxirə salmamalıdır. Çünki istiqamət böyük qərarlardan çox, hər gün təkrarlanan kiçik seçimlərlə qurulur.
Nəticə
İstiqamət insanın bir dəfə tapdığı və sonra heç vaxt itirmədiyi hazır bir vəziyyət deyil. O, ömür boyu qorunmalı olan mənəvi bir xəttdir. İnsan doğru yolu tanıya bilər, amma həmin yolda qalmaq üçün iman, iradə, səbir, özünənəzarət və davamlı mühasibəyə ehtiyac vardır.
Quranda “Rəbbimiz Allahdır” deyib sonra istiqamət üzrə olanlara qorxu və kədər içində qalmayacaqları, Cənnətlə müjdələnəcəkləri bildirilir (Fussilət, 41/30). Bu ayə istiqamətin yalnız insanın dünyadakı davranışlarını deyil, onun əbədi aqibətini də əhatə edən bir məsələ olduğunu göstərir.
Bəlkə də buna görə hər gün təkrar etdiyimiz ən mühüm dualardan biri budur:
“Bizi doğru yola yönəlt.”
Bu dua bizə bir həqiqəti xatırladır: doğru yolu tapmaq böyük nemətdir, amma o yolda qalmaq daha böyük məsuliyyətdir.
İnsan həyatı boyu çox şey axtara bilər: bilik, sərvət, uğur, şöhrət, rahatlıq, hətta mənəvi kəşflər… Lakin bütün bunların fövqündə bir ehtiyac vardır: İstiqamət. Çünki insanın hara çatacağından əvvəl, hansı yolla getdiyi müəyyən edilməlidir.
Və bəlkə də həyatın ən böyük mənəvi uğuru budur: Doğrunu bilmək, doğrunu yaşamaq və zaman keçdikcə doğrudan ayrılmamaq.
Allahım, bizi Sənin göstərdiyin doğru yola yönəlt! Doğru yolu tanımaqla kifayətlənməyib, o yolda sabitqədəm olmağı bizə nəsib et!.."