“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” sadəcə adıçəkilən dövlətlərin deyil, bütün türk dünyasının tarixi uğurudur”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum müqavilə Azərbaycanın beynəlxalq müstəvidə yeni müttəfiqlər qazanmaqda davam etdiyini göstərir:
“Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik haqqındakı müqavilə hər iki ölkənin müdafiə və təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu, dövlətimizin beynəlxalq müstəvidə yeni müttəfiqlər tapmaqda davam etdiyini, öz müttəfiqlərinin sayını artırdığın göstərir. İki dövlət arasında imzalanan bu müqavilənin həm Azərbaycanın, həm də Qırğızıstanın təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiəsinə böyük töhfə verəcəyi şübhəsizdir.
Bununla yanaşı, əminliklə demək olar ki, Azərbaycanla Qırğızıstan arasında imzalanan müttəfiqlik müqaviləsi, həm də bütün türk dünyasının tarixi uğurudur. Bu müqavilə iki türk dövləti arasında imzalansa da, ümumilikdə türk dünyası arasındakı inteqrasiyadan, güclənən və genişlənən münasibətlərdən xəbər verir. Bu fakt onu deməyə əsas verir ki, son illər Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində türk dövlətləri arasında həmrəyliyin güclənməsi prosesi uğurla davam etməkdə, siyasi-diplomatik, elmi-mədəni sahələrlə yanaşı, həm də hərbi əməkdaşlıq platformasını əhatə etməkdədir”.
Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin müdafiə qabiliyyətini mütəmadi şəkildə yüksəltməsi bir çox dövlətləri Azərbaycanla məlum müstəvidə əməkdaşlığa həvəsləndirməkdədir:
“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri öz gücünü və peşəkarlığını dinamik şəkildə artırmaqdadır. Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla təchizatı, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan büdcə vəsaitlərinin hər il artırılması və s. bunun isbatıdır. Ordumuzun güclənməsi dövlətimizin hərbi nüfuzunun da yüksəlməsinə səbəb olur ki, nəticədə beynəlxalq aləmdə Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyən, müttəfiqlik əlaqələri qurmaq istəyən dövlətlərin də sayı artır. Bu, dövlətimizin ən böyük nailiyyətlərindən biri, onun hərbi-siyasi uğurudur.
İnanıram ki, Azərbaycan yaxın gələcəkdə yeni dövlətlərlə oxşar müqavilər imzalayacaq, beynəlxalq müstəvidəki nailiyyətlərini uğurla davam etdirəcək”.
Seymur ƏLİYEV