“Qarabağı azad etdik! -  Naxçıvanımızı boşaldırıq?..”
 




Və ya, Prezidentimiz cənab İlham Əliyevin möhtəşəm Zəngəzur siyasətinə əngəl olanlar kimlərdir?.. 
 
“Naxçıvanda kəndlər boşalıb, kənd təsərrüfatı zəifləyib, əkin torpaqları boş qalıb, tikinti sektoru çöküb, fundamental işlər aparılmır, istehsal sahələri, dayanıqlı iş yerləri yaradılmır, ailələr parçalanır, ailə başçısı olan kişilər çörəkpulu, iş yeri axtarışı üçün ev-eşiklərini tərk edirlər, xaricə, ən şanslı halda, Bakıya üz tuturlar...”
 
44 günlük Qarabağ savaşında uğurlu Zəfərə nail olmuş Ali Baş Komandanımız Dövlətimizin Başçısı cənab İlham Əliyevin və xalqımızın növbəti hədəfi - Zəngəzur dəhlizinin açılması, uzun illərdir Azərbaycanın bütün regionlarından və paytaxt Bakıdan coğrafi baxımdan ayrı düşmüş Naxçıvan Muxtar Respublikasının kommunikasiya əlaqələrini, ölkə ərazisində insanların maneəsiz gediş-gəlişini bərpa etmək, Naxçıvanın blokadasına son qoymaqdır. Bununla həm də ümumən, Azərbaycanın iqtisadi inkişafına yeni mərhələlər açmaq nəzərdə tutulur. Bu yolda çox aktiv xarici siyasət yürüdülür və danışıqlar gedir... 

Lakin son illər biz nə görməkdəyik? Çox müəmmalı, daha doğrusu, qorxunc bir mənzərə. Naxçıvan bilərəkdən boşaldılır! Niyə bilərəkdən? Çünki Dövlət siyasətimiz bunu göstərmir. Faktlar, sübutlar yetərincədir, məsələn, yuxarıda qeyd etdiyim xarici siyasətimiz. Yaxud, mütəmadi olaraq, təsdiqlənən və həyata keçirilməsi tələb olunan Regionların İqtisadi İnkişaf Proqramı çərçivəsində, Naxçıvana ayrılan yüksək məbləğdə vəsaitlər, sosial islahatlar layihələri və s. Bəs, baxaq görək, nəticə necədir?.. 
 
Problem də elə bundadır. Nəticə ürək ağrıdır, ümidləri söndürür. Naxçıvanımız sürətlə boşalmaqdadır. Naxçıvanlılar isə, əziyyət içində yaşamaqdadırlar. 
 
Görəsən, nədir bu fədakar, zəhmətsevər, vətənpərvər, saf niyyətli insanların günahı? 
 
Mən özüm də, Naxçıvanda doğulub, boya-başa çatmış bir insan kimi, deyə bilərəm ki, uşaqlığımız, gəncliyimiz, 1988-92 -ci illərin ən ağır dönəminə, Leninqrad blokadasından heç də fərqlənməyən, ağır Naxçıvan blokada illərinə təsadüf etdi. Bəli, bizlər, uzun illər boyu, bir dəfə yaşadığımız ömrümüzü işıqsız, qazsız, çörəksiz, uzaq Naxçıvanda əziyyətlə yaşadıq. Ulu Öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıtmasaydı, kim bilir, hansı faciələrlə üzləşəcəkdik. Tarixi xronika bunu sübut edir.
 
Daha sonralar isə naxçıvanlılar 25 ildən çox, despot, diktatura rejiminin anormal siyasətinin əlində zülm çəkdi (mən də özüm daxil olmaqla). Söz-ifadə qadağası, zorakılıq, qəddarlıq və monopoliyanın sərt "qanunları", naxçıvanlıları öz doğma yurd-yuvalarından didərgin saldı... 
Və bu gün, yenə davam edən əzab-əziyyət. Bəs, bu insanlar nə vaxt yaşamalıdırlar?.. 
 
Bunu bilmək lazımdır ki, Naxçıvan yalnız vəzifəli şəxslər, məmurlar və büdcə təşkilatlarından əmək haqqı alanlardan ibarət deyildir… Təəssüflər olsun ki, Bakının-Mərkəzin, bilavasitə, cənab Prezidentin ayırdığı vəsaitlərin nəticəsi görünməməkdədir. Naxçıvanda kəndlər boşalıb, kənd təsərrüfatı zəifləyib, əkin torpaqları boş qalıb, tikinti sektoru çöküb, fundamental işlər aparılmır, istehsal sahələri, dayanıqlı iş yerləri yaradılmır, ailələr parçalanır, ailə başçısı olan kişilər çörəkpulu, iş yeri axtarışı üçün ev-eşiklərini tərk edirlər, xaricə, ən şanslı halda, Bakıya üz tuturlar. Bəs, büdcədən əmək haqqı və pensiya müavinəti almayan uşaqlı ailələri düşünəndə hansı hissləri keçiririk?.. 
 
Bütün bunlar azmış kimi, bir də yol, təyyarə, uçuş problemləri yaşanmaqdadır. İnsanlar hava limanlarında saatlarla gözlədilir, bəzən oturacaqlarda yatıb, gecələyir, bilet tapa bilmirlər. Sözünü deyib, haqqını tələb edəndə isə, aqressiya və hörmətsizliklə üzləşir…
 
Bu işlərin arxasında dayananlar kimlərdi? Vətənimizin firavan, bütöv, rahat həyatını, Azərbaycanın inkişafını əngəlləməyə can atanlar, kimlərdir? Əlbəttə, ki, Xalq-Dövlət Birliyini istəməyənlər!
 
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanı boşaltmaq yox, ona həyat vermək, inkişaf etdirmək, həmişə çalışqan, zəhmətkeş olan naxçıvanlıları öz doğma yurd-yuvalarına, evlərinə, ailələrinə qaytarmaq lazımdır. 
 
Qərbi Azərbaycana, Zəngəzura qayıdışı arzuladığımız kimi, naxçıvanlıları da, Naxçıvanımıza qaytarmağı düşünməliyik…
 
Təranə Quliyeva,
Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini