"İnsan namaz qılmaqla Allahın verdiyi 24 saatın cəmi 1 saatını şükür əlaməti olaraq Ona həsr edir..."
04 Jun 2026, 07:27 8 baxış 12 dəq oxuma
"Bəs necə olur ki, qısa bir müddət üçün bizə rəhbər təyin edilmiş bir adamın gözünə girmək, onun vəd eydiyini əldə etmək üçün bu qədər canfəşanlıq göstəririk, amma bizi yaradan, bizə əbədi səadəti vəd edən Allahın əmrlərini icra etməmək üçün bəhanə axtarırıq?.."
"Allahın verdiyi ağıl sayəsində (Bəli, məhz Allahın verdiyi! Çünki ağıl nə mağazada, nə bazarda, nə də apteklərdə satılmır, Allah verməsə, insan onu heç yerdən ala bilməz) çox şeyə nail olan insan nə acizlikdən, nə də zəiflikdən yaxa qurtara bilməmişdir və bilməyəcəkdir…"
"Heç kim: “Mən xəstələnmərəm, mən qocalmaram, mən ölmərəm, zəlzələ, tufan, sel mənə heç nə edə bilməz,” – deyə bilməz. İnsan öz bədənindəki gözəgörünməz bir mikroba belə qalib gəlmək iqtidarında deyil..."
"O, daima yeməyə, içməyə, soyuqdan və istidən qorunmağa möhtacdır. Amma bu ehtiyacları ödəyən, insanı bütün bunlarla mübarizə etməyə sözü edən, ona ağıl, bilik, təcrübə qazandıran kimdir? Allah! Elə isə insan həmişə Allaha möhtacdır, Ona borcludur..."
Moderator.az bir sıra oxucuların mövzuya marağını nəzərə alaraq "Mənəviyyata açılan pəncərə" nəşrində təqdim edilmiş "Nə üçün namaz?" başlıqlı ibrətamiz materialı dəyərli oxucuların nəzərinə çatdırır:
" “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!”[1]
Bu, müqəddəs Kitabımızın tələbi, bizi yaradan, bütün kainatı, canlı və cansız aləmi, maddi və mənəvi varlıqları bizim xidmətimizə verən və bizi əbədi səadət üçün xəlq edən Uca Rəbbimizin bizdən istədiyidir. Bu istək, bu tələb təkcə yuxarıdakı ayədə deyil, müqəddəs Kitabımız olan Qurani-Kərimin bir çox ayələrində bu və ya başqa şəkildə təkrar-təkrar xatırladılır, əmr edilir, şərh edilir. Allah-Təala bu ayədə insanın yaradılış qayəsini ön plana çəkir: “Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.”
Məsələnin izahına keçməzdən əvvəl diqqətinizi bir də İki Cahan Sərvəri, Nəbilər Nəbisi, sevgili Peyğəmbərimizin (s.a.s.) bu məsələ ilə əlaqəli hədislərindən birinə cəlb etmək istəyirik:
Uca Allah buyurur: “Ey insan oğlu! Mən səni Mənə ibadət edəsən deyə yaratdım. (Həyatı oyun və əyləncədən ibarət sanıb) oynama. Mən sənin ruzini öz öhdəmə götürdüm. (Ruzi üçün həddindən artıq özünü) yorma. Məni ara. (Çətinliyə düşəndə məni arasan), taparsan. Əgər məni tapsan, hər şeyi taparsan. Məni itirsən, hər şeyi itirərsən. Mən sənə hər şeydən daha sevimliyəm (Elə olmayaq. Çünki heç bir varlığa vermədiyim nemətləri sənə verdim).“
Qulluq borcu...
Qulluq insanın fitrətində var. Allah insanı ibadət etmək üçün yaratmışdır. Ancaq insan çox vaxt yanlış istiqamətə doğru yönəlir. Məsələn, təsəvvür edək ki, bizim tabe olduğumuz bir adam, məsələn, direktor, müdir, sədir, nazir, prezident və s. bizə belə bir tapşırıq verir: “Hər gün səhər, günorta, axşama yaxın, axşam işdən çıxanda kabinetimin qapısını açıb mənə salam verəcək, gecə də yatmazdan əvvəl də mənə zəng edib salam verəcəksən.”
