“Kimsə deməsin ki, yazıqlar neyləsin- məcbur olub veriblər. Ağ yalandır- 99 faizi öz istəkləri ilə, könüllü, tamahları, nəfsləri ucbatından veriblər...”
 




“Mənim çox sadə bir sualım var: son onilliklərdə rüşvət verənlərin kütləvi şəkildə ifşa olunması, mühakimə edilməsi barədə niyə cəmiyyətə daha az məlumat çatır? Rüşvət alan məmurun adı çəkilir, vəzifəsi açıqlanır, həbsxanaya göndərilir — yaxşı. Bəs o paketi, zərfi, yaxud diplomatı kim gətirmişdi?..”
 
"Axı rüşvət verən olmasa, rüşvət alan da olmaz!...Yoxsa məsələ tam əksinədir?.. Yəni rüşvət alan olmasa, rüşvət verən də olmaz? Əziz oxucular, siz nə deyirsiz?.."
 
*** **** **** ****
 
-FİKİR SAVAŞI...-
 
...Sizin nəfsinizə lənət! Siz nəfsinizə, Şeytana tabe olub “nazir olum, icra başçısı olum, komitə sədri olum, deputat olum, rektor olum, departament rəhbəri olum, nə bilim, bir az da yuxarı qalxım” eşqinə düşüb bir vəzifə kürsüsü üçün o Ramiz Mehdiyevin başına rüşvət yağdırmasaydınız, o da on illərlə, azı 24 il bütün şər dahiliyini səfərbər edib Azərbaycanın bütün həyati sahələrinə belə ağır zərbələr vurmazdı.  
 
Məsələni yalnız “Ramiz Mehdiyev nə edib?” sualına bağlamaq çox rahatdır. Əsas sual isə budur: “Bəs ona və onun təmsil etdiyi sistemə bu qədər gücü kim verib? Başqa sözlə, ona bu boyda rüşvəti kimlər verib?..”
 
Adama deyərlər, noolsun ki, rüşvət maddəsi ilə cinayət işi qaldırılıb- məhkəmə onun doğrudan da rüşvətxor, korrupsioner olduğunu sübut edib ki,  sən də onu belə ittiham edirsən. Axı, bu ədalətli deyil... 
 
Deyir, palaza sürün, elinən sürün. Hamı danışır- mən də danışıram da- nə edim... Özü də bu gün getmir bu söhbət... Gop olmasın, elə mən gözümü bu dünyaya açandan- 70-90-cı illərdən...
 
Bir də ki, o 70 milyon manat deyirlər e, o çox az məbləğdir – 70-ci illərdən 50 ilə yaxın Azərbaycan kimi bir yağlı ölkədə yağlı rəhbər vəzifələrdə işləyəsən- cəmi-cümlətanı 70 milyon yeyəsən? 70 milyard desəydilər, daha düz olardı...
 
Yaxşı, tutaq ki, Ramiz müəllimin rüşvətxor olduğunu sübut etdik, bəs ona o “n” sayda rüşvət verən gədələrin taleyi necə olacaq- onlar cəzasız qalacaqlar?.. 
 
Kimsə deməsin ki, yazıqlar neyləsin- məcbur olub veriblər. Ağ yalandır- 99 faizi öz istəkləri ilə, könüllü, tamahları, nəfsləri ucbatından veriblər...
 
Sizin nəfsinizə lənət! Onların siyahısını bilsəydim, yaxşı əlimdə yazmağa material olardı- bir 10-15 il əlimə tüpürüb döşüyərdim e...
 
Lenin adına qalxozun baş çobanı Qədimalı kişi deyir ki, bu işlərin çoxunu, yəni o rüşvət verənlərin siyahısını köhnə kişilərdən bilsə-bilsə, İsfəndiyar kişi yaxşı bilər. İsfəndiyar kişinin dediyinə görə isə söhbət yalnız sonradan nazir, icra başçısı, deputat, rektor və başqa vəzifələrə gələnlərdən getmir...
 
