İşəgötürən və işçi münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri əməkhaqqından aparılan tutulmalardır. Praktikada bəzən bu tutulmaların qanuni əsasları düzgün izah edilmir və müxtəlif inzibati və ya daxili qaydalarla qarışdırılır. Halbuki əməkhaqqından tutulmalar yalnız qanunvericilikdə nəzərdə tutulmuş dəqiq hallarda və müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilə bilər. Bu mexanizm həm işçinin sosial müdafiəsini təmin edir, həm də işəgötürənin hüquqi çərçivədən kənara çıxmasının qarşısını alır. Xüsusilə tutulmaların həcmi və icra qaydaları bu sahədə əsas hüquqi balansı müəyyən edən vacib məqamlardandır.


Maraqlıdır, praktikada bir çox işəgötürən müxtəlif bəhanələrlə əməkhaqqında kəsintilər edir. Qanunvericiliyə görə işçinin maaşından hansı hallarda tutulma aparıla bilər və hansı hallarda bu, işçinin əmək hüquqlarının pozulması hesab olunur?






Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Araz Nurməmmədov açıqlama verib. 


Hüquqşünas bildirib ki, işəgötürənlər müxtəlif bəhanələrlə əməkhaqqından kəsintilər edirlər. Əmək Məcəlləsinin 175-ci maddəsində əməkhaqqından tutulmalara yol verilən hallar və onların məcburi icrası qaydası ilə bağlı müddəalar öz əksini tapıb:


"Həmin maddədə göstərilir ki, əməkhaqqından müvafiq məbləğlərin tutulması, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yalnız işçinin razılığı ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri əsasında həyata keçirilə bilər. Bəzən işçinin işə 5-10 dəqiqə gecikməsinə görə müxtəlif cərimələr tətbiq olunur. Yaxud satıcının oturmasına, müştəri ilə kobud və ya qeyri-etik davranmasına görə cərimələr yazılır. Bunların hamısı işçinin əməkhaqqı hüquqlarının məhdudlaşdırılması hesab olunur. Əgər bu tutulmalar işçinin razılığı olmadan həyata keçirilirsə – burada söhbət yazılı razılıqdan gedir – həmin tutulmalar qanun pozuntusu sayılır. Lakin qanunvericilikdə nəzərdə tutulmuş vergilər, sosial sığorta haqları, icbari ödənişlər mövcuddur.


Həmçinin şəxsin müəyyən təşkilata və ya dövlət orqanına borcu, inzibati cərimələri ola bilər ki, bunlar da əməkhaqqından tutulmaya yönəldilə bilər. Bu zaman tutulmalar məhkəmə qərarı və ya digər icra sənədləri əsasında həyata keçirilir. Burada həm notariusun icra qeydi əsasında, həm də məhkəmə qərarı əsasında icra məmurunun göndərdiyi sənəd üzrə əməkhaqqından tutulma aparıla bilər. Bundan başqa, şəxsin həmkarlar ittifaqına üzvlük haqqı ola bilər və ya kollektiv müqavilədə nəzərdə tutulmuş müəyyən ödənişlər mövcud ola bilər. Habelə ezamiyyətə göndərilmiş şəxsə avans şəklində verilən ezamiyyət xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalan hissəsi geri tələb oluna bilər".


Araz Nurməmmədov vurğulayıb ki, bu kimi hallarda da əməkhaqqından tutulma mümkündür:


"Ümumiyyətlə, bu tutulmaların minimum və maksimum hədləri müəyyən edilib. Qanunvericilikdə göstərilir ki, tutulmalar əməkhaqqının 20 faizindən, bəzi hallarda isə 50 faizindən artıq ola bilməz. Bununla yanaşı, bəzi xüsusi hallarda, xüsusilə aliment tutulduqda, sağlamlığa vurulmuş ziyanın əvəzinin ödənilməsi zamanı, ailəni dolandıranın ölümü nəticəsində zərər çəkmiş şəxslərə kompensasiya ödənildikdə, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı və islah işləri cəzası çəkilən şəxslərlə bağlı hallarda — əməkhaqqından tutulmalar qanunvericiliklə daha yüksək həddə, yəni 70 faizədək aparıla bilər.

Bu hallarda qanunvericilik əməkhaqqının 70 faizinə qədər tutulmaya yol verir. Digər hallarda isə işçinin əməkhaqqından qanunsuz tutulmaların aparılması onun əmək hüquqlarının pozulması hesab edilir".


Pərvin Şakirqızı