Böyük Britaniyada 73 yaşlı Qlenn Pristli hörümçək dişləməsindən sonra dözülməz ağrılarla üzləşib. Cəmi 24 saat ərzində ayağı kəskin şəkildə şişən adam 18 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Hazırda hərəkət etmək üçün gəzinti vasitəsindən istifadə edir.
Moderator.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hadisə Pristli anasına baş çəkərkən çardaqda köhnə yorğanı götürməsi zamanı baş verib. Kişini hörümçək dişləyib. Əvvəlcə yüngül sancı hiss edən britaniyalı ertəsi gün şiddətli ağrılar səbəbindən normal yeriyə bilməyib.
Zərərçəkənin sözlərinə görə, ayağı bir gün ərzində nəhəng qarpız ölçüsündə şişib. Ailə həkiminə müraciətdən sonra o, təcili olaraq Blekpul Viktoriya Xəstəxanasına yerləşdirilib. Rentgen, kompüter tomoqrafiyası və MRT müayinələri aparılıb.
Pristli bildirib ki, sonrakı günlərdə ağrılar dözülməz olub və ayağını yerə qoymaqda çətinlik çəkib. O, oktyabrın 6-da evə buraxılsa da, ayağındakı şişkinlik və sarğı səbəbindən hərəkət etmək üçün dəstəyə ehtiyac duyur.
Britaniyada hörümçəklərin dişləməsi ilə bağlı xəstəxanaya müraciətlərin artması narahatlıq doğurub. Bu hörümçəklər ayaqqabı, geyim və yataq dəstlərində gizlənə bilirlər. Dişləmə bəzi hallarda güclü ağrı, şişkinlik və ağır reaksiyalara səbəb ola bilər.
Mütəxəssislər əşyaları istifadə etməzdən əvvəl yoxlamağı, dişləmə baş verdikdə nahiyəni sabun və su ilə yumağı, yaranı qaşımamağı tövsiyə edirlər. Şiddətli ağrı, sürətlə artan şişkinlik, qızdırma və ya ümumi vəziyyətin pisləşməsi müşahidə olunarsa, təcili tibbi yardım almaq vacibdir.