“Ermənistanın atılmağa çalışdığı qatara Azərbaycanın minməsi strateji uzaqgörənlik yox, geo-siyasi səhv olardı...”
05 Jun 2026, 09:29 8 baxış 5 dəq oxuma
“Əgər qurum həqiqətən böyük iqtisadi uğur modeli olsaydı, onun üzvləri Aİİ-dən çıxmağın yollarını axtarmazdı...”
“Rusiyanın Cənubi Qafqazdakı forpostu” məsələsinə gəldikdə isə, bu ifadə emosional səslənsə də, müəyyən risk mövcuddur. Azərbaycan Aİİ-yə qoşulsa, beynəlxalq aləmdə bir çoxları bunu Rusiyanın regional inteqrasiya layihələrinə siyasi yaxınlaşma kimi qəbul edəcək...”
“Rusiyanın Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını istəməsinin əsas səbəbi Azərbaycanın rifahı deyil, Rusiyanın Cənubi Qafqazda zəifləyən təsirini bərpa etmək istəyidir. Moskva son illərdə Ermənistanı böyük ölçüdə itirib. Gürcüstanı yenidən öz təsir dairəsinə qaytarmağa çalışır, amma bunun nə ilə nəticələnəcəyini bilmək olmaz. Belə bir şəraitdə Azərbaycanı Aİİ-yə cəlb etmək Rusiyanın regionda əsas geosiyasi qazancı olardı. Moskva da məhz bunu istəyir. O həm də Azərbaycanla Ermənistan arasında gedən sülh prosesində itirmiş olduğu mövqeləri bərpa etmək istəyir. Bununla da hər iki dövləti öz təsir dairəsində saxlamağa cəhd edir.”
Amerikada yaşayıb fəaliyyət göstərən həmyerlimiz, konfliktoloq professor Əli Əskərli bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında "Xəbər verildiyi kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına yardım göstərməyə hazırdır. Sizcə, belə bir şey mümkümdürmü? Ermənistan çıxmağa çalışdığı quruma bizim daxil olmağımız sabah “Rusiyanın Cənubi Qafqazdakı forpostu” da adlandırılmağımıza gətirib çıxarmaz ki?” sualını cavablandırarkən ifadə edib.
“İqtisadi baxımdan Azərbaycanın Aİİ-yə daxil olmasından əldə edəcəyi faydalar məhduddur. Azərbaycanın əsas enerji bazarları Avropa və Türkiyədir. Azərbaycanın xarici siyasətinin əsas üstünlüyü isə heç bir bloka tam üzv olmadan manevr edə bilməsindədir. Aİİ-yə daxil olmaq Azərbaycanın bu manevr imkanlarını daraldar və ölkəni Moskvanın iqtisadi-siyasi orbitinə daha çox bağlayar”,-deyə davamında siyasi təhlilçi bildirib.
Əli Əskərli Ermənistanın çıxmağa çalışdığı təşkilata Azərbaycanın daxil olmasının müəyyən paradoks yarada biləcəyini diqqətə çatdırıb:
“Ən maraqlı məqam isə budur ki, Ermənistanın özü illərdir Aİİ-dən uzaqlaşmağa çalışır. Əgər qurum həqiqətən böyük iqtisadi uğur modeli olsaydı, onun üzvləri Aİİ-dən çıxmağın yollarını axtarmazdı. Bu mənada Ermənistanın çıxmağa çalışdığı təşkilata Azərbaycanın daxil olması müəyyən paradoks yaradar. Yenə də qeyd edək ki, Azərbaycanla Ermənistanın iqtisadi ehtiyacları da müəyyən qədər fərqlənir. Əslində, Ermənistanla müqayisədə Azərbaycan iqtisadi baxımdan Rusiyadan daha az asılıdır. Deməli, Azərbaycan belə bir quruma üzv olmağa daha az ehtiyac hiss edir...”
“ “Rusiyanın Cənubi Qafqazdakı forpostu” məsələsinə gəldikdə isə, bu ifadə emosional səslənsə də, müəyyən risk mövcuddur. Azərbaycan Aİİ-yə qoşulsa, beynəlxalq aləmdə bir çoxları bunu Rusiyanın regional inteqrasiya layihələrinə siyasi yaxınlaşma kimi qəbul edəcək. Xüsusilə Qərbdə belə bir addım Azərbaycanın balanslaşdırılmış xarici siyasətdən uzaqlaşması kimi şərh oluna bilər”- siyasi təhlilçi belə deyib.
“Unutmamaq lazımdır ki, Azərbaycan müstəqilliyini məhz böyük güclərin inteqrasiya, blok və müttəfiqlik layihələrindən kənarda qalmaqla və balans siyasəti aparmaqla qoruyub saxlamağa nail olub. Son 30 ildə Bakının ən böyük uğurlarından biri Moskvanın, Brüsselin, Vaşinqtonun və hətta Ankaranın heç birinin peykinə çevrilməməsi olub. Aİİ-yə üzvlük isə ilk dəfə olaraq bu balansın pozulması riskini yarada bilər. Bu səbəbdən mənim fikrimcə, Azərbaycanın marağı Aİİ-yə üzv olmaqda deyil, bütün tərəflərlə əməkdaşlıq edib heç bir tərəfin layihəsinə tam və birtərəfli şəkildə bağlanmamaqdadır. Türkiyə ilə müttəfiqliyimizi bu kateqoriyaya daxil etmədiyimi vurğulamaq istəyirəm, çünki burada bərabərhüquqlu bir ittifaqdan söhbət gedir. Aİİ-yə gəldikdə isə, Ermənistanın atılmağa çalışdığı qatara Azərbaycanın minməsi strateji uzaqgörənlikdən daha çox geo-siyasi səhv olardı”, - konfliktoloq professor vurğulayıb.