Hollivudun əfsanəvi aktyoru, 82 yaşlı Maykl Duqlas şəxsi həyatı ilə bağlı illərdir gizli saxladığı sirləri açıqlayıb.


İkiqat “Oskar” mükafatçısı yeni nəşr olunan “One Helluva Ride” (“Nə möhtəşəm macəra”) adlı xatirələr kitabında sevgi macəralarından, məşhur aktrisalarla gizli münasibətlərindən və həyatını dəyişən qadından danışıb.






Maykl Duqlasın ilk ciddi münasibətlərindən biri aktrisa Brenda Vakkaro ilə olub. Onlar 1971-ci ildə “Summertree” filminin çəkilişləri zamanı tanış olublar. Cütlük altı ilə yaxın birlikdə yaşayıb, hətta qeyri-rəsmi nikah mərasimi də təşkil edib.


Lakin aktyor sevgilisinin başqa kişi ilə münasibətdə olduğunu öyrəndikdən sonra ayrılıq yaşayıb. Duqlas etiraf edib ki, bu hadisə onun qadınlara münasibətini dəyişib. O, bir daha aldadılan tərəf olmamaq üçün münasibətlərdə ilk xəyanət edən şəxs olmağa üstünlük verdiyini bildirib.


1977-ci ildə aktyor avstriyalı diplomatın qızı Diandra Lukerlə evlənib. Onların Kemeron adlı oğlu dünyaya gəlib. Ancaq evlilik uzun müddət xoşbəxt davam etməyib. Duqlas Los-Ancelesdə işlədiyi halda, həyat yoldaşı Nyu-Yorkda yaşamağa üstünlük verib. Aktyorun sözlərinə görə, zaman keçdikcə hər ikisinin kənarda münasibətləri yaranıb. Onların rəsmi nikahı 23 il davam edib.


Duqlas həmkarları ilə yaşadığı gizli sevgi münasibətlərinə də toxunub.


O, “Romancing the Stone” (“Daşla məhəbbət”) filminin ssenaristi Dayana Tomasla eşq macərası yaşadığını bildirib. Daha sonra həmin filmdə tərəf müqabili olan Ketlin Törnerlə də yaxın münasibət qurub. Aktyorun sözlərinə görə, onlar bu münasibəti uzun illər ictimaiyyətdən gizlədiblər.


“Basic Instinct” (“Əsas instinkt”) filminin çəkilişləri zamanı isə Duqlasın Şeron Stounla eşq yaşadığı barədə şayiələr yayılıb. Lakin aktyor əslində başqa həmkarı, aktrisa Cin Tripplhornla münasibətdə olduğunu etiraf edib.


Xatirələrində şahzadə Diana ilə tanışlığına da yer ayıran Duqlas 1987-ci ildə keçirilən film premyerasında onunla qarşılaşdığını bildirib. Aktyor aralarında qarşılıqlı simpatiya yarandığını hiss etdiyini, lakin bunun romantik münasibətə çevrilmədiyini vurğulayıb.


Ən diqqətçəkən etiraf isə Ketrin Zeta-Consla tanışlığı barədə olub.


1998-ci ildə Fransanın Dovil şəhərində keçirilən kinofestivalda gələcək həyat yoldaşı ilə qarşılaşan aktyor həmin dövrdə eyni vaxtda beş qadınla görüşdüyünü açıqlayıb.


Duqlas bildirib ki, Ketrinlə ciddi münasibət qurmaq istədikdən sonra əvvəlki sevgililərinin hamısı ilə əlaqəni kəsmək qərarına gəlib. O, beş qadının hər birinə şəxsən zəng edərək münasibətlərinin bitdiyini söyləyib. Aktyorun sözlərinə görə, Ketrin münasibətlərin əvvəlindən ona sadiqlik tələbini açıq şəkildə bildirib.


Onlar 2000-ci ilin noyabrında ailə həyatı qurub. Onların Dilan adlı oğlu və Keris adlı qızı dünyaya gəlib. Evlilikləri heç də həmişə problemsiz olmayıb. Onlar 2013-cü ildə müvəqqəti ayrılıb, lakin sonradan barışıb.


Duqlas etiraf edib ki, keçmişdə qadınlarla münasibətlərində çoxsaylı səhvlərə yol verib. Aktyorun sözlərinə görə, məhz Ketrin Zeta-Consla qurduğu ailə onun həyata və sədaqətə münasibətini dəyişib. /lent.az/