Deyilənə görə, hər bir vəzifənin ayrıca “hərracı”, “auksionu” da olub. Biri nazirlik istəyib, biri icra başçılığı, biri deputatlıq, biri rektorluq... Milyonlarla pul ortaya qoyanlar olub, amma auksionda uduzanlar da az olmayıb...
 
Qədimalı kişi deyir:
 
— Ay bala, əsas məsələ budur ki, auksionda uduzanların pulu da həmişə geri qayıtmayıb!..
 
İndi adam düşünür: vəzifə də auksiondadır, pul da milyonlarla ölçülür, uduzanın pulu da qaytarılmırsa, bu nə bazardır belə?.. Bəzisi pulun istədiyinə görə qorxudulub və guya intihar edib, ya özünü asıb, ya da bağ evində ov tüfəngi ilə güllələyib...
 
İndi bir məsələni də açıq deyək: rüşvət alanla yanaşı, rüşvət verən də məsuliyyət daşımalıdır. Azərbaycan qanunvericiliyində də bu, ayrıca cinayət əməli kimi nəzərdə tutulub. Ali Məhkəmənin izahlarında da rüşvət verən şəxsin müəyyən hallarda CM-in 312-ci maddəsi ilə məsuliyyətə cəlb edilə biləcəyi açıq göstərilir.
 
Amma mənim çox sadə bir sualım var: son onilliklərdə rüşvət verənlərin kütləvi şəkildə ifşa olunması, mühakimə edilməsi barədə niyə cəmiyyətə daha az məlumat çatır? Rüşvət alan məmurun adı çəkilir, vəzifəsi açıqlanır, həbsxanaya göndərilir — yaxşı. Bəs o paketi, zərfi, yaxud diplomatı kim gətirmişdi? O milyonları kim saymışdı? O vəzifəyə görə kim “investisiya” qoymuşdu? Kim kimin yanına adam salmışdı? Kim “mənim işimi düzəlt, əvəzində...” demişdi?
 
Axı rüşvət verən olmasa, rüşvət alan da olmaz!...Yoxsa məsələ tam əksinədir?.. Yəni rüşvət alan olmasa, rüşvət verən də olmaz? Əziz oxucular, siz nə deyirsiz?..
 
Bir düşünün: bu gün rüşvət verib vəzifə alan adam sabah həmin kresloda oturub öz verdiyi pulun əvəzini çıxmalıdır. Deməli, rüşvət alanla verən əslində bir-birinin düşməni yox, eyni korrupsiya zəncirinin iki həlqəsidir...
 
İslam dininmizin təbirincə desək, haramı alan da günahkardır, haramı aparan da. Vəzifəni pulla almaq istəyən adam sabah həmin kresloda oturub “Allah rizası üçün” işləməyəcək; əvvəlcə verdiyi milyonları çıxaracaq, sonra üstünə qazanc qoyacaq...
 
Sonra biz təəccüblənəcəyik:
 
— Təhsil niyə belədir?..
 
— Səhiyyə niyə belədir?..
 
— İdarəçilik niyə belədir?..
 
— Ədalət niyə bu qədər bahadır?..
 
Ay qardaş, sən ədaləti pulla almısansa, sabah ədaləti kimə pulsuz verəcəksən?..
 
İndi təsəvvür edirəm ki, həmin rüşvət verənlərin arasında bəlkə də təsadüfən məni tanıyan, küçədə rastlaşanda salam verən adamlar da olub. Gərək əllərimi azı 24 dəfə salavatlayam!.. İndi bu yazını oxuyub deyirlər:
 
Ə, bu nədir, bunun dili niyə yenə sakit durmur?! Biz onsuz da on illərlə qorxu-hürkü içində şəkərimizi, təzyiqimizi, ürəyimizi, nə bilim, canımızı bir təhər salamat saxlamışıq, bu da gəlib yenə əsəblərimizi oynadır! Qoymur qalan çürük ömrümüzü bir təhər başa vuraq. Guya bizi tutsalar, sənə nə faydası olacaq? Yaxandan medal asacaqlar? Ay-hayyy!..
 
