Ailə mübahisələri zamanı uşağın kimin himayəsində qalacağı məsələsi ən həssas və mübahisəli hüquqi mövzulardan biri kimi ön plana çıxır. Cəmiyyət arasında isə bu tip hallarda valideynlərdən birinin davranışlarının, xüsusilə xəyanət iddialarının məhkəmə qərarlarına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Maraqlıdır, Azərbaycan qanunvericiliyinə əsasən, həyat yoldaşlarından birinin xəyanət etməsi uşağın himayəsi və ya valideynlik hüquqları ilə bağlı məhkəmə qərarlarına təsir göstərə bilərmi, xəyanət faktı uşağın anadan və ya atadan alınması üçün hüquqi əsas sayılır? Yoxsa məhkəmə bu məsələdə əsasən uşağın mənafeyini, valideynlərin həyat şəraitini və tərbiyə imkanlarını nəzərə alır?
Mövzu ilə bağlı Moderator.az-a Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov açıqlama verib.
Hüquqşünas bildirib ki, valideyn məsuliyyəti valideyn (ata, ana, qanuni nümayəndə) üzərinə düşən hüquq və məsuliyyət kimi başa düşülür.
Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir:
"Bu məsələdə hər hansı iş bögüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir. Valideynlərin uşaqlara təhsil verməsi bir borc olaraq Ailə Məcəlləsinin 58-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, bu hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsində təsbit olunmuşdur. Belə ki, övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifələri kimi müəyyən edilmişdir. Valideyn məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur.
Uşağın hansı valideynin yanında saxlanılması barədə Ailə Məcəlləsində valideynlik hüququndan məhrum etmə və valideynlik hüquqlarının məhdudlaşdırılması institutları mövcuddur. Valideynlik hüquqlarından məhrum etmənin əsasları məhduddur - öz valideynlik vəzifələrini yerinə yetirmədikdə alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə;uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə".
Fariz Əkbərov vurğulayıb ki, valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir:
"Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Uşağın hansı valideynin yanında qalması (ayrı yaşayın valideynlər və nikah pozulduğu halda) kimi məsələlər tərəflərin qarşılıqlı razılığı əsasında həll olunur, bununla bağlı mübahisə olduqda məhkəmə qaydasında həll olunur. Hər bir halda məhkəmə nikah pozularkən tələb irəli sürülməsindən asılı olmayaraq həmin məsələni qətnamə ilə həll etməlidir. Bir valideynin digər valideynə qarşı uşağın alınması və onun himayəsinə verilməsinə dair istənilən vaxt iddia qaldırmaq hüququ vardır.
Ümumiyyətlə, hər bir halda yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla bunlar nəzərə alınmalıdır - uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq əsas ola bilməz. Uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur".
Pərvin Şakirqızı