-Bir hərbçi xanımının xatirələri...-
 




“Təəssüf ki, Vətənimizi düşməndən qorumaq və işğal edilmiş torpaqları geri qaytarmaq məqsədilə yaradılmış nəhəng qoşun birləşməsinin dağılmasına səbəb olan həmin təxribatın kimin göstərişi ilə və kimlər tərəfindən törədildiyi bu günədək açılmayıb...”
 
Milli Ordu quruculuğunda, həmçinin  I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, rəhmətlik polkovnik Mehman Səlimovun ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı hərbçi ailəsinin rastlaşdığı kəşməkeşləri təsvir edən ibrətamiz həyat hekayətlərinin ən maraqlı məqamlarını dəyərli Moderator.az oxucularının diqqətinə çatdırmaqda davam edirik:

(Əvvəli burada:) 
 
Birlik və Vətən borcu...
 
Bəzən çətinliyimiz olanda uşaqlara Qarabağda həlak olanlardan, valideynlərini itirən uşaqlardan danışır, bizim çətinliklərimizin onların yaşadıqları ilə müqayisədə çox cüzi olduğunu anlatmağa çalışırdım. Şükür etmək insanın təsəllisi və onu mübarizəyə aparan yoldur...
 
Hərdən oturub fikirləşirəm: bizim çətinliyimiz nədir ki?! Torpaqlarını itirənlərin, övladlarını, valideynlərini, yaxınlarını şəhid verənlərin yanında bizim dərdimizdən danışmağa dəyməz. Amma bizim Qarabağ kimi ümumi dərdimiz var idi və bu dərd bizi birləşdirirdi...
 
Yadıma 1992-ci ildə, Qarabağda düşmənlə döyüşlərin qızğın vaxtında Gəncə yaxınlığındakı Seyfəli təlim poliqonunda olduğu günlər düşür. Hərbi komissarlıqların küçədən əli silah tutan, 18 yaşdan yuxarı istənilən cavanı yığıb cəbhəyə göndərdiyini biləndə çox vaxt ürəyini tuturdu. Hazırlıq keçməyən gənclərin birbaşa ölümə göndərilməsi ona çox pis təsir edirdi...
 
Azərbaycanda ilk Milli Ordu cücərtilərini məhz Seyfəlidə təlim keçməklə yaratmışdı. Deyirdi ki: “Biz bu döyüşçülərlə döyüşə gedə bilərik”.
 
Ora ölkənin hər yerindən gənclər təlim keçmək üçün könüllü gəlirdilər, fərarilik edən yox idi. Vətən sevgisi, hərbçilərin ordunun təməlini qoymaq üçün gecə-gündüz can-başla əllərindən gələni etməsi insanın qəlbində böyük qürur doğururdu...
 
Qarabağda döyüşmək üçün Seyfəlidə xüsusi taborlar formalaşdırdığı günlərdə Mehman özü, demək olar ki, evə gəlmirdi...

Təlim uğurla başa çatdı, amma müəyyən daxili qüvvələrin təxribatı və Azərbaycan dövlətinə qarşı çıxan xəyanətkar ünsürlərin ucbatından Seyfəli Ümumqoşun Komandanlığı dağıdıldı və parçalandı.
 
Sonralar özü danışırdı: “Artıq təlimləri başa çatdırıb 18 tabor formalaşdırmışdıq və onları Qarabağa döyüşə göndərmək üzrə idik... Bir gün Gəncədəki hərbi qərargaha iclasa gedirdim. Süni tıxac yaradıb maşınımı saxlatdılar. Bir neçə qara maskalı şəxs başıma kisə keçirib məni üç gün qaranlıq bir yerdə saxladılar. Üç gündən sonra məni götürdükləri yerə, gözübağlı halda gətirib düşürdülər və getdilər. Seyfəliyə — poliqona gəldim, gördüm ki, neçə minlik qoşundan cəmi bir neçə nəfər qalıb...”

O vaxtlar ölkədə böyük hərc-mərclik var idi, içimizdə düşmən çox idi, hər ağızdan bir avaz gəlirdi... Və təəssüf ki, Vətənimizi düşməndən qorumaq və işğal edilmiş torpaqları geri qaytarmaq məqsədilə yaradılmış nəhəng qoşun birləşməsinin dağılmasına səbəb olan həmin təxribatın kimin göstərişi ilə və kimlər tərəfindən törədildiyi bu günədək açılmayıb...
 
(Davamı var)
 
Müəllif: Nərminə Səlimova
 
Təqdim etdi: 
Sultan Laçın