Əgər mən bu adamları dəqiq tanısaydım, qarşıma çıxanda üzlərinə tüpürmək istəyərdim. Amma sonra fikirləşirəm ki, bir adamın tüpürcəyi nədir ki? Əgər doğrudan da xalqın sərvətini, dövlətin gələcəyini və insanların haqqını kreslo hərracına çevirənlər olubsa, onların üzünə ən ağır hökmü tarix özü yazmalıdır...
 
Həm də təkcə mənim yox.
 
Bütün xalqın!
 
Çünki rüşvət alan bir nəfərdirsə, rüşvət verənlər onlarla, yüzlərlədirsə, deməli, ortada təkcə korrupsioner məmur yox, bütöv bir nəfs koalisiyası var...
 
Nə edim, Qədimalı kişinin sözü ilə desək, dil də Allahın verdiyi əmanətdir, onu da auksiona çıxarmaq olmaz... Əgər bir gün bu “auksionların” həqiqi siyahısı ortaya çıxsa, məncə, xalqın çox şeyi yenidən düşünməsinə ehtiyac yaranacaq.
 
Kim alıb?..
 
Kim satıb?..
 
Kim vasitəçilik edib?..
 
Kim pul verib?..
 
Kim pul alıb?..
 
Kim susub?..
 
Mənim hədəfim yalnız Ramiz Mehdiyev deyil. Mən ona rüşvət verənləri də axtarıram... Çünki bir nəfərin korrupsiyası bəzən yüz nəfərin nəfsindən qidalanır...
 
Söhbətimziin sonunda Qədimalı kişi axırda çomağını yerə vurub deyir:
 
— Ay oğul, o siyahı açılsa, Lenin adına kolxozun qoyunlarını saymaqdan çətin olar!
 
Mən deyirəm:
 
Hə, qoyunları saymaq asandır, Qədimalı kişi. Əsas o auksionda kimlərin iştirak etdiyini tapmaqdır...
Bunlar cavabsız qalanda biz yenə eyni nağılı danışacağıq: bir neçə “pis adam” tapılacaq, bütün günah onların boynuna yüklənəcək, qalanları isə mələk donunda kənarda dayanacaq...
 
Halbuki Quranda buyurulur: “Həqiqətən, Allah ədaləti əmr edir...”
 
Ədalət isə yalnız rüşvət alanın qapısını döymək deyil. Rüşvət verənin qapısını da döyməkdir.
 
Çünki rüşvət bazarında alıcı olmasa, satıcı da olmaz.
 
Və bəlkə də Azərbaycanın ən böyük siyasi istintaq suallarından biri elə budur:
 
Ramiz Mehdiyevə kimlər rüşvət verirdi?..
 
Qədimalı kişi deyir, siyahını köhnə kişilər bilər.
 
Mən isə deyirəm: onlar bilməsə də, Allah dəqiq bilər...
 
P.S. Tövbə qapısı açıqdır. Amma tövbə yalnız səccadəyə oturmaq deyil; haqqı qaytarmaq, zülmü etiraf etmək və haramdan əl çəkməkdir. Vəzifə kürsüsündən düşüb təsbehə sarılmaqla hesab bağlanmır — Allahın mühasibatı bizimkindən dəqiqdir və ən böyük Hakim də odur, ən böyük məhkəməni o quracaq, onda nə Ramiz kimilər, nə də ona rüşvət verənlər canlarını qurtara bilməyəcəklər...
 
P.P.S. Hər şeyin günahkarı nəfsimizdi... Elə hamımızın nəfsinə, tamahına min lənət!..
 
Sultan Laçın