Biz bu əmri yerinə yetirərikmi, yoxsa qulaqardınamı vurarıq? Hələ bir də o şəxs bizə bunun əvəzində yüksək maaş, yüksək vəzifə də vəd etsə, o zaman bəzilərimiz nəinki gündə bir neçə dəfə, bəlkə, aramsız-fasiləsiz onun qapısında yatar, qapısını açar, örtər, salamı salam dalınca verərik…
Bəs necə olur ki, qısa bir müddət üçün bizə rəhbər təyin edilmiş bir adamın gözünə girmək, onun vəd eydiyini əldə etmək üçün bu qədər canfəşanlıq göstəririk, amma bizi yaradan, bizə əbədi səadəti vəd edən Allahın əmrlərini icra etməmək üçün bəhanə axtarırıq?..
Onun bizə yox, bizim Ona ehtiyacımız var!..
Əslində, insan kainatda ən mükəmməl varlıq olaraq yaradılmaqla yanaşı, həm də zəif, aciz, möhtac bir varlıqdır.
“Nə danışırsınız? Gör bir insan nələrə qadirdir, elm və texnikada bu qədər nailiyyət əldə edən, çox sayda xəstəliklərə əlac tapan, təbiətə müdaxilə edib ondan istədiyini əldə edən bir varlığa necə zəif, aciz, möhtac deyə bilərsiniz?” – deyə etiraz etməyə tələsməyin. Gəlin, insanın mahiyyətinə daha yaxından nəzər salaq.
Allahın verdiyi ağıl sayəsində (Bəli, məhz Allahın verdiyi! Çünki ağıl nə mağazada, nə bazarda, nə də apteklərdə satılmır, Allah verməsə, insan onu heç yerdən ala bilməz) çox şeyə nail olan insan nə acizlikdən, nə də zəiflikdən yaxa qurtara bilməmişdir və bilməyəcəkdir…
İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür. Heç kim: “Mən xəstələnmərəm, mən qocalmaram, mən ölmərəm, zəlzələ, tufan, sel mənə heç nə edə bilməz,” – deyə bilməz. İnsan öz bədənindəki gözəgörünməz bir mikroba belə qalib gəlmək iqtidarında deyil…
İnsanın düşmənləri maddi aləmdəkilərlə bitmir, mənəvi aləmində də ona düşmən olan varlıqlar mövcuddur. İnsan bu düşmənləri qarşısında təkbaşına, öz gücü, öz qüvvəsi ilə çox az iş görə bilər. Bir də axı o güc, qüvvə dediyimiz də insanın özünə aid deyildir, mağazada satılmır, bazardan almaq mümkün deyildir. Bunlar insana verilir, insana düşən də ona verilən bu əmanəti qorumaq və lazımi qaydada istifadə etməkdir…
İnsan həm də tənbəl və iqtidarsızdır. Halbuki həyatın yükü ağırdır. Allah insanı yaradarkən onu kainatla sıx əlaqələndirmiş, ona bağlamışdır. İnsan kainatsız var ola bilməz. Halbuki sevdiyi, ünsiyyət qurub özünə yaxın bildiyi varlıqlardan ayrılıq hissi və yoxluq qorxusu daima onu incidir. Ağlı ona yüksək məqsədlər və əbədi meyvələr göstərir, halbuki insanın əli qısa, ömrü qısa, iqtidarı qısa, səbri qısadır…
İnsan aciz olmaqla qalmır, o, möhtacdır, zəifdir. O, daima yeməyə, içməyə, soyuqdan və istidən qorunmağa möhtacdır. Amma bu ehtiyacları ödəyən, insanı bütün bunlarla mübarizə etməyə sözü edən, ona ağıl, bilik, təcrübə qazandıran kimdir? Allah! Elə isə insan həmişə Allaha möhtacdır, Ona borcludur…
Bəs Rəbbimiz bizdən nə istəyir? Yemək-içmək? (Haşa!) Onun belə şeylərə ehtiyacı yoxdur, ümumiyyətlə, O, möhtac deyildir, möhtac olan bizik.
“Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”[2]
“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.”[3]
Yuxarıda deyilənləri ümumiləşdirərkən bir daha təkrar etmək istəyirik:
Onun bizə yox, bizim Ona ehtiyacımız var.
Madam ki, bizim Ona ehtiyacımız var, o zaman namaz kimi çox mühüm ibadətdə bir sıra, bəlkə, xeyli sayda hikmətlərdən bir neçəsinə nəzər salaq.
Namaz dinin, yəni əxlaqın dirəyidir!..
Namaz bütün İlahi dinlərə xas müştərək hökmlərdən biridir. Peyğəmbərlər peyğəmbərlik kimi ağır missiyanı yerinə yetirərkən həmişə namazdan mənəvi güc almışdır. Qurani-Kərim namazın əhəmiyyəti haqqında bəzi peyğəmbərlərin sözlərini əxz edir. Məsələn, Quranda Həzrət İbrahimin belə dua etdiyini oxuyuruq:
“Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!”[4]
Həzrət Loğmanın oğluna verdiyi nəsihətdə də onun belə dediyi qeyd edilir: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”[5]
Bunlardan başqa da Quranda peyğəmbərlərlə əlaqədar olaraq namazın əhəmiyyətindən bəhs edən çox sayda ayə vardır. Qurani-Kərimdə Allah-Təala:
“Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq.”[6] – demişdir.
Həzrəti Musaya xitabən: “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”[7] – demişdir.
Həzrəti İsa ilə əlaqədar olaraq da: “…(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”[8] – buyurmuşdur.
İslamiyyətdə namaz ibadətinə İslamın başlanğıcından etibarən rast gəlinir. Hədis və siyər qaynaqları Rəsulullahın (s.a.s.) müşriklərin təzyiq və təhqirlərinə baxmayaraq, həmişə Məscidi-haramda[9] Hacəri-əsvəd[10] ilə Rükni-yəmani[11] arasında namaz qıldığını, həm peyğəmbərimizin, həm də möminlərin vadilərdə, evdə, tövlələrin və xırman yerlərinin təmiz hissələrində namaz qılmasını, Darul-ərkamı[12] məscidə çevirdiyini qeyd edir. Məkkə dövründə nazil olan bir çox ayələrdə də namazın əhəmiyyətindən bəhs olunur və namaz qılanlara mane olmaq istəyənlərə sərt xəbərdarlıq edilir.[13]
Namaz bütün ibadətləri özündə ehtiva edən nurlu mündəricatdır. Bütün məxluqatın ibadətlərinə işarə edən müqəddəs xəritədir...
(Davamı var)
İzahlar:
[1] “Zariyat” surəsi, 51/56-58.
[2] “Taha” surəsi, 20/132.
[3] “Talaq” surəsi, 65/2.
[4] “İbrahim” surəsi, 14/40.
[5] “Loğman” surəsi, 31/17.
[6] “Bəqərə” surəsi, 2/83.
[7] “Ta ha”, 20/14.
[8] “Məryəm”, 19/30-31.
[9] Məscidi-Haram – Kəbə evi.
[10] Hacəri-Əsvəd – Kəbə divarına qoyulmuş qara daş. Bir rəvayətə görə həmin daş Cənnətdən gəlmişdir. Kəbənin təvaf edilməsi bu daşın yanından başlayır.
[11] Rükni-Yəmani – Hacəri-Əsvədlə Kəbə qapısının arasındakı yer. Hədisi-Şərifdə buyurulur ki, burada edilən dualar dərhal qəbul olunur
[12] Darul-Ərkam – “Ərkamın evi” deməkdir. İslamiyyətin ilk illərində müsəlmanların İslamı öyrənmək üçün toplandıqları ev.