"Qlobal istiləşmə dünyanın ən böyük qapalı su hövzəsini ciddi təhlükə ilə üz-üzə qoyur..."
Birləşmiş Millətlər Təşkilatının ekspertləri Xəzər dənizinin gələcəyi ilə bağlı ciddi narahatlıq ifadə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "kz.kursiv.media" nəşri yazıb.
Xəzər geri çəkilir
Nəşr yazır ki, iqlim dəyişiklikləri Xəzər dənizinin səviyyəsinin uzunmüddətli azalmasına səbəb olur. Bu proses regionun ekologiyasına, iqtisadiyyatına və milyonlarla insanın həyatına təsir göstərə bilər. Mütəxəssislərin qiymətləndirməsinə görə, dəniz səviyyəsinin azalması ən azı qarşıdakı 50 il ərzində davam edə bilər. Əsas səbəb kimi qlobal istiləşmə, temperaturun yüksəlməsi və suyun buxarlanmasının sürətlənməsi göstərilir.
Son illərdə peyk görüntüləri Xəzərin bir sıra sahillərində kilometrlərlə ərazinin sudan azad olduğunu nümayiş etdirir. Bəzi limanlar və balıqçı məntəqələri əvvəlki sahil xəttindən xeyli uzaqda qalıb. Alimlər xəbərdarlıq edirlər ki, proses davam edərsə, regionun ekosistemi ciddi dəyişikliklərlə üzləşə bilər.
Xəzər dünyanın ən böyük qapalı su hövzəsidir və planetdə qalan nərə balıqlarının təxminən 90 faizi burada yaşayır. Buna görə də dənizin səviyyəsinin azalması təkcə sahilyanı ölkələr üçün deyil, qlobal biomüxtəliflik baxımından da mühüm problem hesab olunur.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsinin ofisinin baş müşaviri Faiq Mütəllimov bildirib ki, Xəzər dənizi region xalqlarının tarixi, mədəniyyəti və həyat tərzinin ayrılmaz hissəsidir və onun qorunması ümumi məsuliyyət tələb edir.
İqlim böhranı yeni təhlükələr yaradır
BMT-nin yaydığı hesabatlarda diqqət yalnız Xəzərlə məhdudlaşmır. Təşkilatın məlumatına görə, son 11 il müşahidələr tarixində ən isti dövr olub. Hazırda dünyada hər il təxminən 500 min insan isti hava dalğalarının yaratdığı fəsadlar nəticəsində həyatını itirir.
Bu təhlükəyə qarşı mübarizə məqsədilə BMT-nin Ətraf Mühit Proqramı və Paris meriyası "50@50" təşəbbüsünü işə salıb. Dünyanın 50-dən çox şəhəri 50 dərəcəyə çatan ekstremal istilərə hazırlıq proqramına qoşulub. Layihə çərçivəsində erkən xəbərdarlıq sistemləri yaradılır, şəhərlərdə sərin zonalar formalaşdırılır və istiliyi əks etdirən materiallardan daha geniş istifadə edilir.
Ekspertlərin fikrincə, iqlim dəyişiklikləri yaxın onilliklərdə təkcə temperaturun yüksəlməsinə deyil, su ehtiyatlarının azalmasına, kənd təsərrüfatında problemlərin artmasına və əhalinin miqrasiyasına da səbəb ola bilər.
Ekoloqlara təzyiq və yeni tədqiqatlar
BMT İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk bildirib ki, bir çox ölkələr ətraf mühitin qorunması ilə bağlı iddialı məqsədlər elan etsələr də, eyni zamanda ekoloji fəallara qarşı təzyiqlər artır. Onun sözlərinə görə, son üç ildə dünyada yüzlərlə ekoloji fəal öldürülüb və ya itkin düşüb, onlarla ölkədə insanlar təbiəti qoruduqlarına görə həbs olunublar.
Bu arada Xəzərdə baş verən dəyişiklikləri daha dərindən araşdırmaq məqsədilə Qazaxıstanda 2025-ci ildə Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu fəaliyyətə başlayıb. İnstitutun əsas vəzifəsi dənizin dayazlaşmasının səbəblərini öyrənmək, ekosistemin vəziyyətini izləmək və Xəzərin qorunması üçün elmi həllər hazırlamaqdır.
Mütəxəssislər hesab edirlər ki, Xəzərin taleyi qarşıdakı onilliklərdə region ölkələrinin əməkdaşlığından və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizənin nə dərəcədə effektiv olacağından asılı olacaq. Hazırkı meyllər isə dünyanın ən mühüm su hövzələrindən birinin ciddi sınaq qarşısında olduğunu göstərir.